Qulluğa qəbul olan namizədlər üçün icbari təlimlərə start verilib - FOTOLAR
Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev icbari təlim prosesi ilə əlaqədar ətraflı məlumat verib.
Təxminən otuz beş gün davam edəcək icbari təlim zamanı namizədlər həm nəzəri biliklərə yiyələnəcəklər, həm də onlar üçün təcrübə və tanışlıq tədbirləri təşkil olunacaq. Yeni və təkmilləşdirilmiş formatda tərtib edilmiş təlim proqramı ilə namizədlər daha çox praktiki bacarıqlar əldə edərək icra, probasiya və qeydiyyat üzrə tabeli və yerli ədliyyə qurumlarının fəaliyyəti, eləcə də məhkəmələrdə icraat qaydası ilə yaxından tanış olacaqlar. İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul ediləcəklər.
Bildirək ki, nazirliyin Müsabiqə Komissiyası tərəfindən yekunlaşdırılan 24-cü müsabiqənin söhbət mərhələsində iştirak edən 89 namizəddən 64 nəfəri uğur qazanaraq icbari təlimlərə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə