"Labulabu" oyuncaqları uşaqlarda aqressiyanı artırır? - PSİXOLOQ ŞƏRH ETDİ
"Uşaqlar arasında populyarlaşan “labulabu” kimi yumşaq və yapışqan teksturalı oyuncaqların psixoloji təsiri ilə bağlı cəmiyyətdə müxtəlif suallar yaranmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bu tip oyuncaqların aqressiyanı artırması birbaşa deyil, daha çox uşağın bu oyuncaqlarla necə oynadığı və valideyn nəzarətinin olub-olmaması ilə əlaqəlidir: "Əgər uşaq bu oyuncaqlardan düzgün istifadə edirsə, onlar sensor inkişaf, diqqətin cəmlənməsi və stresin azaldılması baxımından faydalı ola bilər. Lakin “labulabu” oyuncaqları ilə həddindən artıq, nəzarətsiz və məqsədsiz şəkildə oynaması, bəzi uşaqlarda aqressiv davranışların artması ilə nəticələnə bilər. Məsələn, bu oyuncaqların parçalanması, atılması və ya zorakı hərəkətlərlə istifadə edilməsi uşaqda aqressiv davranış modelinin formalaşmasına təsir edə bilər.
Valideynlərə və pedaqoqlara tövsiyə olunur ki, uşaqların bu cür oyuncaqlarla oyun zamanı davranışlarını müşahidə etsinlər. Əgər uşaq “labulabu” oyuncaqlarından sadəcə əyləncə və rahatlama vasitəsi kimi istifadə edirsə, bu, narahatlıq doğurmaz. Amma əgər uşaq bu oyuncaqları qəzəb, əsəb və ya aqressiv impulsları boşaltmaq vasitəsinə çevirirsə, bu zaman psixoloji yanaşma və istiqamətləndirmə zəruri olur.
Nəticə olaraq, “labulabu” kimi oyuncaqların aqressiya yaratması uşağın daxili emosional vəziyyəti, ailə mühiti və ümumi davranış tərzi ilə birbaşa bağlıdır. Oyuncağın özü aqressiya yaratmır, amma düzgün yanaşma olmadıqda mövcud aqressiyanı stimullaşdıra bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə