"Yas mərasimləri dini adətlərlə təyin edilmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yas mərasimləri əsas etibarilə dini adətlərlə təyin edilmir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O, bildirib ki, yas mərasimləri xalqın qədimdən bir-birinin dəstəyinə ehtiyacı olmasını nəzərə alaraq yaradılmış ritual, mərasimlər, adətlərdir: "İnsanlar bir-birinə dəstək, kömək olurlar, pul yığaraq yüklərini yüngülləşdirirlər. Yas mərasimlərində verilən ehsanlar bir şərtlə ehsan hesab olunur ki, bu mərasimlərdə niyyət, məqsəd müəyyən qədər dini təbliğat olsun.

Əksər insanlar məscidlərə getmirlər. Onların dini təlimlərlə tanış olması, öyrənməsi üçün yeganə yer yas mərasimləridir. Sadə dildə desək, ruhani, molla, namaz, oruc, Quran ilə yalnız yasdan-yasa tanış olurlar, dini mövzuları xatırlayırlar. Ona görə də yas mərasimlərinin keçirilməsinə etiraz etmək ictimai baxımdan çox da məntiqli görünmür. Hədislərdə var ki, yası düşən adamın evində yemək yeməyin, əksinə o, yemək bişirə bilməz, onun vaxtı olmaz, qəmli olduğu üçün əhval-ruhiyyəsi yemək bişirməyə münasib olmaz. Ona görə siz yemək bişirib aparın. Lakin bu qadağalar haram deyil. Dini hökmlərin bəziləri halal, bəziləri haramdır. Bu, haram kateqoriyasına daxil deyil. Məkruh kateqoriyasına daxildir. Yəni daha yaxşı olar ki, edilməsin, daha yaxşı olar ki, yası düşən adamın evində yemək yeyilməsin. Əksinə oraya yemək aparılsın".

Onun sözlərinə görə, məkruh elə işdir ki, etməsən daha yaxşıdır, amma etsən cəzası yoxdur: "İkincisi də, camaat deyir: "mən ehsanı evimdə vermirəm ki, xeyir-şər evində verirəm". Məkruh hissəni də aradan qaldırmış olurlar. Xüsusilə bunu nəzərə almalıyıq ki, əksər insanların dini, İslami bilikləri yas mərasimlərində formalaşır. Kobud formada desəm, əgər yas mərasimləri olmasa, bəziləri, ümumiyyətlə, bilməz ki, din, iman, Quran, əhkam nədir. Bu nöqteyi nəzərdən yas mərasimlərinin keçirilməsinə etiraz etmək məntiqli deyil. Təbii ki, israfçılığa yol verməmək lazımdır. Həddindən artıq yemək-içməyin verilməsini kəsmək lazımdır.

İslam tarixində də bunun nümayəndələri çoxdur. Hətta biz İslami mətnlərdə rast gəlirik ki, üçüncü xəlifə Osman ibn Əffan öldükdən sonra təxminən bir il müddətində Mədinədə yaslar, ehsanlar verildi. Bunların hamısı İslam tarixində qeyd olunub".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə