"Yaşıl bazar"da bayram bazarlığı neçəyə başa gəlir? - REPORTAJ

Artıq bayrama sayılı günlər qalıb. Paytaxtın müxtəlif yerlərində Novruz bayramına hazırlıq prosesi gedir. Biz bu gün Yaşıl bazardayıq. Gəlin görək, Yaşıl bazarda bayram süfrələrinin bəzəyi çərəzlərin qiyməti necədir? Satıcılar satışlardan, alıcılar isə qiymətlərdən razıdırlarmı? SİA olaraq qiymətləri öyrənmək üçün "Yaşıl bazar"a yollandıq.

Satıcı İlkin Novruzov: "Alıcılıq qabiliyyəti normaldır. Keçən il az idi. Pandemiyadan sonra insanlarda soyuqluq var idi. Bu il maşallah əhval-ruhiyyə yaxşıdır. Alıcılar da var, gəlirlər. Balıq da əvvəlki illərlə müqayisədə daha boldur. Əvvəl 3-4 çeşid var idisə, indi 20-yə yaxın çeşid var. Həm yerli, həm də xaricdən gələn məhsullarımız var. Yerli təsərrüfatlarımız da inkişaf edib. Yaxşı balıq məhsulları əldə edirik. Ona görə bazarda kifayət qədər balıq var. Qiymətlər də normaldır. Keçən ilə nisbətən bu il qiymətlərdə 3-5 manat enmə var. Ona görə ki, xaricdən çoxlu balıq gəlir. Sazan balıqları yerli təsərrüfatda istehsal edirdilər. Yemlər baha gəlirdi. İndi Astarxandan, Rusiyadan gəlir, qiymət 50% aşağı enib. 8-10 manat arası alıb 12-13 manat arası satırdıq. İndi 6-7 manat arası alırıq, 8-10 manat arası satırıq. Farel balıqları öz təsərrüfatımızda baha gəlir, yemlə bağlıdır. 16-17 manatdır. İrandan 11 manata gəlir. Bu da müştəriləri qane edir. Kütüm balıqları isə azalıb. Bizim ləvənginin ən böyük simvolu sayılır. Az olduğu üçün indi İrandan gəlir. Həm də qiymətdə enmə var. Bütün balıqlar standart, eyni qiymətdir. Enmə var ki, artım yoxdur".

Alıcı Hamlet Həsənov: "Qiymətlərdən hələki razıyıq. Alış-veriş etdikcə görəcəyik. Bayram üçün bazarlığı bu gün edirik. Çərəzlərin təmizlənmişi, ya da qabıqlısının fərqi yoxdur. Eyni qiymətdir. Mən həmişə bayram bazarlığını "Yaşıl bazar"dan edirəm".

Alıcı Abdullayeva Ləman: "İndi gəlmişəm bazara. Göyərti almışam, mənim üçün maraqlı olan göyərtidir. Qiymətlər də yaxşıdır. Keçən il "Yaşıl bazar"dan alış-veriş etməmişdim. Keçən illə müqayisədə qiymətlər daha ucuzdur. Məsələn, mən ləpə, çərəzlər almışam, bu il daha münasibdir".

Alıcı Aprel Məhərrəmov: "Bayram bazarlığı etmişəm. Qiymətlərə də uyğunlaşmalıyıq. Həmişə qiymətləri bayramda artırırlar. Mən çərəzlərdə çox qiymət artımı görmədim, amma meyvələrdə, tərəvəzdə qalxıb. Keçən illə müqayisədə qiymətlər eynidir".

Satıcı Mirvari Ələsgərova: "Keçən illə müqayisədə bu il alıcılıq qabiliyyəti zəifdir. Bizdə göyərtidir, eynidir qiymətlər.15 qəpiyə də satırıq, 6-sı bir manata. 20 qəpiyə də satırıq. Göyərti bundan artıq artmır. Həmişə bayram bazarlarında addım atmağa tər olmur. İndi zəiflikdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə