Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Əslində, sosial şəbəkələrin hər birinin özünəməxsus qayda-qanunları var və hər kəs bunlara əməl edərsə, heç bir problem yaşanmaz. Yəni, sui-istifadə halları, saxta adlarla qeydiyyatdan keçmək, istifadəçilərin qeyri-etik ifadələrdən istifadə etməsi, yalan xəbərlərin paylaşılması və s. sosial şəbəkələrdə qadağan olunmuş davranışlardır. Amma təəssüf ki, dünyanın heç bir yerində, o cümlədən, Azərbaycanda bu qadağalara məhəl qoyulmur və bəzi şəxslər ya qruplar öz məqsədləri üçün sosial şəbəkələrin demokratikliyindən sui-istifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, vaxtilə bunun qarşısını almaq üçün təkliflər irəli sürülüb: "Sosial şəbəkələrdə saxtakarlıqların qarşısını böyük hesabla ala bilmək üçün istifadəçilərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsi vacibdir. Bu yolla artıq təsadüfi adamların saxta adlar altında fəaliyyətini əngəlləyə biləcəyik. Çünki saxta ad altında gizlənənlər məsuliyyətdən yayına bilirlər. Ona görə də həmin şəxslər ağına-bozuna baxmadan başqalarını təhqir edir, yalan informasiyalar yayır, cəmiyyəti körükləndirən paylaşımlar edirlər".

"Halbuki insanlar şəxsiyyət vəsiqələri ilə, yəni kimlikləri tanınacaq şəkildə qeydiyyatdan keçərsə, məsuliyyət hissini arxa plana keçirə bilməyəcəklər. Anlayacaqlar ki, atacaqları hər bir addıma görə cavab verə bilərlər. Təbii ki, söhbət sui-istifadə hallarından gedir. Normalda isə heç kim bir başqasının azadlığına müdaxilə etmir və edə bilməz. Azərbaycan dövlətində bu azadlıqlar Konstitusiya ilə təminat altına alınır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə