Abort etdirmək hansı hallarda günah sayılır? - QMİ RƏSMİSİ AÇIQLADI

"Təbii ki, duamız odur ki, Allah bütün evlərə övlad nəsib etsin". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, Allah övladlarımız üçün nə arzumuz varsa, onu xeyir və bərəkətlə bizə qismət eləsin: "Dinimiz, şəriətimiz dünyaya gələcək uşaqlarında qüsur olması səbəbindən abort edilməsinə icazə ilə bağlı o açıqlamanı verir ki, əgər həkimlər qərar versə ki, bu uşaq ana üçün təhlükəlidir, onu dünyaya gətirmək risk yaradacaq, yaxud uşaq elə qüsurludur ki, onun yaşama ehtimalı da sual altında olacaq, həkimlərin qərarı ilə uşaq ana bətnindən xaric edilməli, elmi dildə abort olmalıdır. Əgər həkimlər belə qərara gələrlərsə, o addımı atmaq olar. O zaman dində, şəriətimizdə icazə var.

Bu gün bizə məlum olur ki, bir çox valideynlər dünyaya gələcək uşaqlarının cinsini təyin edəndə qızdırsa, onu abort edirlər, istəmirlər. Bu hallar günahdır. İslam dinində də bir insan öldürmək qədər günahı var. Səbəbsiz yerə uşağın abort olunmasına İslam dinimiz icazə vermir. Əgər insanlar öz istəkləri ilə uşağın abort olunmasına qərar verərsə, həm həkim, həm də valideynlər günahkardır. Bunun haqqı ödənilməlidir, necə ödənməsi də çətin məsələdir. Ona görə də birmənalı olaraq abort etmək olmaz. İslam dinində buna icazə verilmir. Hətta ana bətnində o damlanın övlad olacağı qərarlaşırsa, artıq məlumdur ki, ana hamilə qalıb o rüşeymin belə oradan xaric edilməsinə dinimiz icazə vermir, bunu günah hesab edir".

"Günah nədir? Əgər günahı izah etsək, açıqlasaq, Allahın qanunlarına qarşı çıxan hər hansı əməl Allah və Peyğəmbərin buyurduqlarına qarşı atılan hər hansı addım günah hesab olunur. Allah qatında da bunun cəzası var. Günahlar müxtəlifdir, böyük və kiçik günahlar var. Bəzi alimlər buyurub deyirlər ki, böyük və kiçik günah yoxdur. Günah günaha nisbilikdə böyük və kiçikdir. Günah üçün müqəddəs "Qurani-Kərim"də cəhənnəm odu vəd edilir. Böyük səhvlər böyük, kiçik səhvlər də kiçik günahlar hesab olunur. İslam dinində də elə günahlar var ki, tövbə edərsən bu dünyada bağışlanar. Elə günahlar var ki, onların bağışlanması çətin məsələdir. Allahla sənin aranda qalır. Qul haqqı yemək və onu qaytarmamaq kimi hallarda mütləq qarşı tərəf onu sənə bağışlamalıdır. Bağışlamasa, Allah da onu keçməz. Valideynlər övladın etdiyi səhvləri bağışlamasa, Allah da keçməz. Ona görə də günahlar fərqlidir. Günah Allahın, Peyğəmbərin qanunlarına zidd və dünyəvi səviyyədə də dünyanın hüquq qanunlarına qarşı çıxmaq da günah hesab olunur. Bunun üçün də məhkəmələr, cəzalar, həbslər nəzərdə tutulur. İnsanın günahı varsa, günahını etiraf, tövbə etməlidir. Birinə qarşı günah edibsə, ondan halallıq almalı, haqqını ödəməlidir. Mütləq tövbə və istiğfar, qarşı tərəflə halallaşandan, günahını bərpa edəndən sonra Allahdan da bağışlanmaq istəməlidir ki, Allah da onun səhvini bağışlasın. Allah bizi günahlardan uzaq etsin, haqqa hidayət etsin. Amin" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə