Yeniyetmə qızlar evlərindən niyə qaçırlar? - PSİXOLOQ DANIŞDI

"Son dövrlərdə müxtəlif sosial şəbəkələrdə və televiziya verilişlərində evdənqaçma hallarının artmasının şahidi oluruq. Bu, sanki bir domino effekti kimi getdikcə daha çox yayılır. Statistik dəyərləndirmə aparsaq, evdən qaçan insanlar arasında yeniyetməlik dövründə olan qız uşaqlarının çoxluq təşkil etdiyini görərik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Azərqızı deyib.

Onun sözlərinə görə, uşaqlar xüsusilə, yeniyetməlik dövründə daxili və xarici münaqişələrdən uzaqlaşmaq üçün belə bir riskli addım atırlar: "Onlar evdən qaçmağı bir çıxış yolu və ya ailə üzvlərini cəzalandırma metodu kimi görürlər. Bunun bir sıra psixoloji və sosial səbəbləri ola bilər. Evdən qaçan insanlar arasında bir müşahidə aparsaq, həyəcan axtarışı, ailədaxili münaqişələrə, fiziki və psixoloji zorakılığa məruz qalma, həmyaşıd qrupların, eyni zamanda, sosial şəbəkələrin təsiri, başqa bir evdən qaçan ailə üzvünü nümunə götürmə, ünsiyyət və şəxsiyyət pozuntusu kimi səbəblərlə qarşılaşacağıq. Bəzi yeniyetmələr isə yeni biriylə tanış olur və yaşadığı problemlərdən çıxış yolu kimi həmin insanla qaçmağı görür. Bu isə yeniyetmələrin gələcəyi üçün daha çox psixoloji travmalar yaradır".

Psixoloq sözlərinə davam edərək bildirib ki, yeniyetməlik dövründə olan uşaqlarla yanaşı, öz yaşıdlarından daha kiçik yaş qrupuna məxsus davranışlar sərgiləyənlər də evdən qaçmağa meyil edə bilirlər: "Belə halların qarşısını almaq üçün təbii ki, valideynlər, o cümlədən yeniyetmələrin ətrafında olan digər insanlar daha diqqətli olmalıdır. Yeniyetmələrlə ünsiyyəti artırmaq, onları anladıqlarını hiss etdirməyə çalışmaq lazımdır. Valideynlər mütəmadi olaraq övladlarının müəllimləri ilə maraqlanmalıdır.

Onu da qeyd edim ki, evdənqaçma hallarının baş verməsi ilə yanaşı, həmin yeniyetmələrin evə qayıtması da yeni bir mərhələnin başlanğıcıdır. Bəzən valideynlər evdən qaçan uşaqları cəzalandırır, ona şiddət göstərir və s. Lakin bu cür münasibət həmin uşağın yenidən evdən qaçmasına şərait yaradır. Əgər həmin valideynlər belə hallarla baş çıxara bilmirlərsə, o zaman professional olaraq bir mütəxəssisə müraciət edə bilərlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə