"Bizim maraqlarımız ən yüksək səviyyədə qurulmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Qida gigiyenası qidanın və istehsal olunduğu ətrafın birbaşa və yaxud çarpaz çirklənməsinin qarşısını alan sanitar-texniki normalar sistemidir". Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qida gigiyenası həm istehsal, həm daşınma və saxlanma, satış, istehlak prosesində pozula bilər: "Qida çirklənəndə artıq həmin qida təhlükəyə çevrilmiş olur. Qida təhlükəsizliyinin əsas prinsipləri HACCP sistemi deyilən sistemdə öz əksini tapır. Sovet vaxtı qidanın təhlükəsiz olduğunu bilmək üçün hazır qida, partiya maldan nümunə götürürdülər. Əgər o, təmiz çıxırdısa, deməli, məhsulun hamısı təmizdir. Sonradan məlum oldu ki, bu, heç də effektli deyil. Ona görə qida təhlükəsizliyi sisteminin tarladan, yaxud fermadan istehlakçının masasına qədər qorunması məsələsi önə gəldi. Buna HACCP sistemi deyirlər. Yəni qidanın xammalı tarladan, yaxud fermadan başlayaraq emala, saxlamaya qədər nəzarətdən keçirilir. Qida zənciri nəzarət altında saxlanılır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində qida zəncirinin izlənməsi əsas məsələ kimi götürülür, nəzarət olunur. Nəzarət etmək asan məsələ deyil. Çünki fermadan, tarladan bütün qida zəncirini izləmək praktik cəhətdən mümkün deyil. Qida təhlükəsizliyinin təmin olunması, qidanın çirklənməsinin qarşısının alınması asan məsələ deyil. Qida zəncirində iştirak edən bütün subyektlər AQTA-da nəzarətdə olmalıdır. Bütün bu məsələlər hələ həll olunmayıb".
Sədr bildiib ki, ölkəmizdə qida təhlükəsizliyinin prinsipləri hələ ki, tam həyata keçirilmir. AQTA-nın əsasnaməsində Azərbaycanda istehsal olunan qida mallarının xarici bazara çıxarılması önə çəkilir. Lakin Azərbaycanın cəmi 3-4 məhsulu Avropa bazarına çıxarılır. Təəssüflər olsun ki, 2008-ci ildə qəbul olunmuş "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunun ləğv edilməsi kimi təşəbbüslər var. Kənd Təsərrüfatı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi bu təşəbbüsü qaldırıb. Azad İstehlakçılar Birliyi bu günlərdə cənab Prezidentə, Baş nazirə məktublar göndərəcək. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunun Azərbaycanda əməl olunmasına qarşı bir neçə təşkilatla radikal çıxış edirik. Bu qanunda Azərbaycanda Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının ixracı nəzərdə tutulur. Eləcə də genetik modifikasiya olunmuş orqanizmlər çirklənmiş, ekoloji təmiz olmayan mal kimi şərh olunub. Təəssüflər olsun ki, genetik modifikasiya olunmuş orqanizmlərin ölkədə lobbiçiliyini aparan və Azərbaycana daxil etmək istəyən insan qrupları var. Onlar gizli fəaliyyət göstərirlər. O şəxslər həmin qanunun ləğv olunmasını istəyirlər. Biz buna qarşı iş aparacağıq".
"Restoran və yemək yerlərində qida gigiyenasına mükəmməl əməl olunmur. Biz vaxtaşırı zəhərlənmələr görürük. Əksər hallarda bu zəhərlənmələrin səbəbi istehlakçılar olur. Zəhərlənmələrin qeydiyyati düzgün aparılmır. Azərbaycanda zəhərlənmələrin miqdarı ümumdünya göstəricisindən 700 dəfə azdır. Bütün zəhərlənmələrin mövcudluğu, gözümüzlə gördüyümüz bəzi çatışmazlıqlar onu göstərir ki, qidanın təhlükəsizliyi və gigiyenasına kifayət qədər nəzarət edilmir. Biznes qurumları üçün rahat şərait yaradılıb. İstehlakçı arxa planda qalıb. Həmin biznes qurumları hökumətin yaratdığı şəraitdən sui-istifadə edir. Biz Azad İstehlakçılar Birliyi olaraq bu işlə razı deyilik, biznesi saxlayan istehlakçılardır. Bizim maraqlarımız ən yüksək səviyyədə qurulmalıdır"- deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB