Sosial şəbəkə hedablarının ələ keçirilməsinə qarşı hansı tədbirlər görülə bilər? - TEXNOLOQ AÇIQLADI

"Bir müddət əvvəl Azərbaycanda kütləvi halda istifadəçilərin "WhatsApp" hesablarının bloklanması və ya müvəqqəti məhdudiyyət tətbiq edilməsi ilə bağlı məsələ gündəm oldu. "WhatsApp" hesablarını təkrar aktivləşdirmək üçün qeydiyyat nömrəsinə gələn kodlar da problemə çevrilmişdi. Bir müddət sonra isə Elektron Təhlükəsizlik Xidməti "WhatsApp"la bağlı açıqlama verdi ki, istifadəçilərin qeydiyyatdan keçdiyi zaman istifadə etdiyi mobil nömrələrə göndərilən kodlar ələ keçirilib. Hesablar dədləduzların əlinə keçdikdən sonra isə bir sıra funksionallığı aktivləşdirməklə hesabların sahibləri tərəfindən bərpası proseduruna əngəl törədiblər. Bu məsələdən sonra hesabların təhlükəsizliyi məsələsi yenidən aktuallaşdı və hansı tədbirlərin öncədən görülməsi məsələsinə diqqət yönəldildi". Bu sözləri SİA-ya açıqlamasında texnoloq Fərhad Mirəliyev deyib.

Onun sözlərinə görə, "WhatsApp" təhlükəsizlik məqsədi ilə istifadəçini ilkin olaraq mobil nömrə vasitəsilə yoxlayır və qeydiyyata alır: "Mobil nömrə və ora göndərilən OTP ilkin təhlükəsizlik tədbiridir. Amma göründüyü kimi müasir dünyamızda bu artıq kifayət etmir və əlavə təhlükəsizlik tədbirlərinin alınmasını şərtləndirir. İki mərhələli təsdiqləmə "WhatsApp"-da təhlükəsizlik məqsədi ilə istifadəyə verilmiş funksionallıqlardan biridir. Aktiv etmək üçün hesab tənzimləmələrindən PİN kod təyin edilməsi tələb olunur. İstifadə müddəti boyunca PİN kod mütəmadi olaraq sorğulanır ki, istifadəçi bu kodu unutmasın. İki mərhələli təsdiqləmə aktiv edildiyi zaman "WhatsApp" hesabının təkrar aktivləşdirilməsi təkcə OTP üzərindən deyil, həmçinin PİN kodu da zəruri edir".

"WhatsApp" hesabınızın təhlükəsizliyini təmin etmək üçün aşağıdakılara əməl etmək tövsiyə edilir:

• Heç vaxt qeydiyyat kodunuzu və ya iki mərhələli təsdiqləmə kodunu başqaları ilə paylaşmayın.

• İki mərhələli təsdiqləməni aktivləşdirin və PİN kodu unutduğunuz halda e-poçt ünvanını təqdim edin.

• "WhatsApp" hesabı aktiv olan cihazlarınızı mütəmadi olaraq yoxlayın. Şübhəli bir hal olarsa dərhal müdaxilə edin

• Mobil telefonunuza təhlükəsizlik doğrulaması təyin edin və telefonunuza fiziki giriş ola biləcək şəxsləri nəzarətdə saxlayın. Telefonunuza fiziki girişi olan biri sizin icazəniz olmadan "WhatsApp" hesabınızdan istifadə edə bilər",- deyə texnoloq əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə