Sosial şəbəkələrin populyarlaşması kitaba olan marağı azaldıbmı?

- AÇIQLAMA

"İllər keçdikcə, nəsillər dəyişdikcə düşüncə tərzi, yaşam tərzi, hətta həyat haqqında təsəvvürlərin formatları dəyişir. Bir zamanlar biz kitablardan, qəzetlərdən, jurnallardan ədəbi, bədii-intellektual, elmi məlumatları, əsərləri oxuyurduq, ancaq dövran dəyişdi və kağız kitabdan yayımlanan mətnlər öz yerini elektron kitablara, elektron mətnlərə, sosial mediada, platformalarda mövcud olan yazılara, vizual məlumatlara verdi"- bu sözləri

SİA-ya verdiyi açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, "kitabxana.net" – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
O bildirib ki, klassik, ənənəvi yazı və mütaliə mədəniyyəti öz yerini yeni oxu vərdişlərinə, bacarıqlarına, yeni informasiya vərdişlərinə verməli oldu: "Vaxtilə 100 minlərlə tirajla çıxan kitablara görə ağaclar kəsilirdisə ağıllı adamlar oturub düşündülər və həmin kitabları elektron məntlərlə, kitablarla əvəzlədilər. Bu baxımdan gənclərimizin məlumatları, kitabları, mətnləri kağız formatında deyil elektron formatında istehlak etməsini normal qarşılamaq lazımdır. Bu məsələni yeni texnoloji inqilab kimi qəbul etmək lazımdır. Əslində fərqi yoxdur mətn kağız formatda oxunur, yoxsa elektron avadanlıqda. Əsas olan mətnlə, elmi, ədəbi, informativ mətnlə tanışlıqdır. İnsanın zövqünü, fəlsəfəsini, bacarıqlarını müəyyən edən, dəyişən kitabların hansı formatda yayılmasının elə bir əhəmiyyəti yoxdur. Bu baxımdan gənclərimiz daha çox kitab oxuyur, əvvəlki kimi kağız formatda olmasa belə, elektron formatda kitab oxuyanların sayı kifayət qədərdir".
Yazıçı sözlərinə belə davam edib: "20-ci əsrdə aparılan araşdırma göstərir ki, bir cəmiyyətin inkişaf etməsi üçün onun əhalisinin ən azından 20 faizi kitab oxuyan fərdlərdən təşkil olunmalıdır. Düzdür son dönəmlər həyatımıza daxil olan smartfonlar, yeni kommunikasiya vasitələri, suni zəka və bununla əlaqədar həm mobil, həm internet imkanlarının yaradılması, yeni suni intellekt portallarının işlənib hazırlanması həm mətni hazırlamaq, həm onu yayımlamaq, yaymaq baxımından işlərimizi dəyişdi. Gündəlik həyatda bir-birimizə məktub yazmaq əvəzinə elektron üsullarla əlaqə qurduğumuz kimi artıq məlumat da, bilgi də video və audio formatda, elektron platformalardadır. Yəni yazı, roman, povest öz yerini "yutubdakı" video kontentlərə, verlişlərə, filmlərə verir. Ümumi olaraq yeni texnologiyalar bizdə yeni oxu vərdişləri yaratdı. Məsələn, əvvəllər öz adını yaza bilməyən insanlar indi öz bloqlarıyla, videolarıyla, "tiktok" kontentləriylə bizi heyrətləndirir".
Aydın müəllimin sözlərinə görə, gənclərimizin yetərincə savadı, intellekti var. Yeni dönəmdə elektron kitabxanalar, virtual seminarlar formalaşır: "Məsələn, elə bizim Yeni Yazarlar və Sənətçilər İctimai birliyinin və şəxsən mənim təsis etdiyimiz "kitabxana.net" portalına nəzər salsaq on mindən çox kitabın il boyunca milyon dəfələrlə endirildiyinə şahid olarıq. Yetər ki yeni nəslin nümayəndələri üçün onların zövqünə uyğun, vizual, audioal kontentlər yaradaq. Nə qədər klassik əsərlərin oxunmamasından şikayət eləsək də, məsələn, biz Nizaminin şeirlərindən video kontentlər hazırlaya, bunu gənclərə təqdim edə bilərik. Əfsus ki biz bu məsələlərdə qonşu xalqlarımızdan çox geri qalmışıq.
Bütün dünyada olan oxucu marağı bizim ölkədə də özünü göstərir. Son dönəmlər yerli kitab şirkətlərinin, mağazalarının sayı artıb. Gənclərimiz daha çox detektiv əsərlərə üstünlük verirlər. Daha sonra sırasıyla sevgi-macəra romanları, elmi dərsliklər, əsərlər, dini kitablar, uşaq ədəbiyyatı, kiçik həcmli bədii əsərlər (hekayə, şeir), nəsr nümunələri daha çox rəğbət görür. Bununla yanaşı "motivasiya verici" elmi-kütləvi əsərlər də çox oxunur. Janr baxımından konkret söz demək çətindir. Çünki buna görə böyük, kütləvi kitab sənayesi olmalıdır, bu da əfsus ki Azərbaycanda yoxdur. Lakin Azərbaycan oxucusunun rus dilində, türk dilində əsərlər oxumaq imkanı da var. Şübhəsiz, elektron kitabların kağız kitabları üstələməsi prosesi günü-gündən sürətlənəcək. Necə ki biz Füzulinin, Nizaminin əsərlərini Əlyazmalar İnsitutundan, divanlardan oxumuruq, eləcə də kağız formatında olan kitablar da gənc nəsil üçün sadəcə "eqzotik" səciyyə daşıyacaq. Bunu da normal qarşılamaq lazımdır. Həyat daim dəyişikliyə məruz qalır. Biz də bu dəyişikliklərə uyğunlaşmağa, təzə şəraitin tələblərinə cavab verməyə məcburuq".
Mövzu geniş və çoxşaxəli olduğundan, məsələyə daha da yaxından vaqif olmaq üçün açıqlamamıza kitab satıcısı, "Kitabal" online kitab mağazasının və "Kosmo" nəşriyyatının direktoru, İlkin Tomarın da açıqlamasını əlavə etmək qərarına gəldik.

Həmin açıqlamanı təqdim edirik: "Azərbaycanda gənclər arasında kitablara maraq ötən illərə nisbətdə xeyli artıb. Sosial şəbəkələr 5-6 il əvvəl bu qədər aktiv istifadə olunmurdu. Bunun da oxucu sayının artmasında ciddi təsiri var, xüsusən də tələbələr arasında. Hal-hazırda kitab oxumaq bir növ dəb halını alıb. Əlbəttə bu gözəl haldır, lakin vəziyyətin belə olması lazımi, dəyərli kitabların az oxunmasına, populyar kitabların daha çox diqqətdə olmasına gətirib çıxardıb. Gənclər seriallarda gördükləri, "yutuberlərin", "bloqerlərin" yazdığı, tövsiyyə etdiyi kitablara daha çox maraq duyurlar. Qısaca deməliyəmsə faydalı kitablar, şablon ifadə olsa da "ciddi ədəbiyyat" nümunələri az oxunur, daha az papulyardır. Əsasən türk yazarların "bulvar ədəbiyyatı" nümunələri, yerli yazarların "qeyri-ciddi" əsərləri "acgözlülüklə" istehlak edilir. Sözsüz ki bu əsərlər oxucuya heç nə vermir, sadəcə əyləncəli vaxt keçirtmələrinə yarayır. Məsələn, bir çox sosial media fenomenləri öz "feysbuk" statuslarını, "standart" fikirlərini topluyub kitab halında çap etdirirlər. Gənclərimiz də bu əsərləri həvəslə oxuyurlar. Bu aktı kitab oxumaq, oxuculuq saymaq olarmı? Bunun şərhini sizə buraxıram. Məsələn, hər hansı bir məclisdə Russodan, Cəlil Məmmədquluzadədən, Hüqodan söhbət düşən zaman yuxarıda bəhs etdiyim oxucular nə danışacaqlar, bilmirəm. Unutmaq olmaz ki, kitabı oxumaq qədər onu müzakirə etmək, haqqında fikir sahibi olmaq, həmin kitab sayəsində dünyayla bağlı yeni baxışlara yiyələnmək də vacibdir.
İlkin Tomar bildirib ki, ümumi olaraq kitab bazarında canlanma var, yerli ədəbiyyata da maraq çoxalıb: "Nəşriyyatlar da gündən-günə yeni kitablar çap edir. Ümidvaram ki yaxın 4-5 il ərzində bizim ölkədə də ciddi ədəbiyyat oxucusu formalaşar, biz də Rusiyadakı, Türkiyədəki kimi kitabçılıq və kitab anlayışının sağlam halının canlı şahidi olarıq".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə