Zəlzələ insan psixologiyasına necə təsir göstərir? - PSİXOLOQ DANIŞDI

"Zəlzələ ilə bağlı nəinki Türkiyədə, elə Azərbaycanda da həyəcan yaşanır. Əsas səbəb də insanların sosial şəbəkələrdə daim zəlzələ ilə bağlı xəbərlərin şahidi olması, bəzən şaiyə xarakterli xəbərlərin ortaya çıxması, yanlış proqnozların verilməsi və s-dir. Ümumiyyətlə, insanlar son dövrlər çox həssaslaşıb. Zəlzələnin fəsadları nəticəsində bu həssaslıq daha da artıb". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, insanlar belə şeyləri əyani şəkildə gördükdə bu, onlara daha böyük təsir göstərir: "Əlbəttə ki, bu hadisələr insanların psixologiyasına mənfi təsir edir. Əksər insanlar depressiyadadır, yenə həyəcan, təşviş pozuntusu artıb. Vətəndaşlarımız belə bir fəlakətin bizdə də olacağı barədə narahatlıq yaşayırlar. Eyni zamanda, orada yaşayan tanışları, qohumları üçün tədirgin olurlar". Psixoloq sözlərinə davam edərək bildirib ki, bundan əlavə, bir çox insan yayılan şayiələrə inanır və düşünürlər ki, baş verən bu hadisə təxribatdır: "Ümumiyyətlə, sosial şəbəkələrdə bu cür xəbərlərin yayılması yaxşı deyil. Ümumi olaraq həmin insanların nəyə ehtiyacı olduğu və bizim necə yardım edəcəyimizlə bağlı elan verilsə daha uyğun olar.

Statistikaya görə son 3 gündə Türkiyədəki hadisələrin izlənməsi rekord göstəriciyə çatıb. Əgər biz hadisələrdən məlumatlı olmaq üçün bu xəbərləri izləyiriksə, digər tərəfdən də öz psixologiyamıza mənfi təsir göstərəcək hallar yaşayırıq. Ən güclü insanlar belə psixoloji təsirlər səbəbindən miqren, mədə və baş ağrısından əziyyət çəkirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə