Bildiyimiz kimi, bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından 2 il ötür. Bəs, MEDİA bu 2 il ərzində hansı uğurlara nail olub? Bu gün onların uğurları haqqında nə söyləmək olar və fəaliyyəti necə dəyərləndirilir? SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu edərək onların fikirlərini öyrənib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "Medianın İnkişafı Agentliyinin ikinci doğum gününü təbrik edirəm. Bu illər ərzində MEDİA agentliyi çox gərgin fəaliyyət göstərdi. Əvvəla Media haqqında qanunun hazırlanmasında onların misilsiz rolu var idi və hərtərəfli qanunun hazırlanması işində gecə-gündüz çalışdılar.
Medianın İnkişafı Agentliyi medianın inkişafı istiqamətində aktiv rol oynayır. Onların həm ADA universitetində keçirdikləri təlimlər, yeni texnologiyalara bələd jurnalist nəslinin yetişməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Eyni zamanda, Azərbaycan dövlətinin yazılı və onlayn mediaya dəstəyi istiqamətində Medianın İnkişafı Agentliyinin fəaliyyəti qənaətbəxş və lazımlıdır. Bu mənada, iki il onlar üçün dinamik və çevik fəaliyyət olub. Bundan sonra da Azərbaycan mediasının inkişafı istiqamətində olan fəaliyyətdə uğurlar arzu edirəm".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli: "Azərbaycanda media məkanının yenilənməsi, bu müstəvidə səliqə-sahman yaradılması üçün çox əhatəli bir proses gedir. Yenilənmə prosesi media məkanında şəffaflığın yaradılması, peşəkarlığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsindən başlamış, KİV təsisçiliyində yeni standartların tətbiqinə, KİV-lərin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. 2019-cu ildən etibarən başlayan son islahatlar dalğası 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi” adlı sərəncamla intensivləşib. Hazırda ölkəmizdə medianı xaotik vəziyyətdən ayırıb inkişaf yoluna çıxarmaq üçün çoxşaxəli, böyük proqram həyata keçirilir. Proqram KİV məkanında kadr, struktur dəyişikliyindən başlamış təlim-tədris proqramlarının yenilənməsinə, hüquqi bazanın modernləşdirilməsinə qədər ən müxtəlif qütbləri əhatə edir. Məsələ ondadır ki, islahatlar proqramı kontekstində yaradılan Medianın İnkişaf Agentliyi, bu gün özü yenilənmə proseslərinin mərkəzində dayanır, prosesdə koordinator rolunda çıxış edir. “Media haqqında” yeni qanunun hazırlanmasından başlamış, peşəkarlıq kurslarının keçirilməsinə, Media reyestrinin tətbiqinə qədər ən müxtəlif vəzifələri yerinə yetirir. MEDİA-nın koordinatorluğu ilə islahatlar çərçivəsində təlim-tədris mexanizmləri də yenidən qurulur. Kurslar təkcə jurnalistlər üçün deyil, media sahibkarları, media idarəçiləri üçün də təşkil edilir. Müasir media menecmenti standartlarının Azərbaycan KİV-lərində yer tutmasına rəvac verir.
Qısa bir müddətdə-2 il ərzində bu qədər işləri qurmaq, yeni mexanizmlər yaratmaq ciddi əzmkarlıq, iradə və peşəkarlıq tələb edir. Sevindirici haldır ki, MEDİA bütün bu işlərin öhdəsindən gəlir".
.jpg)
"Bakı Xəbər" qəzetinin baş redaktoru və siyasi şərhçi Aydın Quliyev: "Medianın İnkişafı Agentliyinin yaranması ölkəmizdə media sahəsində islahatların həyata keçirilməsinin ən mühüm mərhələsindən və nailiyyətlərindən biridir. Cəsarətlə Medianın İnkişaf Agentliyini Azərbaycanda, xüsusilə, media mətbuat sahəsində islahatlar prosesinin ən uğurlu nailiyyət və tapıntılarından biri kimi qiymətləndirmək olar.
Artıq iki ildir fəaliyyət göstərən agentliyin baqajında müsbət səmərəli gələcəyə yönəlmiş təsirə və gücə malik olan nailiyyətlər mövcuddur. Bu 2 ildə agentlik ölkəmiz üçün çox vacib olan medianın inkişafı üçün qanunvericilik çərçivəsinin daha da təkmilləşdirilməsi yönündə mühüm addımlar atdı. Köhnə dövrdən qalmış və bir çox cəhətlərə görə müasir çağırışlara tam şəkildə cavab verməyən, qanunvericiliyin dəyişdirilməsi və yeni qanunun yazılması uğurla həyata keçirildi. Hansı ki, Media haqqında yeni qanunu ölkəmizdə medianın bütün seqmentlərinin, həm çap mediasının, həm onlayn, həm də audiovizual medianın inkişafı yolunda maneə ola biləcək bütün təzahürləri həm aradan qaldırdı, həm də gələcəkdə meydana çıxa biləcək maneələrdən artıq sığortalanmaq üçün böyük hüquqi gücə malik olan standartlar ortaya qoydu.
Medianın inkişafı haqqında yeni qanunun ölkəmizdə medianın fəaliyyətini hələ uzun illər uğurla tənzimləyə biləcək heç bir şübhə yoxdur. İki il ərzində Medianın İnkişafı Agentliyi media orqanlarının reyestrini, jurnalistlərin fərdi reyestrini yarada bildi və hazırda media orqanlarının və jurnalistlərin bu reyestrdən qeydiyyatdan keçmə prosesi davam edir. Hansı ki, bu təkcə media orqanlarına və jurnalistlərə lazım olan proses deyil. Şübhəsiz ki, media və jurnalistlərin reyestri hər iki həm media orqanlarının, həm də jurnalistlərin özləri üçün peşə fəaliyyəti nöqteyi-nəzərindən olduqca əlverişli imkanlar və şanslar açır. Eyni zamanda, bu reyestr dövlətimizə media sahəsində inkişaf perspektivlərini daha dəqiq görmək və inkişaf təmayüllərinə daha əsaslı dəstək siyasəti müəyyənləşdirməkdə olduqca maraqlı imkanlar açır. Bu nöqteyi-nəzərdən hər iki məsələni həm media orqanlarının, həm də jurnalistlərin fərdi reyestrini böyük uğur kimi qiymətləndirmək olar.
Jurnalistlərin yəni, aztəminatlı bir təbəqənin ipoteka ilə güzəştli mənzillər almaq hüququnun məhz bu qanunvericilik çərçivəsində gerçəkləşməsi də əldə etdiyimiz ciddi uğurlardan biridir. Hansı ki, Medianın İnkişaf Agentliyinin aktivlərinə yazıla bilən uğurlu addımdır. Bundan başqa, Medianın İnkişafı Agentliyi bu iki il müddətində peşəkar medianın əsl çərçivəsinin müəyyənləşdirilməsi və onu peşəkar mediaya yad xallardan və yad təmayüllərdən, təsirlərdən qorunması yönümündə də əhəmiyyətli olan praktik addımlar atdı. Yəni, agentliyin fəaliyyəti bu iki il ərzində həm medianın inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə və yenilənməsinə yönəldi. Hansı ki, bu istiqamətdə böyük nəticə var, həm də medianın praktik müstəvidə fəaliyyəti üçün neqativ sayılan tendensiyaların aradan qaldırılması, ixtisara salınması və peşəkar medianın qondarma və yaxud da ki, yalançı ziyanlı mediadan sözün həqiqi və ayrılması üçün lazım olan addımları atdı.
Bu gün Medianın İnkişaf Agentliyinin atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Elə agentliyin mühüm nailiyyətlərindən biri də, məhz media sahəsində aparılan islahatlara bu islahatların perspektivinə və bugünkü hədəflərinə ictimaiyyətin nəzər diqqətini geniş şəkildə cəlb etməkdən ibarətdir. Əgər agentliyin apardığı proseslər, işlər cəmiyyətin geniş bir qisminin diqqətini cəlb edirsə, əlbəttə, bunun özü də çox böyük bir uğurdur. Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi tədbirlər, atdığı addımlar həm bu günə qədər müvafiq sahədə olan ziyanlı tendensiyaların və neqativlərin qarşısını almaq, kəsmək və onların gələcəkdə bir daha baş qaldırmasına imkan verməmək gücü ilə diqqəti cəlb edir, həm də medianın inkişafının bundan sonrakı səmərəli istiqamətlərini müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir. Bir sözlə, Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycanda media islahatlarının uğurlarından biri sayıla bilər.
Medianın İnkişafı Agentliyi yaranandan və fəaliyyət göstərdiyi dövrdə illərdir bizi narahat edən reket jurnalistika kimi anlayış və bu anlayışın çevrəsində, əhatəsində olan əməllərə çox nadir hallarda rast gəlinər və belə görünür ki, Medianın İnkişafı Agentliyinin fəaliyyəti ölkədə reket jurnalistika kimi bir problemin kökünün kəsilməsinə tamamilə yaxındır".
"İki Sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Medianın İnkişafı Agentliyi Azərbaycanda müstəqil medianın inkişafında kifayət qədər önəmli layihələrə imza atıb, müasir şəkildə son iki ildə öz fəaliyyətini qurub, beynəlxalq təcrübənin tətbiqi, qarşılıqlı əməkdaşlıq, yerli jurnalistlərin peşəkarlığının artırılması və təlimlərin keçirilməsi kimi uğurlu layihələri reallaşdırıb.
Ümumən qeyd edim ki, MEDİA agentliyi iki il ərzində kifayət qədər uğurlu, tam peşəkar bir yanaşma ortaya qoyub və Azərbaycan mətbuatının inkişafında öz töhfələrini verməkdə davam edir.
Media haqqında qanunun qəbul olunması, cənab Prezidentin media ilə bağlı qarşıya qoyduğu hədəflərə nail olunmasında agentlik üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirməyə çalışıb".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli: "Məlum olduğu üzrə, MEDİA agentliyinin yaranmasından iki il ötür. 2021-ci ildə cənab Prezidentin sərəncamı ilə yaradılan MEDİA agentliyi ötən iki il ərzində bir sıra mühüm işlər görüb. Əslinə qalsa, sərəncamdan da göründüyü kimi media sahəsində inkişafı, çağırışları və bu sahədə ereyformaların həyata keçirilməsinin önəmini nəzərə alaraq cənab Prezident məhz MEDİA agentliyi yaratmışdır. Bu müddət ərzində Media haqqında qanun da qəbul olundu. Media haqqında qanun zamanın çağırışı kimi vacib idi. Bizim KİV haqqında qanun 2000-ci ilin əvvəlində, təxminən 20 il bundan əvvəl qəbul olunmuş və inkişaf etmişdir. Təbii ki, media da bu sahədə inkişafı nəzərə alaraq orada bu qanuna əlavələr, dəyişikliklər olunmağı ilə yeni qanun da qəbul olundu.
Yeni qanun Azərbaycanda medianın inkişafına xidmət etmək məqsədi güdür. Ümumiyyətlə, Azərbaycanda medianın inkişafı ilə bərabər, həm də bu münasibətlərin tənzimlənməsi, jurnalistlərdən tutmuş media qurumlarına qədər onların təsnifatı, fəaliyyəti öz geniş əksini tapmışdır. Mənə elə gəlir ki, Media haqqında qanun özünün işləməsinə başlayıb və çox yaxın zamanda medianın bu sahədə səliqə-sahmana salınması, jurnalistlərin fəaliyyətinin gücləndirilməsi, jurnalist və jurnalist qurumlarının reytinqinin onlara olan inamın artırılmasına gətirib çıxarır.
Ümumiyyətlə, bütövlükdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq. Məhz elə bu sahədə MEDİA agentliyi qısa müddət ərzində çoxlu işlər görür. Bura həm jurnalistlər, həm də qurumlar arasında keçirilən çoxsaylı tədbirlər, seminarlar, təlimlər, treninqlər, mediaya maliyyə yardımı ayrılması, jurnalistlər arasında fərdi müsabiqə keçirilməsi aiddir. Jurnalist müsabiqələri arasında, məsələn, o faktdır ki, bir sıra jurnalistlər qalib olduqdan sonra bunun müsabiqələrin daha şəffaf olmasını vurğulayır. Əslində, bu, MEDİA agentliyinin bu sahədə gördüyü işlərin qiymətidir.
Mən ümid edirəm ki, MEDİA agentliyi hələ çox kiçik bir dövrdür, qarşıda onu çox böyük işlər gözləyir, ümidlər var və ondan gözləntilərimiz çoxdur. Şəxsən hər bir jurnalistin və jurnalist təşkilatının ümid edirəm ki, ən qısa zamanda MEDİA agentliyi ona olan gözləntini doğruldacaq və nəticədə Azərbaycan mediası inkişafının növbəti mərhələsinə qədəm qoyacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB