Çünki bu, Azərbaycanın daxili işidir!
Beləliklə, Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin – İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüş başa çatdı və bu görüş özündə bir sıra məsələləri daha açıq müstəvidə təqdim etdi. Görüşün diqqətçəkən tərəfi isə bu idi ki, Putin üçtərəfli görüşdən əvvəl ayrı-ayrılıqda İlham Əliyevlə və Nikol Paşinyanla görüşdü. Üçtərəfli görüşün protokol qaydaları öz yerində, amma ən vacib məqamlardan biri və ən əsası məhz rəsmi Bakının dəqiq, qətiyyətli mövqeyinin çatdırılmasında idi ki, bu gerçəklik bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə ikitərəfli görüşü zamanı səsləndirdiyi fikirlərində öz təsdiqini tapdı.
İlham Əliyev: “Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur”

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan bu yaxınlarda beş əsas prinsipi önə sürüb ki, həmin prinsiplər Ermənistanla münasibətlərin normallaşmasına səbəb olmalıdır. “Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar. Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə təbii ki, çox ciddi addımlar tələb edən formatdır”.
Beləliklə, fakt budur ki, Azərbaycan lideri Cənubi Qafqaz proseslərində istər vasitəçi kimi, istərsə də regional oyunçu qismində rol alan Rusiyanın dövlət başçısına açıq şəkildə bəyan etdi ki, Qarabağ münaqişəsi başa çatıb və bu baxımdan, Azərbaycanın ayrılmaz ərazisi hesab edilən bu ərazi vahidi hər hansı müzakirə predmetinə çevrilməməlidir.
Bu, həm də müxtəlif vasitələrlə prosesi uzatmağa cəhd edən Ermənistan rəhbərliyinə, habelə oktyabrın 30-da “kütləvi mitinq” adı altında Xankəndidə səs-küy salan Qarabağdakı separatçı rejimə göndərilən mesaj idi ki, artıq vaxt daralır və ilin sonuna qədər qarşı tərəf yekun qərarını verməlidir. Əks halda, rəsmi Bakının səbri tükənməz deyil!
Bakı diplomatik kanalları vasitəsi ilə daha əvvəldən də Rusiyanın diqqətinə çatdırmışdı ki...
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündən bir neçə gün əvvəl “Vətəndaş sazişi” partiyasının qurultayında bildirmişdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yönündə Rusiya tərəfindən irəli sürülən təkliflər 15 bənddən ibarətdir. Əgər onlardan 14-ü ümumilikdə Bakı tərəfindən etiraz olunmursa, 15-ci bənd Azərbaycan tərəfi üçün qətiyyən qəbuledilməzdir, çünki o, gələcəkdə qondarma “status” mövzusunun müzakirəsi mümkünlüyünə işarə edir. Qeyd edək ki, Bakı diplomatik kanalları vasitəsi ilə daha əvvəldən də Rusiyanın diqqətinə çatdırmışdı ki, Azərbaycan əsla “status” məsələsinin müzakirəsinə razı deyil və olmayacaq. Bu, Bakının rəsmi və prinsipial mövqeyidir!
Nəticədə də gördüyümüz kimi, İlham Əliyev Putinlə görüşündə aydın şəkildə ifadə etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir və bu münaqişəyə 2 il əvvəl son qoyulub. Ona görə də “status” iddiaları birdəfəlik gündəmdən çıxarılıb.
Erməni tərəfinin bütün cəhdləri fiaskoya uğrayıb!

Halbuki, erməni tərəfi yalnız bu məsələni deyil, digər iddialarını da danışıqlar masasına gətirmək iddiasında idi. Ancaq erməni tərəfinin bütün cəhdləri fiaskoya uğrayıb. Misal üçün, Paşinyan 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən eskalasiyalar ilə bağlı məsələləri müzakirə etdirməyə cəhd edib, amma buna nail olmayıb. Həmçinin, erməni baş naziri 2021-ci ilin 21 mayına olan vəziyyəti status-kvo qismində sənədə daxil etməyə çalışıb, bu da onda alınmayıb. Erməni tərəfi öz bəndlərini sənədə daxil edə bilməyəcəyini anladıqdan sonra birgə Bəyanata blok qoymağa belə cəhd göstərib. Lakin onların bu cəhdləri də puça çıxıb. Üstəlik, Paşinyanın sözügedən var-gəlləri qəbul edən tərəfə - birbaşa və şəxsən Putinə qarşı aşkar hörmətsizlik idi ki, hər halda rəsmi Moskva bunu da nəzərə götürüb və qarşıdakı zamanlarda hər hansı bir cavab addımı atmalı olacaq.
Nəticə olaraq qeyd edə bilərik ki, yekun Bəyanatda nə “status”, nə Qarabağ kəlməsi barədə bir dəfə də olsun fikirlər yer almayıb. Birgə Bəyanatın diqqətçəkən mühüm hissəsi isə tərəflərin suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır ki, bu da Azərbaycan tərəfini tam şəkildə qane edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB