“Hraparak” Praqa görüşünün pərdəarxası məqamlarından yazdı İDDİA

Erməni nəşri: “Əliyev Ermənistandan Azərbaycana dəhlizin verilməsini tələb edib və bu baxımdan, yeni eskalasiyanın baş verməsi mümkünlüyü yüksəkdir”

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Qərb ölkələri Ermənistandan ilin sonuna qədər sülh razılaşmasını imzalamağı tələb edib. SİA xəbər verir ki, adıçəkilən nəşrin özünə yaxın mənbəsinə istinad etdiyinə görə, hətta bu məsələ oktyabrın 6-da Praqada keçirilən görüşün qapalı hissəsində də müzakirəyə çıxarılıb.

“Hraparak”: “Əliyev sülh razılaşmasını noyabrın 9-da imzalamağı təklif edib”

“Əliyev sülh razılaşmasını noyabrın 9-da imzalamağı təklif edib. Belə ki, iki il əvvəl həmin gün erməni tərəfi özünün kapitulyasiyasına imza atıb indi isə Əliyev öz triumfunu təkrarlamaq istəyir. Paşinyan müqavimət göstərib – o deyib ki, həmin gün məğlubiyyət kimi assosiasiya olunur”, “Hraparak” yazıb.

Erməni qəzeti onu da yazıb ki, Paşinyan “Azərbaycan hərbi birləşmələrinin Ermənistanın suveren ərazisini tərk etməsi” (dırnaqlar bizimdir – R.R.) barədə məsələ qaldıraraq bəyan edib ki, əks halda o, sülh razılaşmasını imzalamayacaq.

“Əliyev isə öz növbəsində Ermənistandan Azərbaycana dəhlizin verilməsini tələb edib və bu baxımdan, yeni eskalasiyanın baş verməsi mümkünlüyü yüksəkdir”, deyə adıçəkilən erməni nəşri yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə