Ata vəsiyyətindən ZƏFƏRƏ TƏHLİL

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik” fikirlərinə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kimi dəyərli sözləri bir oğulun ata vəsiyyətini gerçəkləşdirməsinin qürurlu təsdiqidir.

Yaxşı ataların yaxşı oğulları

Mən həmişə yazılarımda yazmışam, yenə də yazıram: yaxşı ataların yaxşı oğulları olur. Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin mənəvı və siyasi varisidir. Əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər insan olan, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən ulu öndərimizin. Elə buna görə də xalq Onu özünə ümummilli lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan, bütövlükdə, ulu öndərimizin əsərinə çevrildi. Çox təbii ki, belə bir liderin övladı da cənab İlham Əliyev olacaqdı. Dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı ilə dünyanın həsəd apardığı lider cənab İlham Əliyev.

Birinci Vətən Müharibəsi nə zamansa İkinci Vətən Müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün ulu öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. Sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 gün... Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi an... 10 noyabr 2020-ci il. “Qarabağ” dastanının yazıldığı gün. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə...

44 gündə 30-dan artıq müsahibə

Cənab Prezidentimiz 44 gündə Azərbaycan tarixinə adı ilə bağlı bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. Ölkəmizin başçısı ordumuza Ali Baş Komandanlıq etməklə yanaşı, həm də dünyanın bizə qarşı yönəlmiş informasiya müharibəsinin qəhrəmanı oldu 44 günün hər anında. 44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı Qarabağın tarixini, strateji əhəmiyyətini, əhalisinin vəziyyətini, 30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların mahiyyətini tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz danışıq qabiliyyəti ilə dünya siyasətçilərini və jurnalistlərini heyrətləndirən cənab İlham Əliyev bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, ulu öndərin layiqli övladı olduğunu da sərgilədi.

Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini xoş xəbər müjdəçisi etdi insanların gözündə. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlətimizin başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Azərbaycanda belə bir misal var: o yerdə ki, ağsaqqal var, orada Allah var. Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi.

Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın bütün bölgələrinə böyük həssaslıqla, qədirbilənliklə yanaşırdı. Bütün bölgələrimizin tarixini çox gözəl bilirdi və bunu çıxışlarında, söhbətlərində dəqiqliklə qeyd edirdi. Bu söhbətləri dinlədikcə böyük şəxsiyyətin təfəkkürü, ensiklopedik yaddaşı qarşısında heyran qalırdı insan. Ulu öndər Şuşa ilə bağlı deyirdi: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.

Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.”

Ata nəsihəti bütün dəyərli fikirlərində əks olunan dövlətimizin başçısı isə Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayaraq demişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik... O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” kimi dəyərli fikirləri nəinki öz siyasi və mənəvi varisinə, bütün xalqımıza bir vəsiyyət idi. Bu fikirdə ümumilikdə ölkəmizin ərazi bütövlüyündən söhbət gedirdi. Ulu öndər bütün xalqa bəyan edirdi ki, bir qarış belə torpaq olmadan bütöv Azərbaycan ola bilməz.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini gercəkləşdirdi. Şuşasız Qarabağın, Qarabağsız Azərbaycanın ola bilməyəcəyini 44 gündə bütün dünyaya bəyan etdi. Böyük sərkərdəliyi ilə milli ordumuzun igidləri 44 gün ərzində böyük qələbələrlə irəliləyərək ərazi bütövlüyümüzü təmin etdilər. Torpaqlarımız bir-bir düşmənin çirkli əllərindən alındı və xalqımız Zəfər çaldı.

Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

44 günün təsdiqlədiyi məqamlar

İkinci Vətən Müharibəsi bir çox məqamları təsdiq etdi. Nəzər salaq:

– Ən birincisi, ata vəsiyyətini qeyd etmək istəyirəm. Cənab Prezidentimizin ulu öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu, hər bir gəncə nümunə gücündə olan, təsirli məqamdır.

– Ölkəmizin Prezidentinin 17 illik fəaliyyəti dövründə hər il bütün bayramlarda xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söylədiyinin şahidi olmuşuq. Eləcə də beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentimizin ötən 17 ildə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.

– Cənab Prezidentimizdə Azərbaycançılıqdan irəli gələn bir xarakteri də açıqca gördük. O, hər kəs kimi müharibə istəmirdi, qan tökülməsini, övlad itkisini istəmirdi. Bunu dəfələrlə Ermənistan siyasi rəhbərinə müraciətində gördük. “Torpaqlarımızdan çıxın, müharibəni dayandıraq”, – dedi. Ermənilər bu mənəvi dəyərin nə olduğunu bilməsələr də, bu təklif onlara dəfələrlə edildi.

– II Qarabağ müharibəsi cənab İlham Əliyevin sayəsində bizim özümüzü tanımağımıza vəsilə oldu. Biz gördük ki, azərbaycanlılar nə qədər həmrəy, bir yumruq kimi birləşə bilən, eyni zamanda çox vətənpərvər bir xalqdır. Vətəninə, bayrağına sevdalıdır.

– Müharibə xalqın rəhbərinə inamını da nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaqdır. Çünki bu insanlar cənab Prezidentimizin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.

– Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu.

– Və son olaraq, Prezidentimizin illər öncə dediyi bu fikirlərini təsdiqlədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Artıq 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Vətən Müharibəsindən bizləri iki illik zaman fasiləsi ayırır. Artıq iki ildir ki, 30 il düşmən tapdağı altında inləyən əzəli torpaqlarımız azad edilib. İki ildir ki, əcdadlarımızın ruhu şad olub, onların uyuduqları torpaqlarımız azad nəfəs almağa başlayıb. Vətəni-anası Azərbaycanın doğma qucağına yenidən qismət olub.

Ötən iki il 30 ildə soydaşlarımızın evlərinə, torpaqlarına qayıtmaları üçün dövlətimiz tərəfindən böyük işlər həyata keçirilir. Bütün bu işlər doğma torpaqlarımızın sahiblərinin təhlükəsiz və rahat şəkildə yaşamalarına, tezliklə evlərinə qayıtmalarına xidmət edir. Artıq Böyük Qayıdış başlayıb. Zəngilanın Ağalı kəndinin sakinləri artıq doğma yurdlarında yaşayırlar. Yaxın gələcəkdə Böyük Qayıdışın daha yeni mərhələlərinin həyata keçirilməsi də planlaşdırılır.

Sentyabrın 27-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə, oradan isə Şuşa şəhərinə səfərləri, səfər zamanı dövlətimizin başçısının söylədiyi dəyərli fikirlər həm kədərimizi, həm də qələbə sevincimizi təzələdi. Dövlətimizin başçısı şəhidlərimizi qürurla yad etdi: Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Həmin çıxışla o günlərə qayıtdıq bir anda. Füzulidən mücadiləyə başladıq. Dövlətimizin başçısı: 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Ölkəmizin başçısı çıxışında torpaqlarımızın işğaldan azad edilməsinin məhz bu nəslin üzərinə düşməsini yüksək qiymətləndirərək deyib: Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

“Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”,- deyən Prezidentimiz, Ali Baş Komandanımız, Sizinlə qürur duyuruq! Siz Azərbaycanın 300 min illik sərkərdəsi, qəhrəmanı oldunuz. Səfəvilər dovlətindən sonra işğal edilən torpaqları azad edən ilk lider oldunuz. Tarix Sizin adınızı şanlı səhifələrinə yazdı. Bu tarix vərəqləndikcə orada Siz daim var olacaqsınız. Ata vəsiyyətinə sadiqliyiniz, o vəsiyyəti gerçəkləşdirməyiniz neçə-neçə nəsillərə nümunə olacaq.

Sizinlə qürur duyuruq, Milli Ordumuz! İgid oğullarımız, mərd övladlarımız! Siz bu qələbəni qanınızla, canınızla yazdınız tariximizin səhifələrinə.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə