COVID-19 pandemiyasının yaratdığı həyati təhlükə TƏHLİL

COVID-19 pandemiyası müasir dünyamızı narahat edən məsələ olaraq qalmaqdadır. Hər dəfə virusla vidalaşacağımızı düşünsək də, əfsuslar olsun ki, yeni dalğası gələrək cəmiyyətdə qeyri-ixtiyari olaraq narahatçılıq doğurur. Əgər yaxın aylarda yoluxma sayının Azərbaycanda 5-10 nəfər arasında olduğunu görürdüksə, bu gün bu üç rəqəmli arasında, dəyişir. İki ildən artıq bir zamanda rəqəmlərin dəyişkən olması, yoluxma sayının azalması və artması bizə bəllidir. Hər an təhlükə saçan bu virusla bir həyatda yaşamaq məcburiyyətindəyik. 2019-cu ilin dekabrında Çində başlayan Covid-19 pandemiyası qısa bir zamanda Azərbaycanın çağırılmamış qonağına çevrildi.Bu gün dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 580 milyonu, bu xəstəlikdən ölənlərin sayı isə 6,41 milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən, yoluxma sayında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd – fevralın 10-da, 300 milyonluq hədd - yanvarın 8-də, 200 milyonluq hədd isə keçən il avqustun 5-də qeydə alınıb. Məlumatları ÜST-ə daxil olan ən çox təsdiqlənmiş yoluxma halı - 90 706 508 ABŞ-da qeydə alınıb. Daha sonra Hindistan (44 161 899), Braziliya (33 924 061), Fransa (33 061 414) və Almaniya (31 228 322) yer alıblar. Ən çox ölüm halı da - 1 021 995 ABŞ-da qeydə alınıb.Koronavirusun dünyada geniş vüsət aldığı bir zamanda Azərbaycanda tətbiq edilmiş karantin rejimi qaydalarına lazımı səviyyədə əməl olundu. Belə ki, maskadan lazımı, tələb olunan şəkildə istifadə olundu, sosial məsafə gözlənildi, qapanmalar tədbiq edildi, ictimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət olundu və s. qabaqlayıcı tədbirlər Azərbaycanın bu sahə də nümunəvi ölkə olduğunu təsdiqlədi. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldıldı. Yaxın zamanlarda "Omikron" ştammının yüksək dərəcədə yoluxucu alt növlərinin yayılması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı Qlobal Vaksinasiya Strategiyasının yenilənmiş versiyasını dərc etməsi artıq yenidən dünyamızı narahat etməyə başladı.
COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Mütəxəssislərin qənaətinə görə, bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Əlbəttə ki,
bütün dünyada geniş yayılan koronavirusa qarşı mübarizədə immuniteti gücləndirən qidalara üstünlük vermək vacibdir.Bu günlərdə Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan COVID-19 əleyhinə Vaksinasiyaya dəstək layihəsi çərçivəsində görülən işlər üzrə məlumat vərəqəsi təqdim edilib. Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və rutin immunlaşdırma tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilir. Bu məqsədlə 1800 vaksinator, 2 min 900 həkim və tibb işçisi, habelə tibb kolleclərinin müəllimləri vasitəsilə 3 mindən artıq tibb tələbəsinə COVID-19 peyvəndləri ilə bağlı ən son məlumatlar çatdırılıb. Qısa müddət ərzində "OpenWHO" onlayn təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 minə çatıb.Layihənin həyata keçirildiyi ilk ildə 300 peyvənd soyuducusu, enerji stabilizatoru və temperatur monitorinqini təmin edən cihaz, o cümlədən 122 peyvənd daşıyıcısı, 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) milli tərəfdaşlara təhvil verilib. Eyni zamanda, infeksiyanın qarşısının alınması və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə bölgələrdə yerləşən səkkiz peyvəndləmə məntəqəsində dəyərləndirmə aparılaraq müvafiq tövsiyələr verilib.Əlbəttə ki, həmişə vurğulandığı kimi, koronavirusdan qorunmağın əsas yollarından biri vaksinasiya olunmaqdır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndlərdən istifadə olunub. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Odur ki, vətəndaşların vaksinasiyası zəruridir.Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 839 min 106, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 143, ikinci mərhələ üzrə 4 milyon 859 min 674, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 352 min 155, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 257 min 134-dür.
Bu gün isə meymunçiçəyi xəstəliyi dünya ölkələrinin bir çoxunda baş qaldırıb. Avropa ölkələrində ilkin diaqnozlar aşkarlanıb. Xəstəliyin bir neçə müxtəlif tipi var. Hazırda ölkədə önəmli bir təhlükə yoxdur. Xəstəlik ABŞ, Böyük Britaniya və İspaniya da daxil olmaqla 60-dan artıq ölkəyə yayılıb. Lakin, tədqiqatçıların fikrincə, bu xəstəliyin Afrika qitəsi ilə təkidlə əlaqələndirilməsi qitə əhalisinə münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.
Odur ki, pandemiyanın tamamən bitmədiyini bilməliyik. Əllərin yuyulması, tənəffüs gigiyenası kimi öyrəndiyimiz bütün qoruyucu tədbirləri davam etdirməyimiz lazımdır. Bundan əlavə, yaşı əllidən yuxarı olan peyvənd vurdurmayan vətəndaşların vaksinasiyadan keçməsi önəmlidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə