"Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü edir" - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizdə həyata keçirilən düşünülmüş uğurlu siyasət nəticəsində davamlı və dayanıqlı inkişaf təmin edilmişdir. Hər bir bölgədə abadlıq-quruculuq işləri ildən-ilə daha geniş vüsət alır və insanların sosial-rifah halı yaxşılaşdırılır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident cənab İlham Əliyev bilavasitə özü edir. Məhz bunun üçün də ölkə başçısının bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Prezident cənab İlham Əliyevin Qobustan-Ağsu-İsmayıllı səfəri də bu qəbildəndir. Ümumiyyətlə, ölkə başçısının rayonlara səfəri yeni müəssisə və obyektlərin, iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası, bir sözlə, inkişafın təzahürüdür". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, son illər ərzində hər bir bölgədə olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da infrastruktur layihələri davamlı olaraq icra edilir: "Belə ki, qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı böyük işlər görülmüş və hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmiş, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Hər iki rayonda iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilmişdir.
Bu istiqamətdə həyata keçirilmiş tədbirlərə nümunə olaraq Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı və Ağsu rayonunda böyük aqroparkın fəaliyyətə başlamasını göstərmək olar. Ölkə başçısının qeyd etdiyi kimi, Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində müasir otelin istifadəyə verilməsi bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməklə yanaşı, 300-ə yaxın yerli sakinin işlə təmin olunması deməkdir.
Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də 200-ə yaxın sakinin işlə təmin olunması ilə yanaşı bölgə iqtisadiyyatına verilən töhfədir. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Ümumiyyətlə, yeni iş yerlərinin açılması prosesi ölkəmizdə davamlı olaraq aparılır.
Prezident cənab İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin ərzaq təhlükəsizliyi məsələlərinə də aydınlıq gətirmişdir. Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində bu yüz faiz səviyyəsinə çatacaqdır. Təəssüf ki, ölkəmiz özünü taxılla hələ uzun illər tam təmin edə bilməyəcək. Lakin bu sahədə işləri sürətləndirmək və stimullaşdırmaq məqsədilə artıq xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib. Təqribən 3-4 il ərzində ölkəmizin özünü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin etməsi hədəflənmişdir ki, bu da böyük nəticə olacaqdır.
Müsahibəsində ölkə başçısı bildirdi ki, ölkəmizi bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparılır və aparılacaq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində məhsuldarlıq böyük dərəcədə artırılacaqdır. Azad edilmiş torpaqlarda da artıq əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində mühüm rol oynayacaqdır. Ərzaq təhlükəsizliyi mövzusunda danışarkən Prezident cənab İlham Əliyev bildirdi ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, fermerlər öz qoyunçuluq təsərrüfatlarını bu rayonlara köçürüblər. Bundan başqa Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Nəticədə isə ölkəmiz bal ixracatçısına çevrilib".

C.Osmanov onu da qeyd edib ki, Prezident cənab İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən də danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıqlar etdi: "Ölkə başçısı bildirdi ki, “Qisas” əməliyyatı bir neçə saat ərzində davam edən cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Müzəffər Ali Baş Komandan Azərbaycanın Ermənistana dəfələrlə xəbərdarlıq etməsini xatırlatdı. Ermənistan birdəflik yeni reallıqları qəbul etməli və odla oynamamalı, təxribatlara əl atmamalıdır. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və Azərbaycan buna nail olacaq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəti formada bəyan etdi ki, Ermənistan qanunsuz məskunlaşmış insanları Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxarlımalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Qanunsuz məskunlaşmış insanların bu ərazilərdən çıxarılması üçün Ermənistana vaxt verilib və onlar oradan çıxarıldıqdan sonra Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Ümumiyyətlə, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Lakin Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq cəhdləri bu ölkəyə heç nə verməyəcək.
Qarabağda yaşayan ermənilərin isə Azərbaycan vətəndaşları olduqlarını qeyd edən Prezident cənab İlham Əliyev bildirdi ki, onlar bunu birdəfəlik dərk etməlidirlər. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağ Azərbaycanın tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən ayrılmaz tərkib hissəsidir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının, ölkəmizdə yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaqdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə