Ermənistan Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təxribatla məşğuldur - DEPUTATIN ŞƏRHİ

Ermənistan Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təxribatla məşğuldur - DEPUTATIN ŞƏRHİ

“Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarını yerinə yetirib, Ermənistanla münasibətlərin normallaşdırılması, dövlət sərhədinin demilitasiyası prosesinin sürətləndirməsi istiqamətində konkret addımlar atıb. Laçın şəhərindən yan keçən və Ermənistanla Qarabağı birləşdirən yeni yolun çəkilişini demək olar ki, tamamlayıb, Həkəri çayının üzərindən keçək körpünü də istifadəyə verib. Bütün bunlarla bərabər rəsmi Bakı İrəvana sülh müqaviləsinin imzalanması üçün beş baza prinsiplərindən ibarət sənədi də təqdim edib. Məğlub Ermənistan isə üçtərəfli bəyanatın heç bir müddəasını real olaraq həll etməyib. Ermənistanın rəsmi dövlət qurumları isə yalnız mətbuat səhifələrində qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyindən danışırlar”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistanda reallığı anlayan, dərk edən və adekvat reaksiya verənlərin sayı çox azdır: “Ermənistan rəsmiləri anlamırlar ki, vəziyyət belə davam edəcəyi təqdirdə Azərbaycan imzasını geri çəkə və status-kvo-nu kökündən dəyişə bilər. Bütün bunlar, Azərbaycanın regionda yaratdığı geosiyasi mənzərə Ermənistana və ermənilərə verilmiş son və real şansdır. Bundan istifadə etmək istəməyən rəsmi İrəvanın itirəcəklərinə cavabdeh də özü olacaq. Ermənistan bu fürsətdən yararlanmaq əvəzinə həm dövlət sərhədində, həm də Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə təxribatla məşğuldur. 10 gün əvvəl Azərbaycan əsgərinin Basarkeçər istiqamətində itkin düşməsi və Ermənistan ordusu tərəfindən əsir götürülməsi, bu gün Laçın rayonunda xidmət aparan əsgərimizin sülhməramlıların nəzarəti altındakı ərazidən atılan güllədən şəhid olması və digər təxribatlar bunu deməyə əsas verir ki, bir mənbədən idarə olunan hadisələr ermənilərə, həm də regionda yaradılmış sabitliyə çox böyük təhlükədir”.

A.Hüseynov qeyd edib ki, Laçından yan ötən və dövlət sərhədinə qədər çəkilmiş yeni yolun davamı Naxçıvana və Türkiyəyə qədər uzadıla bilər: “Əgər Ermənistan məsələyə konstruktiv yanaşsa, görüləcək işləri anlayışla qarşılasa bu layihələrdən özü də qazanc əldə edə bilər. Amma qeyri-region aktorlarının Zəngəzur dəhlizinin inşasına göstərdikləri qanunsuz təzyiqlər, müdaxilələr Ermənistanın fikrini tez-tez dəyişməyə sövq edir. Bu niyə baş verir? Çünki, Ermənistan müstəqil dövlət deyil ki, müstəqil də siyasət yürütsün. Onu kənar qüvvələr idarə edir. Ona görə də regionda yaranmış unikal fürsəti dəyərləndirə bilmir. Azərbaycan isə qarşıya qoyduğu hədəflərə inamla irəliləməkdədir. Zəngəzur dəhlizinin açılması üçün bütün imkanlarını səfərbər edib. Cənab Prezidentimizin də dediyi kimi, Azərbaycan istənilən halda Zəngəzur dəhlizini açacaq, biz buna əminik. Ermənilərin tez-tez gündəmə gətirdikləri Qarabağın statusu məsələsinə gəlincə, bu, artıq həllini tapmış məsələdir. Əgər Ermənistan rəhbərliyi buna inkar etsə, biz də Zəngəzurun statusu məsələsini tələblərimiz sırasına aid edə bilərik. Amma, bu məsələnin hələlik önə çıxarılması gündəmdə deyil, sabahın məsələsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə