Azərbaycan beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən dövlətdir - TƏHLİL
Prezident İlham Əliyev: "Bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının COVID-19 pandemiyası - bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu. "Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik", - deyə dövlət başçısı çıxışlarının birində bildirmişdi. Ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, oraya ilkin olaraq, büdcədən 20 milyon manat vəsait ayrıldı. "Yeni Klinika" istifadəyə verildi, modul tipli xəstəxanaların tikilməsinə vəsait ayrıldı və Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində modul tipli xəstəxana kompleksləri quraşdırıldı. İnsanlarin həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər, verdiyi qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığı 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək dövlət başçisinin hər bir vətəndaşin Prezidenti olduğunu bir daha göstərdi.
"AZƏRBAYCAN BEYNƏLXALQ ARENADA BU XƏSTƏLİKLƏ MÜBARİZƏDƏ ÖZ ROLUNU FƏAL OYNAYAN ÖLKƏLƏRDƏN BİRİ İDİ"
Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri isə birlik və həmrəylikdir. Dünyanı cənginə alan pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Ölkə rəhbərliyi dünyanı əhatə edən koronavirusla mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixdə ilk dəfə onlayn formada Zirvə görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunu göstərmiş oldu. BMT-nin üzvü olan dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan inamin daha bir ifadəsi idi.
Cari ilin 30 iyun tarixində paytaxt Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi: "Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu".
"BİZİM PEYVƏND MİLLƏTÇİLİYİNƏ QARŞI MÜBARİZƏMİZ BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI TƏRƏFİNDƏN DƏ DƏSTƏKLƏNMİŞDİR"
Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında "Biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik", - deyərək diqqəqə çatdırıb ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi: "Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir".
QOŞULMAMA HƏRƏKATININ SƏDRİ QİSMİNDƏ AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ QH ÜZVLƏRİ ADINDAN İRƏLİ SÜRÜLMÜŞ QƏTNAMƏ BMT-YƏ ÜZV DÖVLƏTLƏR TƏRƏFİNDƏN QƏBUL EDİLDİ
Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsi və təşəbbüsləri yüksək qiymətləndirilir. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Noyabrın 18-də isə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edildi. 171 ölkə qətnamənin lehinə səs verdi. Heç bir ölkə qətnamənin əleyhinə səs vermədi. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistan oldu. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsi idi.
Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB