Böyük Qayıdışın qapısı - Ağalı kəndi ŞƏRH

Böyük Qayıdışın qapısı - Ağalı kəndi ŞƏRH

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlıların tarixi yaddaşında əlamətdar tarixi hadisə kimi daxil olmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Tarixə nəzər salsaq görərik ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiya devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə görüşü zamanı dövlət başçısı çıxışında bildirdiyi kimi, birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır: "Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır".

Tarixi dövrə nəzər salan dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzurun da bizim əlimizdən alındığını bildirib. 71 il sonra, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu. Cənab İlham Əliyev bildirdiyi kimi, "1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır". 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. İqtisadi və hərbi gücü ilə dinamik inkişafda olan Azərbaycan işğaldan azad olunmuş torpaqlarımızda böyük abadlıq-quruculuq işlərinə başlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər yolumuzu gözləyən əzəli torpaqlarımızda nəhəng quruculuq işləri həyata keçirilir, yeni layihələr icra olunur. Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılışı Böyük Qayıdışın təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılışında iştirak ediblər. "Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır", - deyə Cənab Prezident bildirib: "Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq".

Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş olur. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın Ağalı kəndi yenidən qurularaq, təhlükəsiz yaşayış mühiti yaradılıb. Burada fəaliyyət göstərəcək "ASAN xidmət" mərkəzi, DOST mərkəzi və s. kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin edəcəkdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Cənab Prezidentin bildirdiyi kimi, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur: "Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – "ASAN", "DOST", kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək". Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi qürurlandırır.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə