Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işləri həyata keçirilir ŞƏRH

Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işləri həyata keçirilir ŞƏRH

Prezident İlham Əliyevin sədrliyi ilə birinci rübün yekunlarına həsr edilmiş müşavirədə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafı barədə fikirləri xüsusi önəm daşıyır. Cənab Prezident çıxışında qeyd etmişdir ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Buna görə də Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Düşməni diz çökdürən, torpaqlarını işğalçılardan təmizləyən, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin həyata keçirilməsini özü təmin edən, regionu və dünyanı erməni faşizmindən xilas edən Azərbaycan qarşısında artıq yeni mühüm vəzifələr durur. Bu, azad edilmiş ərazilərin etibarlı müdafiəsinin təşkili, o yerlərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün digər müvafiq işlərin görülməsidir. Postmüharibə dövründə bu istiqamətdə Azərbaycan dövləti tərəfindən artıq genişmiqyaslı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin bu ilin 7 iyul tarixində imzaladığı Fərmanla Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış Dağlıq Qarabağ inzibati ərazisi və onun muxtariyyət statusunun artıq tarixin arxivinə getməsi ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda intensiv bərpa, quruculuq işləri həyata keçirilir. Yenə bu prosesdə ön sırada Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərimizi də görmək mümkündür. Azad edilən ərazilərin dirçəldilməsi istiqamətində YAP-çı gənclər Prezidentin çağırışlarına və quruculuq prosesində fəal iştirak etməyə hazırdırlar.

Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan, eyni zamanda, işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir. Bu prosesdə də YAP-ı təmsil edən vətəndaşlar yüksək fəallığı özünü qabarıq büruzə verir. Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülər şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə, Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinə də yardımçı olur, bu istiqamətdə genişmiqyaslı fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin sosial siyasətində sözügedən kateqoriyadan olan insanlara xüsusi qayğı mühüm yer tutur. Bunların fonunda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, müharibə qəhrəmanlarının və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən hərtərəfli qayğı nümunəvi xarakterə malikdir. Amma təbii ki, belə insanlara təkcə dövlət yox, bütün cəmiyyət yüksək diqqət və qayğı göstərməlidir. Bu gün partiya üzvlərimizin qarşısında duran ən vacib missiyalardan biri Prezident İlham Əliyevin yaratdığı tarixin ən güclü Azərbaycanı layiqincə qorumaq, gələcək nəsillərə daha güclü, daha qüdrətli və daha firavan bir dövlət kimi təhvil verməkdir. Bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək Yeni Azərbaycan Partiyasının bütün üzvləri üçün həyat kredosudur.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə