Lana Ravandi-Fadai: “Tehran bu nəqliyyat dəhlizində Bakıdan daha çox maraqlıdır” - MÜSAHİBƏ

Lana Ravandi-Fadai: “Tehran bu nəqliyyat dəhlizində Bakıdan daha çox maraqlıdır” - MÜSAHİBƏ

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fadai “Caliber” analitik mərkəzinə müsahibəsində İran-Azərbaycan əməkdaşlığının iqtisadi müstəvidə inkişafına, iki ölkə arasında nəqliyyat dəhlizləri məsələsində birgə layihələrə, regionda ticarət və kommunikasiya sahələrindəki əməkdaşlığın perspektivlərinə toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ötən həftənin sonunda Bakıda Azərbaycanla İran arasında yeni kommunikasiya əlaqələrinin yaradılmasına dair anlaşma memorandumu imzalandı. Onun mühüm məqamlarından biri də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqələrinin yaradılmasıdır. Bu sazişin perspektivlərini necə görürsünüz?

- Təbii ki, memorandumun imzalanması Azərbaycan və İran arasında ikitərəfli münasibətlər üçün mühüm hadisədir. Bu əsas tədbir çərçivəsində hökumətlərarası komissiyanın keçirilməsi və sazişlərin bağlanması ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişaf istiqamətlərini əks etdirir. İranın Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək niyyəti də bunu təsdiqləyir.

Koronavirus pandemiyasına baxmayaraq, ölkələr arasında daşımaların artması, o cümlədən İranın Qarabağ məsələsində mövqeyi, bu regionun bərpası proseslərində iştirak etmək marağı əməkdaşlığın intensivləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradıb. İran mətbuatının yazdığına görə, Astaraçay çayı üzərindən körpünün tikintisi layihəsi Rusiya ilə ticarətin inkişafı üçün də əlverişli şərait yaradacaq. Bütövlükdə razılaşmanın qeyd olunan məqamlarının hər iki ölkə üçün dönüş nöqtəsi ola biləcəyi aydındır.

- Sizcə, İranla münasibətləri nəzərə alsaq, kollektiv Qərb buna necə reaksiya verə bilər?

- Qərb bir tərəfdən tamamilə fərqli xarici siyasət məsələləri ilə məşğuldur. Çox güman ki, Qərbin belə bir niyyətlə təzyiqləri İranın nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə getməyincə bu layihələri dondura bilər.

Digər tərəfdən, 24 fevraldan sonra vəziyyət keyfiyyətcə dəyişdi. Qərb indi sanksiyalar nəticəsində bazardan çıxan Rusiya neftinin əvəzini axtarır və İran bu baxımdan yaxşı alternativdir. Bunu Qərb mətbuatının Vyanada baş tutmalı olan nüvə sazişi ilə bağlı elan edilmiş danışıqlardan müsbət gözləntiləri də göstərir.

Bu arada Ukraynadakı vəziyyət razılaşmanı və İrandan məhdudiyyətlərin götürülməsini təhlükə altına ata bilər. Fransa, İngiltərə və Almaniya artıq şənbə günü Rusiyaya xəbərdarlıq etmişdilər ki, onun İranla ticarəti təmin etmək tələbləri İrana qarşı sanksiyaların ləğvi ilə bağlı demək olar ki, tamamlanan razılaşmanı təhlükə altına qoyur. Fikir verirsinizsə, Tehran Rusiya-Ukrayna qarşıdurması ilə bağlı yüksək səslə bəyanatlar vermir. İran hakimiyyətinin Ukrayna ətrafındakı münaqişə ilə bağlı rəsmi mövqeyi hərbi əməliyyatlardan imtina, dərhal atəşkəs və danışıqlara çağırışdır. Bununla yanaşı, Tehran tərəflərin hərəkətlərinə qiymət vermir. Bu, İran üçün “atom” sazişinin imzalanmasının və sanksiyalardan qurtulmasının vacib olduğunu deməyə əsas verir. Bunun nəticəsində İran qərb bazarına qayıda bilər və qısa müddətdə sanksiyalar zamanı toplanmış 100 milyon barrel nefti bu bazara çıxara bilər. Qərb İran neftinin köməyi ilə bazarı sabitləşdirə və yanacağın qiymətini aşağı sala bilərdi. Bu kontekstdə Azərbaycanla İran arasında yeni kommunikasiya əlaqələrinin yaradılması Qərb tərəfindən kifayət qədər müsbət qarşılana bilər.

- Dəhlizin açılması Ermənistanla İranın münasibətlərinə necə təsir edə bilər?

- Düşünmürəm ki, Tehranla Bakı arasında münasibətlərin yaxşılaşması fonunda İrəvanla Tehran arasında münasibətlər pisləşə bilər. İran İrəvanın etibarlı ticarət tərəfdaşıdır. Təbii ki, yenə də üçüncü ölkələrin təsir rıçaqlarının təsiri altında İrəvan alternativlər tapa bilərdi. Amma hazırda bu münasibətlər əlverişlidir.

- Bakının Naxçıvanla quru əlaqəsini bərpa etməsinin son dərəcə vacib olduğunu nəzərə alsaq, İran bu dəhlizdən Azərbaycana təzyiq rıçaqı kimi istifadə edə bilərmi? Bunun üçün ilkin şərtlər varmı?

- Məncə, əksinə də ola bilər. İran Azərbaycandan ixrac və tranzitlə Bakının özündən daha çox maraqlıdır.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə