Xocalı soyqırımı bizim qan yaddaşımızdır ŞƏRH

Xocalı soyqırımı bizim qan yaddaşımızdır ŞƏRH

30 il bundan öncə erməni faşistləri Azərbaycan xalqına qarşı böyük hərbi cinayətə imza atıb, soyqırımı siyasəti həyata keçirib və bəşəri bir cinayət törədiblər. Bu cinayət bir daha Ermənistandakı hakimiyyətin əsl xislətini ortaya qoydu. Faciənin üzərindən 30 il keçdikdən sonra bu günləri biz ilk dəfə böyük qürur hissi ilə qeyd edə bilərik ki, Xocalı qurbanlarının intiqamı alınmışdır. Bu gün onların ruhu şaddır. Onlar erməni faşizminin çox dəhşətli cinayətinin qurbanına çevrilmişdilər. Xocalı qurbanları olan şəxslər günahsız insanlar olublar. Onlara qarşı hərbi cinayət törədilib. Bu cinayəti törədən Ermənistan və onun hərbi qüvvələri artıq ağ bayraq qaldırıblar. 10 mindən çox fərariləri var. Gec-tez ədalət öz yerini tapıb və tapmaqdadır.

44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Soyqırım zamanı və Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın, millətimizin qanı yerdə qalmadı. Ərazi bütövlüyümüzü təmin etdik. Amma ərazi bütövlüyümüzü təmin etsək də, ermənilərin xalqımıza yaşatdığı faciələri gələcək nəsillərə çatdırmaq, onları yaddaşımızda saxlamaq, unutmamaq üçün hər il dövlət səviyyəsində anım tədbirlərini qeyd edirik. Xocalı soyqırımının beynəlxalq aləmdə, dünya dövlətləri arasında tanınması üçün müəyyən tədbirlər həyata keçirilmiş və 2008-ci ildən bu günə qədər “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət almışdır. Bu kampaniya çərçivəsində erməni vəhşiliyi bir daha dünya ictimaiyyətinə çatdırılmış və nəticə olaraq artıq bir çox dövlətlər Xocalı soyqırımına beynəlxalq siyasi qiymət vermişlər. Bu, təbii ki, bizim üçün yetərli deyil. Xocalı soyqırımına hüquqi qiymətin verilməsi daha yaxşı olardı və soyqırımı törədənlər öz layiqli cəzalarını almalıdır.

Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Hətta Bakı, Quba, Urmiya soyqırımlarını belə heç kim yaddaşlarımızdan silə bilməz. Eyni zamanda, bütün bunlar bizi ayıq saxlamaq, düşmənə qarşı mübarizədə lazımi ciddiyyət göstərmək üçün lazımdır. Düşünürəm ki, hətta böyük qələbəmizdən sonra belə Xocalı soyqırımının unudulmaması təkcə Azərbaycanın yox, həm də dünyanın xeyrinədir. Faşizm, aqresiyya, soyqırım pislənməlidir. Bunlar tək Azərbaycan üçün deyil, bütün dünya üçün lazımdır. Azərbaycan da dünyanın humanist xalqlarından biridir və belə bir xalqın da öz tarixindəki bu tipli halları unutması mümkün deyil.

Qoy dünya bu məsələlərə bir daha qiymət versin və görsün ki, Azərbaycan 30 il ərzində terrorçu və faşist rejimi ilə üz-üzə qalmışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. İşğaldan azad olunmuş bütün ərazilərimizin dirçəldilməsi şəhidlərimizin ruhunu daha da şad edəcək.

Misirxan Vəliyev

YAP Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə