Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da Qarabağ müharibəsinin başa çatması haqqında bəyannamənin imzalanmasından keçən bir il Cənubi Qafqazda kövrək postmüharibə reallığı yaradıb. Əsas nəticə ondan ibarətdir ki, Bakı və İrəvan arasındakı münasibətlərdə keçmiş sovet dövründə olduğu kimi qarşıdurma modelindən imtina meylləri artmağa başlayıb. Bu da səbəbsiz deyil. Müharibə edən tərəflərin inkişafdan geri qalması, insan itkisi, ölkədəki qeyri-müəyyənlik əsas verir ki, dövlətlər bu tendensiyanı dəyişsinlər, insanları üzün sürən müharibənin gətirdiyi bəlalardan qoruya bilsinlər.
...Bir il əvvələ qədər Ermənistan tərəfinin təcavüzkar siyasəti nəticəsində iki ölkənin xalqları arasında 34 illik ciddi qarşıdurma hökm sürürdü. Son 1 ili hesablamasaq, müstəqillik qazanmış hər iki keçmiş sovet respublikasının gündəmində yalnız müharibə mövzusu hakim idi. Yeni torpaqlar ələ keçirməyə öyrəncəli erməni millətçiləri xaricdə hazırlanan və ələlxüsus da Cənubi Qafqazda reallaşdırılan layihələrin icraçısı kimi həm qonşu xalqlarla dinc yanaşı yaşamaqdan imtina edir, onların torpaqlarına göz dikir, o cümlədən haqsız və gücsüz olduqları halda dünya ictimaiyyətindən kömək də istəyirdilər. Hətta ermənilərin yalan maşını o qədər dərinə nüfuz etmişdi ki, bu bataqlıq girdabından necə çıxacaqlarını da da unutmuşdular.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin başa çatmasından 1 ildən artıq vaxt keçir. İki qonşu ölkə arasında inamsızlığa, Ermənistanda revanşistlərin hələ də müharibə iddiasından əl çəkmədiklərinə və bu səbəblərdən baş verən qarşıdurmalara baxmayaraq təqvim ilinin sonuna kimi kommunikasiyaların blokadadan çıxarılması, həmçinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üçün ilkin şərtlər artıq formalaşma mərhələsindədir.
Noyabrın 9-da təxirə salınmış Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti iki həftə gecikmə ilə - noyabrın 26-da Soçidə keçirildi. Bu görüş nəinki deeskalasiyaya nail olmağa imkan yaratdı, həm də Qarabağ ətrafında baş verən prosesləri dalandan çıxardı, ona yeni sürət verdi. Ermənistanla Azərbaycan arasında müharibənin başa çatmasının ilk ili həm də SSRİ-nin süqutunu tezləşdirən və keçmiş sovet respublikalarının müstəqillik qazanmasına yol açan 1991-ci il dekabrın 8-də Belovejskaya sazişinin imzalanmasının 30-cu ildönümü ili idi.
Keçmiş sovet respublikalarının əksəriyyəti regionda öz mövqelərini və bu mövqe ilə bağlı inkişaf strategiyasını çoxdan qərarlaşdırdığı halda, Azərbaycan və Ermənistan isə yalnız ötən ilin payızında 44 günlük müharibəyə qədər ölkənin bütün ərazisini əhatə edə bilən layihələr həyata keçirmək imkanında deyildilər. Baxmayaraq ki, Azərbaycan işğala məruz qalmışdı, Ermənistan tərəfindən 20 faiz torpaqlarımız işğal edilmişdi, regionun ən iri layihələrinə məhz rəsmi Bakının xeyir-duasından sonra başlana bilərdi. Azərbaycan Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizinə sahib idi. Amma bu rəqəm artıq da ola bilərdi, əgər təcavüz aktı olmasaydı, Ermənistan torpaqlarımızı işğal etməsəydi, ölkəmizdə 1 milyondan artıq məcburi köçkün olmasaydı.
Ötən ilin hadisələri göstərdi ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişlərə sadiqlik bəyan edilsə də, İrəvanla Bakı arasında münasibətlər hələ də düşmənçilik mövqeyində qalır. Çünki, hər iki tərəf ötənilki sülh sazişlərinin mənasını müxtəlif cür şərh edir və çox vaxt üst-üstə düşməyən və ya bir-biri ilə ziddiyyət təşkil edən alternativ planlarını irəli sürürlər. Müharibədən sonrakı inkişaf üçün ən əlverişli şəraitə nail olmaq, nəqliyyat-iqtisadi kommunikasiyaların bloklanması və yekunda delimitasiyasının aparılması məsələlərinin həllində uduzan tərəf olmamaq istəyi İrəvan və Bakıya nizamlanmaya doğru sürətlə irəliləməyə imkan vermir. Nəticədə 2021-ci ildə Cənubi Qafqazda sülh prosesi dalğalarla inkişaf etdi, danışıqlar prosesində tərəqqi yeni eskalasiya və bundan qaynaqlanan uzun fasilələrlə əvəz olundu.

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib və bu görüşdə bütün iqtisadi və nəqliyyat əlaqələrini təmin etmək üçün üç ölkənin baş nazirlərinin müavinlərinin başçılığı ilə işçi qrupun yaradılması barədə razılıq əldə olundu. Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli danışıqlarda nədən danışılmışdırsa həmin fikirləri öz xalqı ilə bölüşdü, regionda yeni dövrün, yeni münasibətlərin formalaşdığını bəyan etdi və vətəndaşları bu reallıqla tanış etdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə fikirlərində köklü dəyişiklik edərək və əsasən də daxili auditoriyaya hesablanmış fikirlər səsləndirdi. Ki, bu da çox zərərli yanaşmadır.
Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu məsələsini nəhayət gündəmdən çıxardığını nəzərə alaraq Cənubi Qafqazın iqtisadi inkişafı və bunun üçün altıtərəfli platformanın yaradılması məsələlərinə diqqət yetirməyə başlayıb. “Altılıq” iki üçlükdən ibarət olacaq, onlardan biri üç Cənubi Qafqaz respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan, digəri – regionun ən böyük resurs, siyasi və siyasi potensiala malik aparıcı dövlətləri olan Rusiya, Türkiyə və İran olacaq...
İqtisadi layihələri həyata keçirmək üçün platforma, ağıllı rəhbər və işçi qüvvəsi lazımdırsa, siyasi layihələri həyata keçirmək üçün siyasi liderə və onu başa düşən, qiymətləndirən və onun arxasınca gedən xalqa ehtiyac var. Azərbaycandan fərqli olaraq Ermənistanda hakimiyyətlə xalq arasında dərin uçurum var, nəinki müxalifətlə iqtidar, hətta hakimiyyətdaxili çəkişmələr də ölkənin son akkordlar vurduğunu göstərir. Ona görə də Ermənistanın indiki baş naziri Nikol Paşinyan vəziyyətdən çıxış yolunu xalqı aldatmaqda görür. Bunu xalq da görür və kapitulyant rəhbərindən hər an can qurtarmağa çalışır. İlin əvvəlindən İrəvanın daxili siyasətinə uyğun gəlməyən qarşıdurma, hərbi çevrilişə uğursuz cəhd, kütləvi küçə etirazları getdikcə artmağa başlayıb. Aksiya iştirakçıları müharibə və sülh məsələlərində baş nazir Nikol Paşinyanı milli maraqların əlehinə mövqe tutmaqda və erməni xalqına qarşı sui-qəsddə ittiham etməkdə davam ediblər. İrəvandakı etirazlar 2021-ci ilin iyununda Nikol Paşinyanın “Mənim addımım” partiyasının inamla qalib gəldiyi növbədənkənar parlament seçkilərindən sonra da sakitləşməyib.

Müharibədən sonrakı bir ildə Ermənistanın baş nazirinin hər addımına qarşı onun radikal rəqibləri daha dağıdıcı addımlar atmağa cəhd etsələr də bu, alınmadı. Müharibədə məğlub olmasına baxmayaraq Paşinyan daxili rəqiblərinə uduzmaq niyyətində olmadığını hər addımda büruzə verir. Çünki baş nazirin bəzi üstünlükləri var, onun siyasi rəqibləri, xüsusən də keçmiş prezidentlər dərin korrupsiya bataqlığından hələ də çıxa bilməyiblər. İş o yerə gəlib ki, seçicilər 30 il xalqa "xoşbəxt gələcək" vəd edən, əslində isə bütün ölkəni talayan, cinayətkar əməlləri ilə insanları təngə gətirən "Qarabağ klanı"na yox, onlardan daha betərinə, müharibənin başlanmasına, torpaqların itirilməsinə və nəhayət 10 minə yaxın erməni əsgərinin ölümündə günahkar sayılan Paşinyana səs verdilər. Bir sözlə Ermənistanda paradokslar saymaqla bitmir.
Bir ildə tərəflər arasında baş verən qarşıdurmalardan biri də 12 may tarixində oldu. Səbəb isə bu idi ki, Ermənistanın 30 illik işğal siyasəti Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya prosesləri həyata keçirilməyə mane olmuşdu. Ermənistanın məğlub ölkə kimi başı daxili problemlərinə qarışdığından Azərbaycanla sərhədlərini müəyyənləşdirməyi sonrakı vaxta saxlamışdısa, Azərbaycan fərqli məsələlərlə məşğul idi. Rəsmi Bakı Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə sərhədlərdən başlamışdı. Bu isə İrəvanı qane etmirdi. Bəhz bu səbəbdən Azərbaycanın 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar bəyanatlarına uyğun olaraq sərhədlərin bərpası prosesinə başlaması qarşı tərəfin silahlı qüvvələri tərəfindən mane olmağa cəhd edildi. Mayın 12-də Qara göl bölgəsində Azərbaycan hərbçiləri ilə Erməni ordusu üz-üzə gəlsə də ikincilərin uğursuzluğu ilə nəticələndi.
Xatırladaq ki, Qara göl Azərbaycanın Laçın rayonu ərazisində yerləşir və 5 km uzunluğunda sahil xəttinə malikdir və Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəddir. Sovet dövründən sərhədin demarkasiyası və delimitasiyası aparılmayıb. Amma bu o demək deyil ki, Ermənistan fürsət bilib Qara gölü özünün ərazisi hesab edə bilər. Buna baxmayaraq daxili etirazları sakitləşdirmək niyyətində olan Paşinyan könülsüz olsa da, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi yardım üçün müraciət etməsi də işə yaramadı. 5 üzvdən 3-ü Azərbaycan hərbiçilərinin durduğu mövqeləri Ermənistan ərazisi hesab etmədiklərindən məsələyə hərbi müdaxilə etmək istəmədilər. Bu, əslində KTMT-nin monolit hərbi ittifaq olmadığının danılmaz sübutu idi. “Böhran vəziyyətini siyasi üsullarla həll etmək lazımdır. Əgər nəticə əldə olunmazsa, o zaman hərbi-siyasi mexanizmlər tətbiq edilməlidir”, - deyə Nikol Paşinyan o zaman KTMT sazişində və Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətlərində belə hallar üçün məlum funksiyaların nəzərdə tutulduğu haqda fikir bildirərək xəbərdarlıq etsə də bu, havadan asılı qaldı. Məlum oldu ki, KTMT-yə üz ölkələr artıq Ermənistanın yalanlarından usanıblar.

Qəribədir ki, Cənubi Qafqazda eskalasiya Qarabağ müharibəsinə son qoymaq üçün 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin ildönümü ərəfəsində də pik həddə çatmışdı. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu tarixə hazırladıqları və videokonfrans formatında keçirilməsi nəzərdə tutulan yeni sammiti baş tutmadı. Nikol Paşinyan tələsik “görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını” bəyan edərək, bunu “özlüyündə məqsəd” hesab etməməyə çağırdı. Noyabrın 16-da isə Zəngəzur sərhəd rayonunda iki ölkənin silahlı qüvvələri arasında intensiv toqquşmalar baş verdi. Ermənistan tərəfi yenə yalan məlumat yayaraq Azərbaycan hərbçilərinin qonşu dövlətin ərazisinə hücuma başladığı barədə məlumat yaydı. Hətta israrla bildirildi ki, İrəvanı ölkənin cənub rayonları və İranla birləşdirən marşrut təhlükə altına düşüb. Bakı da öz növbəsində eskalasiyanın səbəbini İrəvanda gördü və Ermənistan silahlı qüvvələrini Azərbaycan hərbi postlarına hücumda ittiham etdi. Lakin tərəflər yenidən genişmiqyaslı münaqişədən yayına bildilər. Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 9-da təxirə salınmış üçtərəfli görüşün noyabrın 26-da Soçidə keçirilməsi qərarını dəstəklədilər. Demək olar ki, 11 aylıq fasilədən sonra bu il ikinci dəfə keçirilən üçtərəfli görüş nəinki deeskalasiyaya nail olmağa imkan verdi, həm də prosesi dalandan çıxardı, ona yeni sürət verdi.
Soçidə keçirilən sammitin əsas nəticəsi sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın işinə başlamaq üçün yaxın vaxtlarda əldə olunan razılıq oldu. Bu prosesin ikitərəfli formatda - birbaşa Bakı ilə İrəvan arasında Rusiyanın texniki yardımı ilə həyata keçirilməsi planlaşdırıldı.
Lakin etiraf etmək lazımdır ki, Soçidə Bakı ilə İrəvan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olmaq üçün sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Soçi sammitindən sonra, ilin sonunda Qarabağ nizamlanması Brüsselə köçdü. “Şərq Tərəfdaşlığı” sammitinə gələn İlham Əliyev və Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə forum çərçivəsində görüşdülər.
Nikol Paşinyan və Çarlz Mişellə danışıqlar ərəfəsində İlham Əliyev bildirib ki, bu görüş “çox şeyə aydınlıq gətirəcək”. NATO-nun baş katibi Yens Stoltenberq ilə üçtərəfli danışıqlardan əvvəl Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti “Biz düşmənçilik səhifəsini çevirməyə və sülh sazişi üzərində işləməyə hazırıq” deyib.
Görüş başa çatdıqdan sonra məlum oldu ki, Aİ-nin Cənubi Qafqaz üçün Moskvanın planından ayrı heç bir sülh planı yoxdur. Çarlz Mişelin bəyanatında deyilir: “Baş nazir Paşinyan və prezident Əliyev 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qəbul edilmiş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş razılaşmaların yerinə yetirilməli olduğunu təsdiqləyiblər.
Beləliklə, Avropa İttifaqı Rusiyanın Qarabağ nizamlanmasında aparıcı rolunu tanıdı və Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün diplomatik təsirindən istifadə etməyə hazır olduğunu nümayiş etdirdi.
Qeyd edək ki, işğaldan azad olunmuş Qarabağ torpağının bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Artıq bir sıra iri infrastruktur layihələri tamamlanıb, bir çoxu icra mərhələsindədir.

Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə bir etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. 2020-ci il noyabrın 16-da başlanan təməlqoymalar elektirk enerjisi, avtomobil və dəmir yolları infrastrukturlarında, hava limanlarında genişmiqyaslı tikinti işlərinə rəvac verib. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb və bu məbləğ 2022-ci ilin büdcəsində də artıqlaması ilə əks olunub.
Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-sahibkar tərəfdaşlığının inkişafını təmin edən, o cümlədən, ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların qurulması –Prezident İlham Əliyev tərəfindən Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə tarixi, dini və mədəni abidələrimizin bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensialının əyani təzahürü olmaqla bütün dünyada heyrətlə qarşılanır. Bununla yanaşı, Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin Baş planları Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında hazırlanaraq, təqdim edilib.
Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanılması, beləliklə, işğaldan azad edilən bölgəmizdə müasir yol-nəqliyyat infrastrukturunun sürətli şəkildə yaradılması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməlini qoyub.
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlanıracaq. Dəhliz, həmçinin Azərbaycan, Türkiyə və İran arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq.
Beləliklə Azərbaycanı qarşıda yeni uğurlar, hələ də işğalçılılıq iddialarından əl çəkməyən Ermənistanı tənəzzül gözləyir. Bu artıq reallıqdır...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB