“Ərdoğanın səfəri sıradan bir səfər deyil və xüsusi əhəmiyyət kəsb edir” - POLİTOLOQ ŞƏRH ETDİ
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Füzuli aeroportunun açılışı ilə bağlı gəlməsi əlbəttə ki, iki qardaş ölkə arasında yüksək əlaqələrin dinamik inkişafının nəticəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq vurğulayıb ki, bu, həmçinin, Türkiyənin artıq bu regionda olduğunun və Azərbaycanın yanında olduğunun göstəricisidir.
“Cənab Ərdoğanın səfər proqramına Zəngilan rayonunun salınması, müəyyən əkin sahələri istiqamətində gəzintilər təyin olunması, xüsusilə Araz çayı ətrafında müəyyən bir səfər proqramı əlbəttə ki, burada müəyyən dövlətlərə, xüsusilə, İrana da bir mesajdır. Çünki, bu istiqamətdə İran hərbi təlimlər keçirməklə Azərbaycana qarşı dırnaqarası əzələ nümayiş etdirməyə çalışdı, amma Azərbaycanın prinsipial mövqeyi, Türkiyənin siyasi dəstəyi ilə bu kimi Azərbaycana qarşı olan avantüranın qarşısı alındı.
Hesab edirəm ki, indiki situasiyada məhz cənab Ərdoğanın hava limanı açılışında iştirak etməsi, səfərləri, verəcəyi mesajlar xüsusi əhəmiyyət kəsb edir və bundan sonra Azərbaycana qarşı cənub istiqamətində hərhansı bir təzyiqin tamamilə qarşısını alacaq. Təkcə cənub istiqamətdə deyil, şimal və ön tərəfdən də müəyyən dərəcədə təzyiqlər var ki, onlar da neytrallaşdırılacaq.
Ümumiyyətlə, cənab Ərdoğanın səfəri sıradan bir səfər deyil. Böyük geopolitik layihələr həyata keçirilən zaman belə bir səfər reallaşır və bu səfərdə artıq Azərbaycanın yanında olduğunu, Azərbaycana qarşı hərhansı bir dövlətin təzyiq edəcəyi təqdirdə Türkiyənin həmin dövlətlə qarşı-qarşıya olacağı barədə bir mesajdır.
Bütün xəbərlər Facebook səhifəmizdə