Ruslar İzauranın xilas olmaq ümidlərini niyə və necə qırdılar? TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, sülhməramlıdan çox sülhməramsızlıq mənzərəsi

Bu yaxınlarda Şuşa yaxınlığında, rus sülhməramlılarının məsul olduqları bölgədə maraqlı və əslində, düşündürücü hadisə baş verib. Xankəndidə yaşayan 32 yaşlı İzaura Balasanyan adlı 32 yaşlı erməni qadın özünün dörd azyaşlı övladları ilə Rusiya SM-nın postlarında xidmət edən hərbçilərə yaxınlaşaraq, Azərbaycan həbrçilərinin postlarına doğru keçmək istəyini bildirib. O, qeyd edib ki, azyaşlı övladları ilə yaşamağa yeri yoxdur və evinə - Şuşaya geri dönmək istəyir.

İzaura Balasanyan: “Ruslar mənə dedilər ki, lazım deyil, bu ayıb bir işdir, sizin xalqınıza şərəf gətirməz”

İzaura Balasanyan deyib: “Hə, mən Şuşaya ona görə yola düşmüşəm ki, mənim evim yoxdur. Mən mərhum ərimin və anamın fotoşəkillərini götürərək Şuşaya doğru qalxdım. Təmas xəttinə çatandan sonra ruslar şəhərə girişimə icazə vermədilər. Onlar mənə dedilər: “Lazım deyil, bu ayıb bir işdir, sizin xalqınıza şərəf gətirməz”. Mən şəhərə daxil olmadım. Türklərlə (azərbaycanlıları nəzərdə tutur) rusların arasında dayanmışdım. Ona ruslar öz rəsmilərinə telefon zəngi etdilər, o da “nazirliyə” (qondarma qurumun strukturunu nəzərdə tutur) müraciət etdi ki, sizinkilərdən bir nəfər türklərə təslim olmağa hazırlaşır. Bax beləcə, “Milli təhlükəsizlik Xidməti” gəldi”.

Maraqlıdır, məgər üçtərəfli bəyanatda Azərbaycana inteqrasiya olunmaq istəyən ermənilərə nəyin ayıb olması, nəyin isə ayıb olmaması, ya da şərəf gətirib-gətirməməsi barədə izahların edilməsi barədə Rusiya SM-ı üçün hazırlanmış ayrıca bəndmi mövcuddur?

Beləliklə, İzauranın dediklərindən daha hansı nəticələri çıxara bilərik?

1. Həqiqətən də Xankəndi və Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdə yaşayan ermənilərin sosial və maddi vəziyyətləri ifrat dərəcədə pisdir və onların yaşadıqları adi bir hər gün məşəqqətlidir. Əbəs deyil ki, İzaura öz şikayətində onu da bildirib ki, əvvəllər Xankəndidəki rejim onun üçün yaşayış yeri ayırmışdı, lakin sonradan həmin məkandan çıxarılıb. O isə kirayə ev tutub, lakin evin sahibi kirayə haqqını artırdığı üçün onun evi tərk etməkdən başqa çarəsi qalmayıb.

2. İzaura Balasanyan Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşıdır və o, nəticə etibarı ilə bunu dərk edib. Ona görə də, separatçı rejimin onun qayğısına qalmayacağını, taleyin hökmünə buraxıldığını birdəfəlik anlayaraq, pənahını, xilasını Azərbaycan dövlətində axtarmaq qərarına gəlib.

3. Qərarını verdikdən sonra isə yola düşən İzaura Rusiya sülhməramlılarının postlarını keçə bilməyib və bu məqam xüsusi diqqətə alınmalıdır. Belə ki, Rusiya sülhməramlıları erməni milliyyətindən olan Azərbaycan vətəndaşının normal həyata inteqrasiya olunmasına maneə törədiblər!

Halbuki, onların vəzifələrindən biri də məhz tərəflər arasında sülhü təmin etmək, birgəyaşayış mühitini yaratmaqdır. Sual yaranır: nəyə görə onların səlahiyyətliləri məlumatı separatçıların hansısa “orqanlarına” xəbər verib, lakin Azərbaycanın müvafiq qurumları ilə əlaqə yaratmayıb? Məsələ bəllidir, Rusiya SM-rı kontingenti əlinə düşən hər imkanında təxribat xarakterli əməllərə rəvac verir (Laçın dəhlizi vasitəsi ilə erməni silahlılarını Qarabağ ərazisinə buraxdığı kimi) və bu da onun növbətisidir.

Ya sülhpərvər olun, ya da..!

Nəticə olaraq isə fakt budur ki, artıq bundan sonra İzaura Balasanyanın yaşadığı taleyə bənzər hadisələrin tez-tez şahidlərinə çevriləcəyik. Qarşıdan soyuq aylar gəlir və Xankəndi, eləcə də digər ermənilər yaşayan ərazilərdə elektrik enerjisinin kəsintiləri, qaz, su problemləri daha da artmağa başlayacaq.

Rus sülhməramlıları isə, əslində, bu kimi sülhməramsızlıqları vasitəsi ilə erməni mənşəli Azərbaycan vətəndaşlarının inteqrasiya proseslərinə, bax, bu kimi davranışları ilə mane olacaqlar. Daha yaxşı olardı ki, müvafiq strukturlarımız onlara bu istiqamətdə barmaq silkələsinlər və müəyyən dərslər keçsinlər ki, “başınız girməyən yerə bədəninizi dürtməyin”, ya sülhpərvər olun, ya da..!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə