Metyu Brayza: "44 günlük müharibə Cənubi Qafqazda sabitliyə ən böyük maneəni aradan qaldırdı" - MÜSAHİBƏ
Amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Caliber” analitik mərkəzinə müsahibəsində 2-ci Qarabağ müharibəsi və onun nəticəsində bölgədə yaranmış vəziyyətlə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Cənab Brayza, 44 günlük müharibədən sonra bölgədəki vəziyyətlə bağlı nə deyə bilərsiniz? Qiymətləndirməniz necədir?
-44 günlük müharibə Cənubi Qafqazda uzunmüddətli sabitliyə ən əhəmiyyətli və aşılmaz görünən əngəllərdən birini aradan qaldırdı. Beləliklə, Azərbaycan və Ermənistan, eləcə də Gürcüstan üçün uzunmüddətli sabitlik üçün yeni imkanlar verdi. Təəssüf ki, Ermənistanın təcrid olunması ona əhəmiyyətli fayda gətirəcək bir çox regional layihələrdən kənarda qalmasına səbəb oldu.
Bununla belə, Ermənistan siyasətində baş nazir Paşinyan və onun siyasi partiyasının son parlament seçkilərində qazandığı qələbədə əks olunan fikir dəyişikliyini müşahidə etməyə başlayıram. Ümid edirəm ki, bu tendensiya davam edəcək və 10 noyabr tarixli bəyanatın son bəndində göstərildiyi kimi bütün nəqliyyat əlaqələri yenidən açılacaq. Bu da öz növbəsində Qafqazın hər üç ölkəsi üçün yeni imkanların açılmasına və sonradan Avropa ilə iqtisadi inteqrasiyasına səbəb olacaqdır.
Başa düşürəm ki, Gürcüstandakı müəyyən siyasi dairələr ölkələrinin Xəzər və Qara dənizləri arasında Türkiyə ilə birləşdirən əsas nəqliyyat qovşağı rolunu itirə biləcəyindən narahatdırlar. Ancaq hər üç ölkə iqtisadiyyatlarını birləşdirmək və iqtisadi artımı stimullaşdırmaq üçün birlikdə işləyə bilsələr, o zaman Gürcüstan nəinki son dərəcə əhəmiyyətli nəqliyyat marşrutlarına malik olacaq, həm də yeni üstünlüklər əldə edəcək.
Türkiyə, Rusiya və İran kimi qonşu ölkələr təbii ki, sonrakı hadisələrin inkişafında mühüm rol oynayacaq. Ancaq nəzərə almağa dəyər ki, bəlkə də, bütün tarixlərində heç vaxt Azərbaycan, Ermənistan və Gürcüstanın öz müqəddəratını təyin etmək üçün bu qədər böyük potensialı yox idi.
- Siz təkcə ABŞ-ın Azərbaycandakı səfiri deyildiniz, həm də ATƏT-in Minsk Qrupunun həmsədri idiniz, yəni həm münaqişənin səbəbləri, həm nəticələri, həm də Ermənistanın dağıdıcı mövqeyi səbəbindən uzanan danışıqlar prosesi ilə yaxşı tanışsınız. Buna görə sizə bir sualım var: 2020 -ci ilin sentyabrınadək Azərbaycanın beynəlxalq təşkilatların köməyinə ümid etmədən öz torpaqlarını təkbaşına qaytaracağını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü həyata keçirəcəyini təsəvvür edə bilərsinizmi?
- Düzünü desəm, yox. Azərbaycanın bu təşkilatların köməyi olmadan işğal altında olan torpaqlarını geri qaytaracağını təsəvvür edə bilməzdim. Amma eyni zamanda demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının həmin 4 qətnaməsi olmadan, BMT və ATƏT-in Minsk qrupunun iştirakı olmadan Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mövqeyi o qədər də inandırıcı görünməzdi.
- ABŞ Qarabağın bərpasında iştirak edəcəkmi? Bu, necə və hansı şəkildə təzahür edəcək?
- Hazırda ABŞ-ın Qarabağın yenidən qurulmasında necə iştirak edəcəyi barədə heç nə deyə bilmərəm, çünki Bayden administrasiyası Əfqanıstana 20 illik müdaxilədən sonra hərbi kontingentimizin fəlakətli nəticəsini nəzərə alaraq, hələlik, başa düşülən cavab verə bilmir. Hesab edirəm ki, Cənubi Qafqazda liderliyini nümayiş etdirmək və davamlı sülh arzusunun altını çəkmək ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur.
- Türkiyənin Cənubi Qafqaz bölgəsindəki rolunu necə qiymətləndirirsiniz?
- 2020-ci ilin iyul ayından etibarən Türkiyənin Cənubi Qafqazda təsiri kəskin artdı. Bu, Ermənistanla Azərbaycan arasında Tovuz hərbi toqquşması zamanı baş verib. Sonra ABŞ və Fransa siyasi proseslərdən çəkilməyə qərar verdilər və nəticədə Rusiya və Türkiyə tərəfindən doldurulan bir növ diplomatik boşluq yarandı.
Minsk qrupunun ABŞ-dan olan həmsədri kimi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Türkiyə uzun müddətdir ki, bölgədə daha əhəmiyyətli rol oynamaq istəyirdi, lakin müəyyən siyasi səbəblərdən buna nail ola bilmədi. Ancaq yuxarıda qeyd etdiyim bölgədəki siyasi boşluq Türkiyənin Osmanlı İmperatorluğunun dağılmasından sonra ilk dəfə Cənubi Qafqazda bir daha böyük oyunçu olmasına imkan verdi.
Türkiyə indi Cənubi Qafqazda vəziyyəti yalnız sülhməramlılığı baxımından deyil, həm də iqtisadi baxımdan sabitləşdirməkdə həlledici rol oynamaq imkanına malikdir. Əminəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir araya gələrsə və Türkiyə investisiyalarının fəal iştirakı ilə yaxın gələcəkdə çiçəklənəcəklər. Şəxsən mən bu fikirlərə sahib olan bir çox nüfuzlu iş adamlarını tanıyıram. Fikrimcə, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyədə bir-biri ilə əlaqəli ola biləcək mütəşəkkil sənaye zonalarının inkişafı yolu ilə iqtisadi artım, sabitlik və iş yerlərinin açılması üçün böyük imkanlar var.
- Sizcə, niyə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə qanunsuz erməni birləşmələrinin tərksilahı yoxdur? Üstəlik, Rusiya sülhməramlılarının Qarabağa hərbi qüvvələrini göndərən Ermənistanla bir araya gəldiklərinə dair məlumatlar var. Moskva niyə öhdəliklərini yerinə yetirmir?
- Mənə elə gəlmir ki, Rusiya Qarabağda qanunsuz silahlı dəstələri tərksilah etmək öhdəliklərini yerinə yetirmir, amma mən də bunu inkar edə bilmərəm. Sadəcə, bir şeyi təsdiq edəcək etibarlı məlumatım yoxdur. Amma hələ də inana bilmirəm ki, Rusiya Azərbaycanla Ermənistan arasında ciddi silahlı münaqişənin bərpasını istəyir. O, Azərbaycanla daha möhkəm əlaqələr qurmaq əzmindədir və Ermənistanla münasibətlərin daha da kəskinləşməsini istəmir. Putin tərəfindən imzalanan üçtərəfli atəşkəs bəyannaməsinin həyata keçirilməsini təmin etmək Kremlin maraqlarına uyğundur.
Şəxsən mən əminəm ki, əgər Azərbaycan və Ermənistan bir növ razılaşsaydılar və bu iş üzərində birgə çalışsaydılar, sonda Putin Rusiyanı bölgədəki dominant təsirindən məhrum etməmək üçün bu razılığa qarşı çıxmazdı.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB