Şərqi Zəngəzur – növbəti zəfərlərə doğru aparan qətiyyət yolu! ANALİTİK

İlham Əliyev: "Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq"

"...Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq", - bu sözləri Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib. Bəli, bu sözlər Müzəffət Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı vurğulanıb. Artıq dövlət başçımızın ənənəvi Qarabağ və Şərqi Zəngəzur səfərləri də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, çox qısa zaman kəsimində uzun illər işğal altında qalmış və 44 günlük Vətən müharibəsində azad edilmiş torpaqlar yeni nəfəs alacaq, öz doğma yurd-yuvalarına geri dönəcək insanlarımız yenidən bu əraziləri canlandıracaq.

Lakin söz yox ki, bütün bunlara qədər görüləcək işlər var və bilavasitə cənab İlham Əliyevin praqmatik, uzaqgörən, qətiyyətli və müdrik siyasəti nəticəsində qarşıda dayanan perpektivlər reallaşdırılacaq. Hətta belə demək mümkündürsə, qarşıya qoyulan məqsədlərin yarıdan çoxu planlı qaydada icra olunub, həyata keçirilib.

O da əbəs deyil ki, Prezident İlham Əliyev inşaat işlərinin nə qədər vaxt aparacağının deyilməsinin çətin olduğunu qeyd etsə də, Azərbaycan dövlətinin bunun "maksimum qısa müddətdə" reallaşdırılacağını da vurğulayıb.

Başladılan işlər qarşıdakı aylarda da öz sürətini qoruyacaq və burada dayanan prioritet məsələlərdən ən əsası qaçqın və məcburi köçkünlərin tezliklə öz doğna yerlərinə qaytarılması, onların sosial şəraitlərinin münbit şəkildə həll olunmasıdır

Etiraf edək ki, azad edilmiş ərazilərimizdə, xüsusilə Şərqi Zəngəzurda və azad edilmiş Qarabağ regionunun dağlıq ərazilərində payız və qış ayları çox sərt, soyuq və şaxtalı havalarla müşahidə olunur və dövlətimizin başçısı öncədən proqnoz verərək bildirib ki, belə olan halda nəqliyyat vasitələrinin işində də müəyyən çətinliklər yaşana bilər. Lakin Prezident bildirib ki, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. SİTAT: “Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur".

Ölkə başçımızın bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, hər şeyə rəğmən, başladılan işlər qarşıdakı aylarda da öz sürətini qoruyacaq və burada dayanan prioritet məsələlərdən ən əsası qaçqın və məcburi köçkünlərin tezliklə öz doğna yerlərinə qaytarılması, onların sosial şəraitlərinin münbit şəkildə həll olunmasıdır.

Hava limanları həm mülki, həm hərbi təyinatlı olacaq

Prezident İlham Əliuyev Laçın rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının təməlqoyma mərasiminə qatılarkən daha bir mühüm faktora toxunaraq bu nəhəng infrastrukturun önəmləri barədə danışıb. Belə ki, Onun sözlərinə görə, məhz Azərbaycan şirkəti tərəfindən inşa ediləcək yeni aeroport bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialını artıracaq. Yeri gəlmişkən, onu da xatırlatmaq olar ki, bir zamanlar, daha dəqiq desək SSRİ dönəmində Laçın və Kəlbəcər əraziləri Azərbaycanın ən çox ziyarət edilən turistik məkanlarından biri olub və söz yox ki, bu böyük və turizm şəraiti imkan verən cənnəy məkanlar yenidən dünyanın bu sahəsinə öz möhürünü vuracaq.

İlham Əliyev Zəngilan Hava Limanının 2022-ci ildə istifadəyə veriləcəyini deyib

"Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək", deyə qeyd edən Prezident İlham Əliyev bu vasitə ilə daha bir əhəmiyyətli mesajını vermiş olub. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizin, Ordumuzun potensialının daha da artırılması, gücləndirilməsi istiqamətində hərbi siyasətin davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev məhz hava limanlarının istifadəsində mülki ilə yanaşı, hərbi məqsədlərin də reallaşdırılacağını vurğulayıb və hələ də Azərbaycanın sülh sazişi imzalama təkliflərini qulaqrdına vuran Ermənistanın işğalçılıq ritorikasında qalmasına eyham vurub. Belə olan halda isə Azərbaycan daim öz müdafiə siyasətini gücləndirməlidir. Bu baxımdan, mülki hava limanları həm də hərbi təyinat istiqamətində də fəaliyyət göstərəcək.

Dövlət sərhədimizi möhkəmləndiririk

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədini möhkəmləndirir və hazırda əsas vəzifə budur. O cümlədən, Ermənistanın hələ də işğalçılıq düşüncəsində qalmasını əks etdirən müxtəlif siqnallar da belə bir nəticə hasil edir ki, görünür bu ölkənin rəhbərliyi yenidən acı məğlubiyyət və bu dəfə birdəfəlik kapitulyasiyaya uğramaq istəyir. “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik", deyə dövlətimizin başçısı vurğulayıb.

Zəngəzur dəhlizi dədə-baba torpaqlarına açılan qapıdır

Cənab Prezident deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarını dədə-baba torpaqlarına qaytaracaq. Bəli, məhz tarixi torpaqlarımıza da qayıdış mütləq baş tutacaq və buna kimsənin şübhəsi də yoxdur. SİTAT: "Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq", deyə dövlətimizin başçısı əlavə edib.

"Ya bizə təzminat ödəyəcəklər, ya da ki,..."

Prezident İlham Əliyev torpaqların işğalı dövründə Azərbaycanın təbii sərvətlərini çıxarmaqda iştirak edən xarici şirkətlərin beynəlxalq məhkəməyə veriləcəyini deyib.

"Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".

Prezident vurğulayıb ki, ermənilər və xarici şirkətlər işğal altında olmuş ərazilərdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə cavab verəcəklər. "Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik", dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, artıq Azərbaycan öz haqq işini davam etdirir və xalqımız öz Liderinin, Müzəfər Ali Baş Komandanının ətrafında daha sıx briləşərək, qarşıda növbəti zəfərlərini əldə edəcək. Düşmən Ermənistan isə nə qədər gec deyil, növbəti buraxdığı səhvlərindən əl çəkməli, sülh sazşiniə imza atmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, əks halda…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə