Cəllad Njde və terrorçu Monte hələ də Qarabağdan bizə baxırlar! TƏRS BAXIŞ

Qarabağda və Ermənistanla təyin olunmamış sərhədyanı ərazilərdə düşmənin artıq hər gün tətbiq etdiyi təxribat cəhdləri ilə yanaşı, digər işğalçılıq məqamları öz mövcudluğunu qoruyub-saxlamaqdadır. SİA xəbər verir ki, bir neçə ay əvvəl Rusiya sülhməramlılarının məsul olduqları Azərbaycan ərazilərində erməni terrorçularına ucaldılmış abidələr bu gün də öz yerlərində qalmaqdadır. Hətta faşist Almaniyası üzərində qazanılmış qələbənin 76-cı ildönümü ərəfəsində erməni cəlladı, Hitlerin əlaltısı - Qaregin Njdeyə qoyulmuş abidənin qaldırılacağı barədə söz-söhbətlər gəzməyə başlasa da, sonradan bu məsələlər də geridə qaldı və abidənin üzəri brezent çadırla örtüldü.

Yoxsa bir ovuc erməninin qarşısında gözükölgəli əməlləri-filanımı var?

Bu gün isə faşist cəlladının abidəsi yenidən aşkardadır, hətta onun ətrafında abadlıq işləri görülüb, üstəlik, park salınıb (?!). Təbii ki, belə bir iyrənc, idbar bir mənzərənin faşist Almaniyası ilə müharibədə ən çox itki vermiş Rusiyanın gözü qarşısında, daha dəqiq desək, rus sülhməramlılarının gözləri önündə dayanması isə belə deməyə zəmin yaradır ki, rus hərbçiləri və onların komandanlıqları baş verən bu biabırçı olayı həzm edirlər. Amma niyə, nəyə görə? Yoxsa bir ovuc erməninin qarşısında gözükölgəli əməlləri-filanımı var?

Lakin söz yox ki, Azərbaycan sözügedən mənzərəni həzm etmir və heç vaxt etməyəcək – o zamana qədər ki, separatçı və işğalçı xislətlilər o torpaqları tərk etməyənə qədər Njdenin murdar abidəsinin sökülməsi tələbi öz qüvvəsində qalacaq.

Əgər çəkinirlərsə, kənara çəkilərək o murdar gil, daş yığınının Azərbaycan hərbçiləri tərəfindən bir neçə saniyəyə necə məhv edilməsini seyr etsinlər

Bu da azmış kimi, Rusiya sülhməramlılarının fəaliyyət göstərdikləri Azərbaycan ərazilərində digər erməni terrorçusu – ASALA-nın Birinci Qarabağ müharibəsində cəhənnəmə vasil edilmiş liderlərindən olan Monte Melkonyanın da abidəsi ucalır. Dünyanın bir çox nöqtələrində terror aksiyaları törətmiş bu mənfur ünsürün əlində yüzlərlə dinc azərbaycanlı qanı var və söz yox ki, belə halların hələ də öz mövcudluğunu qoruyub-saxlaması heç bir halda qəbul edilən deyil.

Təbii ki, hər iki cəlladın və terrorçunun abidələri gec, ya da tez kökündən məhv olunmağa məruz qalacaq və buna kimsənin şübhəsi yoxdur. Ancaq həmin abidələrin günü bu gün də Rusiya sülhməramlılarının necə deyərlər, düz burunlarının altında dayanmaları istər-istəməz suallar doğurur – onlar faşist abidələri qarşısında növbə çəkməkdən qürur duyurlar, yoxsa bir ovuc separatçı yığnağındanmı çəkinirlər? Əgər çəkinirlərsə, kənara çəkilərək o murdar gil, daş yığınının Azərbaycan hərbçiləri tərəfindən bir neçə saniyəyə necə məhv edilməsini seyr etsinlər. Çünki belə davam edə bilməz!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə