“ABŞ Konqresi yenə də təcavüzkarları müdafiə edir” - KOMİTƏ SƏDRİNİN ŞƏRHİ

ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı düzəlişi qəbul etməsi Amerika siyasətçilərinin iç üzünü ortaya qoyur və Azərbaycan həqiqətləri ilə tanış olan hər bir kəsdə ikrah hissi doğurur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komirə sədri qeyd edib ki, 30 il torpaqları işğal altında qalan, yüzlərlə şəhər və kəndləri xarabalığa çevrilən, bir milyondan çox qaçqın və köçkünü olan Azərbaycanın haqq səsini uzun illər eşitmədiyi, təcavüzkar Ermənistana heç bir təsir göstərmədiyi halda ABŞ Konqresi amerikalı siyasətçilər öz torpaqlarını düşməndən azad edən dövlətimiz haqqında yenə də qərəzli sənədlər qəbul edirlər.

“Bu, əlbəttə ki, Amerika diplomatiyasının demokratiyaya, insan haqlarına əsaslandığını deyil, mənfur, çirkin məqsədlərə xidmət etdiyini göstərir. Ancaq ləyaqəti və insanlığı pula satan, erməni lobbisinin əlində oyuncağa çevrilən Amerika siyasi dairələri, deputatları, məsul şəxsləri bilməlidirlər ki, Azərbaycan haqq yolundadır, onun mübarizəsi ədalətli mübarizədir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, müzəffər ordumuzun qələbəsi, xalqımızın birliyi nəticəsində 44 günlük döyüşlərdə qazanılan tarixi qələbə bütün dünyaya göstərdi ki, xalqımızın haqq işi uğrunda mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz. Ədalətsiz qəbul olunan sənədlər, qətnamələr və qərarlar bizi öz yolumuzdan döndərə bilməz. Əgər Azərbaycan çətin günlərdə düşmən qarşısında əyilmədisə, başqa dövlətlərə əl açıb imdad diləmədisə, indi güclü və qüdrətli olduğu bir vaxtda yenə də özünə, öz rəhbərinə, ordusuna, xalqına, dost ölkələrə arxalanıb torpaqlarının azadlığı və mühafizəsi uğrunda qətiyyətlə mübarizə aparacaqdır. Amerika siyasətçiləri bir daha anlamalıdırlar ki, verdikləri bu qərarlarla özlərini dünyada rüsvay edirlər. Amerikanın, Amerika xalqının, Amerika dövlətinin imicinə ağır zərbə vurmuş olurlar”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə