“Ermənistan mövcud konfiqurasiyanı pozmaq istəyir” POLİTOLOQUN MARAQLI YANAŞMASI

“Ermənistan mövcud konfiqurasiyanı pozmaq istəyir” POLİTOLOQUN MARAQLI YANAŞMASI

Ermənistanın hərbi təxribatlar həyata keçirməsinin əsas məqsədi sərhəddə yaranmış vəziyyətə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, belə göründü ki, Ermənistanda seçkilərdən sonra hökumət formalaşır, ümumiyyətlə, bölgədə bir sakitlik hökm sürür və bu da Ermənistanın marağında deyildi.

“İndiki konfiqurasiya, müharibə bitdikdən sonra noyabrda formalaşan konfiqurasiya, hansı ki, gözə görünən, sənədləri qəbul edən Azərbaycan, Ermənistan, Rusiya və gözə görünməyən Türkiyənin iştirakı olmaqla dördtərəfli konfiqurasiyadır və Ermənistan bu konfiqurasiyanı pozmaq istəyir, yaxud bura əlavə ölkələrin cəlb edilməsi niyyətindədir. Çünki artıq Ermənistan tərəfi anlayır ki, seçkilər də bitib və seçkilərdən sonra hökumət yaxın bir həftə ərzində formalaşacaqdır və Ermənistanda artıq prosesləri ləngitmək üçün hər hansı bir səbəb də qalmayacaqdır. Putinin də fəallaşması, cənab Prezident İlham Əliyevlə görüşdən sonra Paşinyana zəng etməsi onun göstəricisidir və onu deməyə əsas verir ki, artıq qəbul edilmiş qərarların icrasına keçmək vaxtıdır. Konkret addımların, razılaşmaların həyata keçirilməsinə həqiqətən də start vermək vaxtıdır. Artıq daxili siyasi böhranmı deyim, seçkilərmi deyim geridə qalıbdır və qərar qəbul etmə vaxtı gəlib çatıb. Belə bir şəraitdə əlbəttə ki, Ermənistan prosesləri ləngitmək üçün yenə də kənar dövlətlərin iştirakına can atır. Birdən-birə Avropa İttifaqı Şurası rəhbərinin bölgəyə səfəri, Fransa prezidentinin səfəri təsadüfi deyil, bunlar elə bil tələsirlər ki, əldə olunmuş razılaşmalarda ya iştirak eləsinlər, hansı ki, Ermənistan buna prinsipcə razılıq verir, yaxud yeni razılaşmalar ortaya atsınlar. Yəni bu, xarici bir müdaxilənin göstəricisidir və Ermənistan da atəşkəsin pozulması ilə elə bil ki, həmin qüvvələrə, əsasən, Qərb ölkələrinə bunun üçün şərait yaradır ki, onlar bu konfiqurasiyaya daxil olsunlar. Çünki təkrar edirəm ki, hazırkı konfiqurasiyada artıq qərarların qəbul edilməsi, layihələrin həyata keçirilməsi vaxtıdır və bütün formalarda da, cənab Prezident də bunu bildirib, Ermənistanı sülhə məcburetmə kimi bir addımların həyata keçirilməsi öz nəticəsini verməkdədir. Bax, əsas səbəbi mən bunda görürəm”, - deyə Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə