Aram Qabrielyan bu dəfə erməni müxalifətini hədəfə aldı İRONİK İTTİHAM
“Əgər siz ölkəni xilas edə bilməyəcəksinizsə, insanlar sizdən də Paşinyanda olduğu kimi, bu cür üz döndərəcəklər”
44 günlük müharibə vaxtı "WarGonzo" adlı layihə hazırlayaraq, məhz onun vasitəsi ilə rusiyalı reportyor Semyon Peqova Qarabağ cəbhəsində qanunsuz çəkilişlər aparıb, saxta məlumatlar yaymağı tapşıran Rusiyadan olan erməni mediamaqnatı Aram Qabrielyan (sosial şəbəkələrdə Aşotıç kimi tanınır-R.R.) Ermənistanın uğradığı ağır məğlubiyyətdən sonra revanşçı və etirazçı müxalifətin yanında yer aldı. Belə ki, müxalifətin ard-arda keçirdiyi etiraz yürüşləri və mitinqlərinə dəstək göstərən Qabrielyan nəticədə onların da heç nəyə nail ola bilmədiklərini gördükdən sonra bu dəfə hədəf kimi məhz onları götürüb.
“Dözün, sabah xəyanətkar Paşinyanı devirəcəyik, qışın sonuna qədər dözün, devirəcəyik, isti günəşli vaxta qədər dözün, devirəcəyik”
SİA xəbər verir ki, özünün teleqram kanalında müxalifətçilərin lideri Vazgen Manukyana, keçmiş pezidentlər Levon Ter-Petrosyana, Robert Koçaryana və Serj Saqrsyana, həmçinin keçmiş hakimiyyət nümayəndələrinə ironik yanaşma edən Aram Qabrielyan özünün teleqram səhifəsində yazıb. SİTAT: “Bilirsiniz, yaxşı və baha otellərin restoranlarında şef aşpazları çox qiymətləndirirlər. Xüsusilə səhər naharlarını keyfiyyətli hazırlayan aşpazlara. Hesab olunur ki, otel qonaqları səhər naharlarını çox sevir və dəyərləndirirlər. Günə necə başlayırsansa, elə də davam edəcək. Erməni müxalifətinin bütünü, 17 partiyanın hər biri, həmin keçmiş prezidentlər, baş nazirlər, onları əhatə edənlər dünyanın ən yaxşı aşpazlarıdırlar. Bunu görmək, hiss etmək lazımdır: dörd aydan çoxdur ki, onlar dünya ermənilərini səhər naharları ilə təmin edirlər. Dözün, sabah xəyanətkar Paşinyanı devirəcəyik, qışın sonuna qədər dözün, devirəcəyik, isti günəşli vaxta qədər dözün, devirəcəyik”.
“Bu aylar ərzində mən yüzlərlə ifadələr eşitdim - Kreml, Makron, Bayden, Soros, Şmoros”
Qabrielyan bu vasitə ilə müxalifət liderlərinin erməni xalqının başına ip salıb oynatdıqlarını iddia edərək davam edir: “Özlərini müxalifət adlandırıblar, meqafonları (səsgücləndiriciləri – R.R.) alıblar öz əllərinə, müxtəlif dillərdə müsahibələr verirlər, şahmatçılar, biznesmenlər, keçmiş siyasətçilər, kürəkənlər (eks-prezident Serj Sarqsyanın İtaliyada yaşayan kürəkəni, sabiq səfir Mikael Minasyana işarə edir-R.R.), kürəkənlərin dostları, kimlər olursa-olsun. Yazırlar, müzakirə edirlər, dolma yeyirlər, əla konyak içirlər – ürəkləri nə istəyirlərsə edirlər, amma Paşinyanı devirmirlər. Bu aylar ərzində mən yüzlərlə ifadələr eşitdim - Kreml, Makron, Bayden, Soros, Şmoros. Birinci sual yaranır – bəs siz, müxalifətçilər kimlərsiniz?
İkinci sual – Sorosu Ermənistana mən buraxmışam? Yeqova şahidlərini Ermənistana mən daxil etmişəm?
Üçüncü sual - Levondan (Ter-Petrosyandan) başlayaraq Paşinyana qədər İrəvandakı bir-birindən cah-cəlallı evləri mən tikmişəm, yoxsa sizlər – generallar və məmurlar?”
“Gözləyirsiniz ki, onlar yığışaraq əclafı atacaqlar çölə və hakimiyyəti də sizə təhvil verib deyəcəklər: daha otuz il sükanı əlinizdə saxlayın?”
Rusiyalı erməni mediamaqnatı hazırkı müxalifətin ölkəni talan edənlərdən ibarət olduğunu da yazıb: “Bu yoxsul ölkəni 30 il mən talan etmişəm? Hansı ki, nəticədə paşinyançı “Mənim Addımım”ı təmsil edən əclaflar da bu yolu tutublar. Axı müxalifət olaraq heç nə edə bilmirsiniz, yığışın və bunu deyin: ermənilər, biz varlı adamlarıq, biz iradəmizi itirmişik, biz heç nə edə bilmirik. Biz gedirik. Boğulanları xilas etmək boğanların öz əllərinin işidir. Heç olmasa bu cür daha doğru olar”.
“Siz otuz il süni şəkildə erməniləri diasporlara yönəldirdiniz”, deyə yazan Qabrielyanov müxalifətçilərin ümidlərini diaspora tikmələrini də ittiham edib.
“İndi nədir? Gözləyirsiniz ki, onlar yığışaraq əclafı atacaqlar çölə və hakimiyyəti də sizə təhvil verib deyəvəklər: daha otuz il sükanı əlinizdə saxlayın? Yanılırsınız. Bir az zaman keçəcək, əgər siz ölkəni xilas edə bilməyəcəksinizsə, insanlar sizdən də Paşinyanda olduğu kimi, bu cür üz döndərəcəklər. Mən 25 ildir ki, siyasətlə və jurnalistika ilə məşğulam, nə danışdığımı da bilirəm!”, deyə Aram Qabrielyanov erməni müxalifətinə qarşı yürütdüyü ittihamını sona çatdırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB