"Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir" Məşhur Məmmədov

"Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayət edən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu hadisə Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçib. Xocalı soyqırımı XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş ağır cinayət kimi tarixə düşüb". Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünü qeyd edirik: "Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib və Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib".

Dövlətimizin hücum diplomatiyasının həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynadığını deyən Məşhur Məmmədov bildirib ki, ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub: "Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsinin onuncu ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: "Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar".

"Xüsusi olaraq qeyd etməliyəm ki, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi hüquqi qiymətini aldı. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosid) günü haqqında" xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi",-deyən millət vəkili Məşhur Məmmədov onu da söyləyib ki, bununla da Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görüldü, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Böyük öndərin 25 fevral 1997-ci il tarixli sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17-00-də Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Prezident İlham Əliyevin bugünkü fəaliyyəti Heydər Əliyev amallarına xidmətin nümunəsidir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın azadlığı üçün böyük qətiyyətlə çalışır. Ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, onların xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən quruldu, ətrafı abadlaşdırıldı. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gəlir, soyqırım qurbanlarının xatirəsini yad edir".

M.Məmmədov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə böyük fədakarlıq və vətənpərvərlik nümayiş etdirildiyini deyib: "Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anma mərasimləri keçirilir. Fondun bu mövzuda çox sayda nəşrləri, filmləri, demək olar ki, dünyanın bütün ölkələrinə çatdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilən "Xocalıya ədalət" kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdən məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib".

Məşhur Məmmədov onu da vurğulayıb ki, Ali Baş Komandınımızın rəhbərliyi ilə İqtidar-Xalq həmrəyliyi nəticəsində 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən müharibədə azad edildi: "Qalib ölkənin rəhbəri kimi İlham Əliyevin qətiyyəti və gördüyü işlərin nəticəsi olaraq gec-tez nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. Ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət qalib gəldi, bütün şəhidlərimizin, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq Ermənistan məğlub edilmiş, Azərbaycan isə zəfər çalmış ölkədir. Ermənistan mövcudluğunun sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaq. Ümid edirəm ki, Xocalı soyqırımında aktiv iştirak etmiş erməni cəlladlarının beynəlxalq mühakimə edilməsi günü də uzaq deyil".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə