"GUAM-da yalnız separatizmə məruz qalmış dövlətlər birləşibilər" - AÇIQLAMA

"Türkiyənin Rusiya ilə Donesk və Dombasla, o cümlədən Dnestryanı ərazilərdə əməkdaşlıq edəcəyinə bir qədər şübhə ilə yanaşıram. Türkiyənin digər məsələlərdən fərqli olaraq Krımın ilhaqı ilə bağlı məsələyə münasibəti birmənalıdır və onu Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Türkiyə qeyd edib ki, Ukraynanın burada ərazi bütövlüyünü təmin etmək onun konstitutsion hüququdur və beynəlxalq hüququn normalarına əsaslanır. Donesk və Dombass da Ukraynaya aid olan ərazilərdir. Bu gün həmin ərazilərdə biləvasitə Rusiyanın dəstəyi ilə rəsmi Kiyevə qarşı hərəkətliliyin başlaması rəsmi sənədlərlə təstiqini tapmasa da, hər halda Avropa Birliyinin, ayrı-ayrı Qərb institularının bu məsələyə münasibəti bəllidir". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Türkiyənin də bu məsələdə mövqeyi Avropa Birliyinin mövqeyindən o qədər də fərqlənmir: "Əslində 44 günlük ll Qarabağ Müharibəsində də Türkiyənin Britaniyanın xüsusi xidmət orqanları ilə və rəsmi Kiyevlə apardığı danışıqlar olmuşdu. O danışıqlardan sonra Türkiyə dronlarını rəsmi Kiyevə sata biləcəyi ilə bağlı açıqlamalar vermişdi. Düşünürəm ki, Türkiyə Donesk və Dombasın Ukraynanın ərazisi olduğu amilindən çıxış edərək burada Rusiya ilə əməkdaşlıq etməyəcək. O ki, qaldı Moldovaya, zamanında Dnestryanı bölgələrə Rusiya qoşunlarının yerləşdirilməsi Moldova hökuməti ilə razılaşdırıldı. Sonradan burada müəyyən problemlər yaşandı. Gürcüstanda, Ukraynada, Moldovada və eyni zamanda Qarabağda yaranmış münaqişələr beynəlxalq birlik tərəfindən dolayısı ilə Rusiyanın dəstəklədiyi münaqişələr kimi dəyərləndirilirdi. Əslində GUAM təşkilatının ərsəyə gəlməsində də bu amilin ciddi rolu olmuşdu. Diqqət etsək görərik ki, GUAM-da yalnız separatizmə məruz qalmış dövlətlər birləşibilər".

Politoloq hesab edir ki, Rusiyanın Qarabağ probleminə münasibəti Gürcüstan, Ukrayna və Moldovadakı problemlərə münasibətindən fərqli olduğu üçün Qarabağ problemi həllini tapdı: "Rusiyanın Dağlıq Qarabağ probleminə münasibəti sadalanan digər 3 dövlətin probleminə münasibətindən fərqli idi. Diqqət etsək, Rusiya Prezidenti Vladimir Putinin də öz çıxışlarında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi dəyərləndirdiyini görərik. Bu müharinin gedişində də oxşar oldu. Ona görə də mən Qarabağda Rusiya ilə əməkdaşlığa gedən Türkiyənin Moldova və xüsusən də Ukraynanın problemlərində indiki geosiyasi reallıqlar şəraitində əməkdaşlığa gedəcəyini mümkün görmürəm. Perspektivdə çox güman ki, Türkiyə Moldovada Qaqauzların mövqeyində çıxış edərək məsələyə münasibət bildirəcək. Amma bu eyni zamanda Qaqauzların mövqeyindən də asılı olacaq. Hazırda Qaqauzların mövqeyi Rusiyanın istəklərinə müəyyən mənada cavab verir. Çünki Qaqauzlar Moldovanın NATO ölkəsi olan Rumıniyaya birləşdirilməsinin yalnız referendum yolu ilə mümkün olacağını bəyan edirlər. Onlar əks halda bunun Moldova qanunvericiliyinə zidd bir addım olacağını qeyd edirlər. Belə olan halda Qaqauzlar fərqli mövqe sərgiləyəcəklərini bildiriblər".

E.Manafov hesab edir ki, Dnestryanı problemin həlli ilə bağlı Qaqauzların sərgiləyəcəyi mövqe (hələ ki, bu Rusiyanın maraqlarına cavab verir) Türkiyə tərəfindən nəzərə alınacaq: "Amma Ukrayna məsələsində Türkiyə Rusiya ilə əməkdaşlıq etməyəcək. Ukrayna probleminin həlli üçün artıq Avropa Birliyinin özünün də təmsil olunduğu "Normand formatı" var. Danışıqlar artıq Minsk qrupu (Bu Qarabağla bağlı olan Minsk qrupu deyil) çərçivəsində gedir. Hesab edirəm ki, danışıqlar "Normand formatı"nın çərçivəsində gedəcək və burada Türkiyənin vasitəçiliyinə o qədər də gərək olmayacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə