27 illik həsrətə son - Kəlbəcər işğaldan azad edildi

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. “Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlının sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub: “Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək. Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək”.

71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb

Xatırladaq ki, işğalçı Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

İşğalçı Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr olduğu kimi, bu qətnamə də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.

Kəlbəcərdən köç: 27 il əvvəl və indi

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlamışdı.

Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələri və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər.

Aleksey Naumov: “Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü”

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən bildirib ki, Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırdı. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməmişdi: “Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, cəsədləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir. Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü”.

Aleksey Naumov Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan torpağı olduğunu, onun öz ərazilərini geri qaytarmaq üçün mübarizə apardığını vurğulayan ekspert deyib: “Ən əsası isə rəsmi Bakı Şuşa şəhərini aldığı zaman alicənablıq göstərərək razılıq verdi ki, sülhməramlılar əraziyə buraxılsın, rayonlar mərhələ-mərhələ, tədricən Azərbaycana qaytarılsın. Azərbaycanın özünü bu vəziyyətdə bundan da artıq necə alicənablıqla apara biləcəyini təsəvvür edə bilmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün vaxt verildi”.

Aleksey Naumov 1993-cü ildə azərbaycanlıların Kəlbəcərdən çılpaq, ayaqyalın qaçmasını da xatırladıb: “Bu tamamilə faciəli vəziyyət idi və onu bu gün də unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik”.

Ekspert Ermənistan hakimiyyətinin bu vəziyyətdə belə, özünü qeyri-adekvat aparmasından danışaraq deyib: “Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almağı, yumruğunu sıxaraq, onların hesab etdiyi kimi - “özününkünü” qaytarmaq istəyirsən. Lakin biz qisasçılığın nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada XX əsrdə çox yaxşı görmüşük”.

Rusiyalı ekspert çıxışının sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın öz qürurunu udaraq İlham Əliyevə zəng etməli olduğunu bildirib. “Azərbaycan bu gün belə bir vəziyyətdə özünü maksimum alicənab aparır, çünki 1993-cü ili unuda bilmərik”, - deyə o, əlavə edib.

Ancaq belə bir söz var “Qisas qiyamətə qalmaz”, həmçinin cinayətkar cəzasız qalmayacaq!. Azərbaycan bu vəhşiliklərin hesabını Ermənistandan mütləq soruşacaq. Ermənistan beynəlxalq hüquq qarşısında mütləq cavab verəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə