"Özlərinə qaytardılar" - RİA Novosti-nin Ağdamdan reportajı

Qarabağ əraziləri tədricən Azərbaycana qaytarılır. Bu günlərdə Bakı Ağdam rayonuna nəzarəti ələ keçirdi. İlk müharibə zamanı bu yerlərin sakinləri əziyyət çəkdilər. Bu torpaqlar boşaldıldı. Ancaq indi Azərbaycan hakimiyyətinin açıqlamalarına görə, 90-cı illərdə müharibə nəticəsində köçkün düşənlər buraya gəlməyə başlayacaqlar.

Kabuslar şəhəri

Xankəndidən çıxdıqda - qazılmış bir zirehli personal daşıyıcısı. Sülhməramlılar kiçik bir tonqalın yanında isinirlər. Qarabağda dağlıq hissəsində hava pisləşir və soyuyur. Ancaq yerli sakinlərin dediyinə görə, bura az hallarda qar yağır.

Jurnalistlərin olduğu avtobus hərbi kolona qoşulub və şimala - Ağdam rayonuna gedir. Moskva, Bakı və İrəvan arasında bağlanmış üçtərəfli razılaşmalara görə, bu ərazilər 27 ildən sonra Azərbaycana qaytarılır.

Rus hərbçiləri qarşıdakı prosedurun digər tərəfindəki həmkarları ilə razılaşmalı və aktual məsələləri müzakirə etməli olacaqlar. Jurnalistlər maraqlarını gizlətmirlər: nəhayət, Azərbaycan əsgərlərini görəcəyik. Döyüşlər vaxtı Bakı jurnalistlərin ön cəbhə xəttində işləməsinə imkan vermirdi.

Kiçik Əsgəran qəsəbəsini keçirik. Qəsəbənin kənarından bir kilometr məsafədə yerləşən son sülhməramlı postudur. Ətrafdakı düzənliklər səngərlər, postlar, qazmalar. Həm təzə, həm də ot ilə örtülmüşləri var. Birinci Qarabağ müharibəsi zamanı burada qanlı döyüşlər olmuşdu. 1993-cü ilin iyununda erməni silahlı qüvvələri Ağdamın yerli inzibati mərkəzinə hücum etdi. 28 min nəfər əhalisi olan şəhər mühasirəyə alınıb və toplarla atəşə tutuldu. 23 iyulda Ağdam ələ keçirildi. Şəhərdə olan adamların çox azı sağ qaldı.

Ağdam bu gün bir kabuslar şəhəridir. Tamamilə xarabalığa çevrilib. Xarabalıqları tikan və kollar basıb. Bu Azərbaycanın Drezdenidir. Təxminən 30 il keçib, amma burada həyat geri qayıtmayıb. Bu qədər qan tökülən torpağın əslində faydasız olduğu görünür. Rayonda yalnız bir neçə yüz erməni yaşayırdı. Hamısı Azərbaycan hərbçilərinin daxil olmasından bir gün əvvəl çıxarıldı.

Sağ qalmış məscid

Ağdamın sağ qalan yeganə binası - mərkəzi məscidin yanında kolon yavaşlayır. İki minarədə Azərbaycan bayraqları vardır. Bura sülhməramlılar və Azərbaycan hərbçiləri üçün əvvəlcədən razılaşdırılmış görüş yeridir.
Yolun yaxınlığında Türkiyə istehsalı olan 2 Kirpi zirehli avtomaşını var. Digər tərəfdə Rusiya istehsalı "Tiqr" zirehli avtomaşınları. Havada gərginlik yoxdur. Sülhməramlılar və Azərbaycan hərbçiləri olduqca dostcasına ünsiyyət qururlar. Sülhməramlıların hamısı maskalıdır. Kollimator nişangahı olan "Kalaşnikov" avtomatları ilə silahlanıblar. Kamuflyaj rəngləri- beynəlmiləl cizgi motivlidir.

Polkovnik Vaqif Dərgahlı RİA Novosti-yə verdiyi açıqlamada bildirdi ki, silahlı qüvvələrdəki mənəvi ruh əvvəllər heç olmadığı qədər yüksəkdir: "Döyüş qabiliyyətimizi sübut etdik, heç bir düşməndən qorxmuruq. Bu gün əlamətdar bir gündür. 27 il əvvəl itirdiyimiz ərazini geri qaytarırıq. Ətrafınıza baxın. Ermənilər buranı dağdıblar və heç bir şey inşa etməyiblər. Şəhəri bərpa etməli olacağıq. Qısa müddət sonra mülki rəhbərlik, polis, kommunal xidmətlər buraya gələcək. Sülhməramlılara çox təşəkkür edirəm ki, hər şeyi həll edə bildilər".

Polkovnik rus dilini tamamilə səlis bilir. Lvov Ali Hərbi-Siyasi Məktəbində oxuyub və Sovet İttifaqında xidmət etməyə başlayıb. Bir çox həmkarları da SSRİ dövrünü xatırlayır, heç biri ermənilərin və azərbaycanlıların Bryansk bölgəsindən 3 dəfə kiçik bir torpaq üçün bir-birini öldürəcəyini düşünə bilməzdi. Ancaq əsgərlər əmindirlər: ədalətli bir səbəb uğrunda mübarizə apardılar.

Onlardan biri vurğuladı: "Həmişə bizə məxsus olmuş olanı geri qaytardıq. Erməni xalqına qarşı heç bir nifrət hiss etmirəm. Ancaq 90-cı illərdə müharibəni biz başlatmadıq. Əminəm ki, bu gün ədaləti bərpa etdik. Azərbaycanın bir vaxtlar itirilmiş bölgələri yenə bizimdir".

İlk namaz

Azərbaycan əsgərləri məscidin girişində xalça sərirlər. Tezliklə molla görünür. Diqqətlə addımlayaraq bərbad pilləkəndən minarəyə qalxdı. Bir neçə dəqiqə sonra 27 il ərzində ilk dəfə bu məsciddən azan səslənir. Hərbi və mülki şəxslər növbə ilə ayaqqabılarını çıxarır, xalçada dayanıb namaz qılırlar.

"Birinci müharibədə buradan necə köçdüyümüzü xatırlayıram,- yerli sakin Mirusif Əliyev deyir - Bəzi əşyaları bir yük maşınının arxasına yığıb yola düşdük. Evimdən heç nə qalmadı. Amma hər şeyi yenidən tikəcəyik. Bura bizim torpağımızdır və biz bir daha heç vaxt buradan ayrılmayacağıq. Buna görə də, Rusiyanın müharibənin dayandırılmasını mümkün edən mövqeyini çox yüksək qiymətləndiririk. Biz ruslarla qardaş xalqlar idik və belə də qalırıq".

Bu zaman hərbçilər, küçədə, ərazinin xəritəsi üzərində əyilərək bir şey tapmağa davam edirlər. Yarım saat sonra əllərini sıxaraq qucaqlaşırlar və hərbi kolonlar boyunca dağılışırlar. Ruslar hər kəslə eyni dərəcədə düzgün və mehribandır - bu, sülhməramlı ölkənin ordusu üçün yeganə düzgün davranış xətti.

Rusiya sülhməramlı kontingentinin qərargah rəisi general-mayor Andrey Volkov "Bu gün əldə edilən üçtərəfli razılaşmalara uyğun şəkildə Ağdam rayonu tam olaraq Azərbaycanın nəzarətinə keçməkdədir"- deyə izah edir. Hələ ki, dəqiq məlum deyil, Azərbaycan Respublikasının dövlət orqanları nə vaxt yerləşəcəklər. Həmkarlarımız yolların minalardan təmizlənməsi üçün bütün lazımi tədbirləri görürlər. Buradan vaxtında çıxa bilməyən ermənilərin başlarından bir dənə də olsun saç tökülməməsinə əminik. Azərbaycan tərəfi ilə münasibətlər normaldır, heç bir münaqişə yox idi. Və ən əsası: Təxribat olmaması üçün tərəflərin ayrılmasını izləyirik".

Nəhayət başa çatan bu müharibədə həm azərbaycanlıların, həm də ermənilərin öz həqiqətləri var. Kiminsə "yaxşı", kiminsə "pis" olduğunu söyləmək mümkün deyil. Bununla birlikdə, Rusiya, tarixdə dəfələrlə olduğu kimi, silahlı qarşıdurmalara başlamadığını, əksinə, onları sona çatdırdığını sübut etdi. Və bir şey aydındır: Qarabağdakı missiyanın qalacağı müddətdə, Azərbaycan və Ermənistan əsgərləri bir-birlərinə qarşı silah qaldırmayacaqlar.

Müəllif: Andrey Kots
Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə