"Ağdamın azad edilməsi xalq-iqtidar birliyinin məntiqi nəticəsidir" Ağalar Vəliyev

"Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin noyabr ayının 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən 20 noyabrda Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb və Dövlət himni səsləndirilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan tarixinə şanlı zəfər səhifələri yazıldı və erməni işğalı altında olan ərazilərimizin böyük bir hissəsi azad edildi. Ağdamın azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin məntiqi nəticəsidir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

O deyib: "Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz möhtəşəm qələbələrimiz tezliklə Kəlbəcər, Laçın rayonlarının və digər torpaqlarımızın da azad edilməsi ilə, bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə başa çatacaqdır. Müzəffər Ordumuzun erməni işğalçıları üzərində şanlı döyüş qələbələri Ali Baş Komandanın ətrafında xalqın yumruq kimi sıx birləşməsi, əhalidə olan yüksək vətənpərvərlik ruhu, güclü iqtisadiyyat və qüdrətli ordu quruculuğu nəticəsində əldə olunub. Bu gün bütün dünya heyrətlə XXI əsrin hərbi standartlarına ən yüksək səviyyədə cavab verən Azərbaycan Ordusunun 44 gündə apardığı parlaq əks-həmlə əməliyyatlarından danışır".

Milli Məclisin üzvü vurğulayıb ki, qəhrəmanlıq dastanına çevrilmiş bu qələbələr hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını fərəhləndirir və qürur hissi yaradır: "Azərbaycan Prezidentinin 20 noyabrda xalqa müraciətində söylədiyi kimi, Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi".

Millət vəkili qeyd edib ki, 204 min əhalisi olan, işğal edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayon kimi Ağdam üçün yeni tarixi mərhələ - quruculuq mərhələsi başlayır: "Qarşıda böyük vəzifələr dayanır. 27 illik işğal dövründə Qafqazın Xirosimasına çevrilən və böyük dağıntılara məruz qalmış Ağdam rayonu demək olar ki, tamamilə yeni şəhərsalma prinsipləri əsasında qurulacaq, Ağdam şəhəri və kəndləri yenidən tikiləcək. Rayon ərazisində böyük sosial obyektlər tikiləcək, abadlıq işləri aparılacaq və mühüm infrastruktur layihələri icra olunacaq, Bölgənin böyük təbii resursları, insanların təşəbbüskar və işgüzar olmaları bu rayonun tezliklə çiçəklənən və inkişaf edən bir rayona çevriləcəyindən soraq verir. İşğaldan azad edilmiş rayonlarda böyük qayıdışı təmin etmək və əhalinin yeni həyata başlaması üçün dövlətimiz bütün mümkün tədbirləri həyata keçirəcək.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır".

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsini təmsil edən deputat Ağalar Vəliyev Ağdam sakinlərini və seçicilərini Qarabağın dayağı sayılan Ağdamın işğaldan azad edilməsi münasibətilə təbrik edərək deyib: “Əziz ağdamlılar, Əziz seçicilərim! Ağdamın azad olması tarixi zəfərimizdir. Sizi bu münasibətlə təbrik edir, ən səmimi istəklərimi çatdırıram. Hər birinizə can sağlığı və xoşbəxtlik arzulayıram ! Ağdam rayonu artıq bizimdir ! Qarabağ Azərbaycandır !”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə