“Üç gömbul” animasiyası keçərli deyil TƏHLİL

Dağlıq Qarabağda döyüşlər bir aydır davam edir və üç dəfə humanitar barışıq cəhdi uğursuz oldu. ABŞ-ın vasitəçiliyi ilə müzakirə edilən atəşkəs, demək olar ki, dərhal Ermənistan tərəfindən pozuldu. Amerikalılar bölgədə asayişi bərpa edəcəyinə söz verirlər, lakin az adam buna inanar.

Rusiyanın vasitəçiliyi ilə bağlanmış əvvəlki iki razılaşmanın pozulmasını nəzərə alaraq, Pompeo şəxsən bildiridi ki, Zohrab Mnasakanyan və Ceyhun Bayramov Atəşkəs şərtlərinə əməl edəcəklərinə əmin oldu. Amma onun bu əminliyi də ermənilər tərəfindən, işğalçı tərəfdən puça çıxarıldı.

Donald Tramp da Dağlıq Qarabağ nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. “New Hampshire”-dəki tərəfdarlarına danışan prezident, Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. Hətta “bu asan bir işdir" də dedi Ağ Ev rəhbəri. Xatırladaq ki, New Hampshire, bütün seçicilərin seçkilərdə kimə üstünlük verəcəyinə qərar vermədiyi deyilən müəmmalı əyalətlərdən biridir. Nəzərə alsaq ki, yaxın zamanda ABŞ prezedentliyinə seçkilərə hazırlaşılır, bölgədə çox sayda olan erməni diasporasının səsini qazanmaq üçün Tramp belə bir addım atdı.

"Ermənilərə baxın. Onlar cəhənnəmdəki kimi vuruşurlar. Biz Serbiya və Kosovoya problemlərin həllində kömək etdik. Dağlıq Qarabağda da məqsədimiz insan həyatını xilas etməkdir", deyə izdihamın alqışları altında ABŞ lideri fikirlərini çatdırdı.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturdurmaq cəhdləri Rusiya prezidenti tərəfindən də dəstəkləndi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və nizamlanmada kömək edəcək", deyə Vladimir Putin də fikirlərini bölüşdü.

Məsələ burasındadır ki, humanitar atəşkəs 26 oktyabr yerli vaxtla səhər saat 8-də qüvvəyə minsə də, atəşkəs yarım saat belə sürmədi. Ermənistan Silahlı Qüvvələri Tərtəri və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmağa başladı. Tezliklə Ermənistan Müdafiə Nazirliyi də yalançı ittihamlarla, dezinformasiyalarla dolu açıqlaması ilə ortaya çıxdı. Onların açıqlamalarına görə, guya Azərbaycan tərəfi "təmas xəttinin şimal-şərq istiqamətində" artilleriya atəşi açıblar. Maraqlıdır, atəşkəsi Azərbaycan tərəfi birtərəfli şəkildə gözləməlidir, yoxsa, Tramp atəşkəsi Ermənistanın pozmasını bilmədimi?

Bu arada həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Arayik Arutyunyan atəşkəsə əməl etməyə hazır olduqlarını bəyan etdilər. Sual oluna bilər, bəs elan olunan atəşkəs niyə onlar tərəfindən əvvəlcədən gözlənilmədi ki, indi də bərpa edilməsinə ehtiyac duyulsun? Azərbaycan Prezidenti Cənab İlham Əliyev yalnız müvəqqəti möhlətə etiraz etməyib. Bu birdəfəlik atəşkəs deyil və humanitar məqsədlər üçündür. Eyni zamanda ölkə başçısı beynəlxalq vasitəçiləri neytrallığa çağırdı. Çünki, onların tərəfkeşliyi, ermənilərin ikiüzlülüyünə müşahidəçi mövqe nümayiş etdirməsi isbata ehtiyacı olmayan aksiomdur. Belə olan halda, yəni Ermənistan tərəfinin yanlış mövqeyi müdafiə edildiyi, haqsızlığı etiraf edilmədiyi, yeri gələndə kömək edildiyi halda atəşkəsdən, münaqişənin ədalətli həllindən söhbət gedə bilməz. Əgər beynəlxalq vasitəçilər neytrallıq nümayiş etdirmirlərsə, işğalçını öz adı ilə çağırmırsa, nəticə etibarı ilə ədalətin bərpasına çalışmırsa, bunu Azərbaycan özü edə bilər və bu yolda hərbi əməliyyatlara kimlərsə mane ola bilməz. Heç haqqı da çatmır. Sual oluna bilər, 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində hansı uğura imza atdılar ki, indi də qısa zamanda bu həll yolundan dəm vururlar? Belə olduğu təqdirdə vasitəçilər də, beynəlxalq qurumların da dilemma qarşısında qaldığı təkzib edilə bilməz.

Proseslərdə yaxından iştirak edən Sergey Lavrov, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən "xarici oyunçular"a da müraciət etdi. Xüsusilə, Türkiyəyə Qafqazdakı təsirindən istifadə etməsini tövsiyə etdi. "Xarici işlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı sülh yolu ilə nizamlama xəttini dəstəkləməyə inandırmağa çalışırıq", deyə Lavrob bildirir. Amma necə inandıra bilərlər ki, onilliklər boyu bu istiqamətdə bircə dənə də nailiyyət ortada yoxdur? Məgər Çavuşoğlu bundan xəbərsizdir, yoxsa növbəti oyunlara start verilməsinə razı ola bilər? Əsla olmaz və o bunu dəfələrlə də bəyan edib.

ATƏT-in Minsk qrupu barışdırmaq cəhdlərindən əl çəkmir və 29 oktyabr tarixində, cümə axşamı, həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşəcəklər. Maraqlıdır, bu qrup hansı tərəfi və nə ilə barışdırmaq niyyətindədir? Əgər Ermənistan tərəfini işğalçı olması, BMT qətnamələrinə riayət etməsi, işğalçı ordusunu Qarabağdan çıxarması, işğal etdikləri əraziləri qeyd-şərtsiz təhvil verməsi, işğal etdikləri torpaqların Azəbaycana məxsus olması ilə barışdırmaq istəyirsə, buyursun, barışdırsın və iş də burada bitsin. Hərçənd ki, bizimlə yanaşı, bütün dünya ictimaiyyəti də onillər boyunca bunun şahidi olmayıb və erməniləri belə bir addım atmaq məcburiyyətində olmaları ilə, beynəlxalq hüquq qarşısında belə bir məcburiyyət qarşısında olmaları ilə barışdıra bilməyib. Görünür heç səy də göstərməyib və belə olan halda bundan sonrakı səyləri və nailiyyətləri real görünmür. Belə olan halda, bu qurum kimi barışdırmaq istəyir, Azərbaycanı? Nə ilə barışdırmaq istəyir, işğal faktı ilə? Torpaqlarının ermənilr tərəfindən zəbt edilməsi ilə?

Əvvəla, belə bir barışıq onların özlərinə qalsın və heç ümid belə etməsinlər. Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan demişkən, həmsədrlərdən biri olan Fransa, onun təmsilçisi Makron Ermənistana ərazi vermək istəyirsə, getsin Marseli versin. Digər tərəfdən də əgər belə bir qəbulolunmayan barışığa Azərbaycan razı olsaydı vasitəçilər kimə gərək idi və onlara nə ehtiyac duyulurdu?

Beynəlxalq vasitəçi qismində ATƏT-in Minsk Qrupu, bu qrupun üç həmsədri həqiqəti, ədaləti deyil, öz fikrində tutduğunu, öz planlarını reallaşdırmaq, bunu tərəflərə qəbul etdirmək istəyir. Bu mənzərə bir zamanlar hamımızın uşaqlıq illərində izlədiyimiz “Üç gömbul” animasiyasını xatırladır. Sözügedən animasiyada bu gömbullar istədikləri qərarları istədikləri barədə verirlər və hazırda həmin o həmsədrlər belə bir niyyətdədirlərsə, onların həmin o animasiya personajlarından fərqi nədir?

Qeyd olunduğu kimi, yaxın zamanda ABŞ prezidentliyinə seçkilər keçiriləcək ki, Tramp bu seçkilərdə qələbə qazamnaq arzusundadır və bilir ki, ölkədə erməni lobbisi səslərə təsir etmək imkanına malikdir. İndiki dönəmdə Tramp heç də erməni diasporunu, lobbisini narazı salmaq niyyətində deyil və Dağlıq Qarabağla bağlı “canfəşanlıq” göstərməsi də bununla izah oluna bilər. Elə Makronun özü də seçkilərdə erməni əsillilərin səslərini qazanmaq, Fransadakı erməni lobbisinin təsirlərindən mühafizə olunmaq üçün "dəridən-qabıqdan" çıxır. Bu Fransa rəhbərini də nə ədalət maraqlandırmayıb bu zamana qədər, nə də bundan sonra maraqlandıracağına güman yoxdur. Həmsədrlərdən digəri, Rusiya prezidenti Vladimir Putinin özü üçün də bu münaqişə məsələsi, daha doğrusu onun ədalətli həlli məsələsi o qədər önəmli deyil. Bir həmsədr ölkə kimi danışıqlar prosesində sadəcə iştirak etdiyi açıq-aydın görünür. Bunu, həmin ölkə prezidentinin, “Rusiyada çoxlu sayda, 2 milyona yaxın azərbaycanlılar, 2 milyondan çox ermənilər yaşayırlar...”, deməsi və hər iki ölkə ilə münasibətlərin vacibliyini bildirməsi tam şəkildə təsdiq edir. Yəni, Rusiya prezidenti də həmin kontingentin narazı qalmaması maraqlarını güdür. Deməli, münaqişənin üç həmsədr tərəfindən müzakirəsinin təşkili yalnız öz maraqları çərçivəsində aparılıb və bundan sonra da belə aparılması nəzərdə tutulur. Bir sözlə, bu üç həmədr eyni ilə qeyd etdiyimiz animasiyada olduğu kimi davranır, öz istədiklərini qəbul etdirmək niyyəti ilə məsələyə yanaşır. Amma unutmaq lazım deyil ki, animasiya azyaşlılar üçündür və buna yalnız onları inandırmaq olar. Azərbaycanın isə bir dövlət kimi artıq kifayət qədər tarixi, uğurları, qələbələri, beynəlxalq nüfuzu var və bu dövləti aldatmaq kimlərinsə ağlından belə keçməsin. Başqa sözlə, “Üç gömbul” animasiyası keçərli deyil və biz öz haqqımızı, tarixi ədaləti, ərazi bütövlüyümüzü Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti, siyasi iradəsi, bacarığı ilə özümüz, öz gücümüz, öz ordumuz hesabına bərpa edir, təmin edirik ki, bizə kimsə mane ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə