"ABŞ belə Azərbaycanı dayandıra bilməyəcək" ÖZƏL-MÜNASİBƏT

Bu gün ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək. Mənim bu görüşdən elə də böyük gözləntim yoxdur. Amerika ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətlərindən biridir. Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü oldu". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Bildiyiniz kimi Moskva bir az fəaldır. Fransa da bir qədər fəallıq nümayiş etdirir halbuki biz onun siyasətindən ermənipərəst mövqe ortaya qoyduğuna görə uzun müddət narazı qaldıq. Sonra cənab Prezident İlham Əliyev də vurğuladı ki, Fransa prezidenti bir neçə dəfə ona zəng edib. Amerika bu prosesdən geri qalmamaq üçün və görüntü xarakteri olsun deyə, bu görüşü təşkil edir. İkinci bir səbəb odur ki, Amerikada prezident seçkiləri yaxınlaşır. Bir neçə gündən, həftədən sonra prezident seçkiləri baş tutacaq. Təbii ki, erməni lobbisi tərəfindən ABŞ prezidenti Donald Trampa müəyyən qədər təzyiq də vardır. Amma bu görüşdən ciddi nəticə çıxacağını güman etmirəm. Əgər Rusiya bizi dayandıra bilmirsə, Rusiyanın müəyyən təzyiqləri bizə təsir etmirsə, okeanın o tayında super dövlət olsa belə Azərbaycanı dayandıra bilməyəcək. Sadəcə sıradan bir görüş kimi yadda qalacaq. Orada sadəcə fikir mübadiləsi olacaq. Əksinə Amerika rəsmiləri, diplomatları son günlər açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirirlər”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə