Ermənistan Qarabağda ölən əsgərləri "koronaviruslu xəstə" kimi qeydə alır ŞOK + ANALİTİK

İşğalçı və terrorçu Ermənistan hakimiyyəti öz daxili siyasətində belə, dəhşətli, ağlagəlməz addımlara gedir. Heç bir insani keyfiyyətlərə sığmayan, qeyri-humanizm və vəhşilik kimi bilinən daha bir addım isə Nikol Paşinyan hökumətinin Qarabağ cəbhəsinə aşkar ölümə göndərdiyi əsgərlərin və könüllülərin müharibə meydanında öldürüldükdən sonra onların koronavirus xəstəsi kimi qeydə alınmaları ilə bağlıdır. SİA xəbər verir ki, bu barədə faktları aşkarklayan və ictimailəşdirən Rusiya KİV-ləri Ermənistan hökumətinin açıqladığı koronavirus statistikasına aid rəqəmlərin saxta olduğunu, ölənlərin isə COVİD-19-dan deyil, məhz Qarabağ döyüşlərində olduğunu yazır.

"Artıq minlərlə öldürülmüş erməni hərbçinin adları Ermənistanın koronavirusdan vəfat etmiş şəxslərin sihahısına əlavə edilib", deyə rus media qurumları dəhşətli faktı açıqlayıb.

Beləliklə, Ermənistan hökuməti cinayətkarlığını yalnız Azərbaycan xalqına qarşı törətdiyi terrorçuluq əməlləri ilə deyil, həm də zorla ölümə göndərdiyi hərbçilərə, onların ailələrinə də tətbiq edir.

Hər yarım saatdan bir erməni əsgərinin meyiti basdırılır

Lakin faktların üzə çıxması ilə yanaşı, həm də sübut olunub ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Qarabağ döyüşlərində gerçək itkilərini hər nə qədər gizlətməyə çalışsa da, döyüşlərdə ölən ermənilərin real sayı ilə bağlı yeni-yeni faktlar üzə çıxmaqdadır.

Bu arada Rusiyanın məşhur "Kommersant.ru” saytında İrəvandakı Erablur (Üçtəpə) qəbristanlığındakı vəziyyətlə bağlı yazılı reportaj dərc edilib.

Həmin qəbristanlıqda olan nəşrin əməkdaşı yazır ki, dəfn edilən əsgərlərin sayı olduqca çoxdur: "Bazar günü açıqlanan rəsmi rəqəmlərə görə, daha 77 hərbçi həlak olub. Bununla da onların sayı 710-a çatıb. Lakin öz yaxınları ilə sonuncu dəfə vidalaşmağa gələn ermənilərin dediyinə görə, morqlar hələ də kimliyi müəyyən olunmayan meyitlərlə doludur. Onların çoxu MAXE-lərdir, onları qapalı qəbirlərdə basdırmaq lazım gəlir. Erablur qəbristanlığı İrəvanın kənarındadır. Turist və xarici qonaqlar bura gəlmirlər, bura ermənilərin özləri üçündür...”

Jurnalist yazır ki, bu qəbristanlıqda əsasən Qarabağdakı döyüşlərdə ölənlər dəfn olunur. Reportajda qeyd olunur ki, qəbristanlığın təkcə bir kiçik hissəsində 30-dan artıq yeni qəbir var və belə hissələrin sayı çoxdur: "Hər bir həlak olan hərbçinin burada dəfn edilmə haqqı var. Lakin valideynlərin çoxu onları özlərinə yaxın olan və qohumlarının olduğu qəbristanlıqlarda dəfn edirlər.”

Jurnalistlərin danışdırdıqları dəfnə gələn ermənilərdən biri deyir ki, qəbristanlıqda hər yarım satdan bir hərbçi dəfn olunur: "Dünən də buradaydım. Bütün gün ərzində siyahı, cədvəl üzrə dəfn həyata keçirildi. Hər yarım saatdan bir dəfn olur. Bu gün saat 14.00 üçün dəfn nəzərdə tutulub – 3 əsgər birdən...”

"Bilirsiniz nə qədər belə morq var?...”

Jurnalistin danışdırdığı daha bir erməni isə deyir: "Qardaşım oğlunun cəsədini axtaranda müxtəlif morqlara getdik...Mən morqun işçisindən soruşdum ki, nə qədər meyit var. O, cavab verdi ki, 140. Bilirsiniz nə qədər belə morq var?...”

Rusiya nəşrinin İrəvandan hazırladığı reportaj Ermənistan rəhbərliyinin itkilərlə bağlı açıqladığı rəqəmlərin həqiqətdən çox-çox uzaq olduğunu təsdiqləyir.

İrəvanda çoxlu sayda morqlar olduğu və onlardan təkcə birində 140 meyit saxlandığı, müharibənin davam etdiyi 24 gündə yalnız bir qəbristanlıqda hər yarım saatdan bir meyit basdırıldığı, belə qəbristanlıqların sayının onlarla olduğu, ölənlərin əhəmiyyətli hissəsinin İrəvanda deyil, rayonlarda dəfn edildiyi, həmçinin döyüş meydanında hələ də ən azı yüzlərlə erməni cəsədinin qaldığı nəzərə alınsa, Paşinyan hakimiyyətinin açıqladığı rəqəmlərin real ölü sayından qat-qat az olduğuna dair Azərbaycan tərəfinin məlumatları təsdiqini tapır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə