Azərbaycan dünya birliyini necə xilas etdi? - ANALİZ

Dağılmaqda olan dünya birliyi, nüfuzunu itirmiş BMT, ATƏT kimi beynəlxalq təşkilatlar Azərbaycanın sayəsində öz mövqelərini qaytara, dünya sürükləndiyi fəlakətdən qurtula bilər. Necəmi? Bu yazıda izah edəcəyik.

I Yazı

Tarix boyu dünyada müharibələr ara verməyib, hökmranlıq, torpaq və sərvət uğrunda dövlətlər bir-biri ilə döyüşüb, bu qırğınlarda milyardlarla insan ölüb, dünya qan gölünə çevrilib, yüz minlərlə şəhər, kənd xarabaya çevrilib. Obrazlı desək, planetimizin torpaqları qanla suvarılıb. Keçən əsrdə isə 2 böyük dünya müharibəsi və onlarla kiçikmiqyaslı müharibələr baş verib. 100 milyon insan ölüb. Artıq dünyada sülhün təminatı üçün beynəlxalq birliyə, beynəlxalq qanunlara ehtiyac var idi...

BMT niyə yarandı və nə fayda verdi?

Tarixin ən dağıdıcı, ən böyük qırğınlarla müşayiət olunan müharibəsi- 2-ci Dünya Müharibəsindən sonra artıq bəşəriyyətin aparıcı qüvvələri buna son qoymaq üçün hərəkətə keçdi. Dünyadakı problemləri sülh yolu ilə həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Sərhədlərin dəyilməzliyi haqda beynəlxaql konvensiya və sair çox sayda beynəlxalq sənədlər imzalandı. Bundan sonra müharibələr səngidi, bir neçə kiçik müharibəni nəzərə almasaq dünyada sülh hökm sürməyə başlamışdı. Ən azı odlu müharibələr, soyuq müharibə müstəvisinə keçmişdi.

Lakin sosialist blokunun və onun aparıcı qüvvəsi olan SSRİ-nin dağılmasından sonra beynəlxalq qanun və konvensiyalar bir kənara atıldı. Əsasən, Avropada və Asiyada bir neçə ölkə parçalandı, lokal müharibələr baş verdi. Sərhədlərin dəyilməzliyi haqda beynəlxalq konvensiya da, necə deyərlər, getdi işinin dalınca. BMT buna göz yumdu...

Bu hadisələr çox pis bir presedent yaratdı. Bəzi dövlətlər digərlərinin ərazilərini işğal edib özünə qatmaq üçün hərəkətə keçdi. Bəzən, Qərb dövlətlərinin mənafeləri tələb edəndə işə qarışma haları da oldu. Məsələn, İraq Küveyti işğal etməyə girişəndə beynəlxalq birlik sərt reaksiya verdi- İraqa qarşı hərbi müdaxilə etdi və problemi aradan qaldırdı. Lakin artıq parçalanmış Yuqoslaviyanın bir respublikası olan Serbiyanın ərazi bütövlüyünə qarşı həmin beynəlxalq birlik təcavüz etdi və onun daxilində yerləşən Kosovanı müstəqil dövlət kimi tanıdı.

Onsuz da hələ ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan torpaqlarının işğalına cəhd edən Ermənistan bu ikili siyasətdən bəhrələnməyə başladı və Azərbaycanın ərazilərinə hücuma keçdi. Lakin nədənsə, bu dəfə həmin beynəlxaq birliyin səsi çıxmadı, işğalçı ölkəyə qarşı ciddi hərbi, siyasi, iqtisadi təzyiqlər edilmədi. Sadəcə, BMT TŞ-nin qətnamələri qəbul edildi, digər beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar verildi, amma Ermənistan bu qətnamələrə tüpürüb öz işğalçı hərəkətlərini davam etdirdi, özü də beynəlxalq briliyin aparıcı dövlətlərinin köməyi ilə.

Beynəlxalq birlik necə fiaskoya uğradı?

BMT TŞ xüsusən də təhlükəsizlik məsələsində dünyanın ən əsas qərarverici orqanıdır. Onun qəbul etdiyi qərar və qətnamələr mütləq yerinə yetirilməlidir. Lakin Ermənistan işğalına qarşı verilən və onun zəbt edilən Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən hər qətnamədən sonra işğalçı ölkə yeni-yeni ərazilər işğal etməyə başladı. Beləliklə, arıdıcıl olaraq 4 qətnamə qəbul edildi, lakin keçən 27 ildə heç nə dəyişmədi. Konkret olaraq, Ermənistan beynəlxaq birliyə, dünya sülhünə, beynəlxalq hüquqa tüpürdü, BMT-ni, ATƏT-i heçə saydığını bütün dünyaya nümayiş etdirdi.

Beləcə, dünyada BMT-nin nüfuzu sıfıra düşdü. Dövlətlər artıq öz problemlərini özlərinin həll etməsi üçün çalışmağa başladılar. Təcavüzkar dövlətlər isə öz hərəkətlərini daha rahat davam etdirmək üçün presedent əldə etdilər. Hər iki qütbə aid olan ölkələr silahlanmanı artırmağa girişdilər. Dünyada sülhün, dostluğun təminatı üçün bəşər tarixinin ən böyük nailiyyəti olan Birləşmiş Millətlər Təşkilatı faktiki olaraq kağız üzərində bir formal təşkilata çevrildi. Bu isə planetimiz və bəşəriyyət üçün çox böyük təhlükə olmaqla bərabər, ağır zəhmət bahasına əldə edilmiş beynəlxalq sülhün məhv olmasına, dünyanın yenidən oda bürünəcəyinə gətirib çıxaracaq bir prosesə start verdi.

Yaxın Şərqdə və Afrikada hərbi təcavüzlərdən tutmuş, vətəndaş müharibələrinə, terror aktlarınadək hər cür qanlı qarşıdurmalar vüsət aldı. Əksər halda isə bunları beynəlxaq birliyin aparıcı dövlətləri, əsasən də Qərb dövlətləri özü təşkil edirdi. Beynəlxalq hüquq artıq işləmirdi...

Kimsə qolunu çırmalayıb bu prosesi dayandırmalı, bu beynəlxalq birliyin nüfuzunu qaytarmalı, BMT-nin tələb etdiyi qətnamələrin həyata keçirilməsini təmin etməli idi. Bu işi də 30 ildir torpaqları işğal edilən, buna baxmayaraq qan tökülməsinə razı olmayıb, problemin sülh yolu ilə həlli üçün beynəlxalq birliyə güvənən və sülh üçün bütün mümkün imkanlardan sonadək istifadə edən bir ölkə üzərinə götürdü.

Bu Azərbaycan idi.

Azərbaycan dünya birliyini necə qorudu?

Azərbaycan sülh üçün ən son imkanlardan belə istifadə edəndən sonra, BMT-nin, ATƏT-in yerinə yetirməli olduğu bir işi öz üzərinə götürdü. İşğal, soyqırım və terror prosesini dayandırmağı, beynəlxalq konvensiyaların, digər sənədlərin dünyada qüvvədə olduğunu, dünya ölkələri üçün çox pis bir presedentin qarşısını almağı fövlqəldövlətlər üzərinə götürməli olduğu haqda, bunu dünyadakı kiçik bir dövlətin- Azərbaycanın həyata keçirməsi, beynəlxalq hüquqa tüpürən, BMT-nin de-fakto sıradan çıxmasına çalışan qüvvələrə tərs şillə oldu.

Azərbaycan diplomatlarının, siyasətçilərinin beynəlxalq hüququ qorumaq cəhdləri heç bir nəticə vrməyəndə, bu işi öz üzərinə Azərbaycan Silahlı Qüvvələri götürdü. Və qısa müddətdə göstərdi ki, istənilən problemin 2 həll yolları var- sülh və güc- bunlardan biri baş tutmayanda digərinin tətbiq edilməsi ilə problemi həll etmək olar.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında öz ərazilərindən işğalçı Ermənistanın hərbi qruplaşmalarını sürətlə qovub çıxarmağa başladı. Terror dövləti Ermənistan cəbhədə ağır məğlubiyyətə uğradığından tarixi xislətinə əl atdı- cəbhədən uzaqdakı iri şəhərləri qadağan olunmuş raketlərlə atəşə tutaraq onlarla dinc sakini, körpəni qorxunc terrror aktı ilə qətlə yetirdi. Beynəlxalq birlik isə hələ də susurdu. Lakin Azərbaycan Ordusunun buna cavabı o qədər ağır oldu ki, Ermənistan ordusu məhv olmaq dərəcəsinə gəlib çatdı. Azərbaycan Ordusu erməni ordusu kimi mülki şəxsləri raket atəşinə tutmadı, yalnız Qarabağdakı hərbi obyektlərə və terrorçu dəstələrə zərbə endirdi.

Ordumuzun əməliyyatları o qədər mükəmməl, o qədər peşəkar səviyyədə həyata keçirilir ki, nəinki dünyanın nüfuzlu hərbi mütəxəssisləri, hətta erməni mütəxəsissləri belə heyrətini gizlədə bilmir və açıq deyirlər ki, bu ordu ən qısa müddətdə işğal olunmuş bütün əraziləri azad edəcək. Elə bu gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın "Azərbaycan Ordusu bizdən 12 dəfə güclüdür, bunun nə demək olduğunu başa düşürsünüz?" sözləri ordumuzun necə bir qüdrətə malik olduğunun düşmən tərəfindən rəsmi etirafıdır.

Beləliklə, Azərbaycan bu gün təkcə öz problemini həll etmir, həm də dünya birliyinə bir dərs verir, kimin həyata keçirməsindən asılı olmayaraq BMT qərarlarının mütləq yerinə yetirilməli olduğunu bəyan edir. Həm də təcavüzkar sülhlə yola gəlməyəndə problemin necə həll edildiyinin əyani nümunəsini ortaya qoyur.

İndi isə gəlin baxaq görək dünya birliyi dediyimiz BMT-nin ən yüksək orqanı olan Təhlükəsizlik Şurasının 27 il qabaq verdiyi 4 qətnamədə nə deyilir. İlk qətnamə Ermənistanın iddia etdiyi, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyatlı olmayan, ermənilərin yaşamadığı Kəlbəcər rayonunun işğalına qarşı qəbul edilib və təcavüzkarın dərhal bütün işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb edir.

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi

30 aprel 1993-cü il tarixdə BMT TŞ Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlıq izhar edərək, silahlı hərbi əməliyyatların güclənməsi, qismən də Azərbaycanın Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzünü narahatlıqla qeyd edərək, eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və təhlükəsizliyi qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM (indiki ATƏT)-red.) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək qərara alır:

1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir;

2. Bu işdə maraqlı olan tərəfləri münaqişənin ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışığı bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir;

3. Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağın və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;

4. Baş katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in Minsk qrupunun sədri ilə məsləhətləşmə keçirib bölgədəki, o cümlədən Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət versin və Şuraya yeni məruzə təqdim etsin;

5. Bu məsələ ilə fəal məşğul olunmasını davam etdirsin.

Göründüyü kimi, BMT TŞ-nin qətnaməsi dəqiq və aydındır. Lakin bu qtənamədən çox keçməmiş Ermənistan Azərbaycanın DQMV-yə aid olmayan, ermənilərin yaşamadığı daha bir rayonunu- Ağdamı işğal edir…

Bu artıq BMT-yə “rədd ol” deyərək beynəlxalq hüququ ayaqlamaq, dünya birliyinin üzünə tüpürmək idi. Həm də bütün ictimaiyyəti dünya qarşısında. Bundan sonra dünya birliyi nəsə etməli idi. Nə etdi?

/davamı olacaq/

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə