On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək istədiklərini bildirir Səfərbərlik Xidməti
Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox insan - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər. SİA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini general mayor Zaur Abdullayev bu gün keçirilən brifinqdə deyib.
Z.Abdullayev bildirib ki, bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir. Qarşıdakı üç ayda onlar təlimlərə cəlb olunacaq, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır, yəni, plana uyğun olaraq aparılır.
“Bir məsələni də diqqətə çatdırmaq istərdik ki, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər. Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər.
Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olaraq, yüksək vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlarımıza bir daha təşəkkürümüzü bildiririk”, - deyə Dövlət Xidməti rəisinin birinci müavini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB