Sevastopolda azərbaycanlı döyüşçülərin bərpa edilən abidəsinin açılışı olub

Sevastopolda azərbaycanlı döyüşçülərin bərpa edilən abidəsinin açılışı olub
Sevastopoldakı Sapun-qorada 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksdə bərpa işləri başa çatmış və kompleksin təntənəli açılış mərasimi keçirilib. SİA-nın AzərTAc saytına istinadən verdiyi xəbərə görə, Krım Azərbaycanlılar İcmasının (KAİ) sədri Rəhim Hümbətov açılış mərasimində çıxış edib. O, Krımın faşistlərdən azad edilməsində azərbaycanlıların, xüsusən 77-ci Azərbaycan diviziyasının fəal iştirak etməsindən söhbət açaraq bildirib ki, azərbaycanlılar faşistlərə qarşı partizan dəstələri sıralarında da döyüşüblər.

Sonra Balaklava rayon dövlət administrasiyasının başçısı Nikolay Xarutaya söz verilib. Abidənin bərpasına xeyli qüvvə sərf etmiş N.Xaruta bildirib ki, bu abidənin qaydaya salınmasını özü üçün şərəf işi hesab edirdi, çünki ölkənin o çətin günlərində müxtəlif millətlərdən olan insanlar, o cümlədən azərbaycanlılar əlinə silah götürüb planeti faşizm taunundan xilas ediblər. Ukrayna Azərbaycanlılar Konqresinin Sevastopol təşkilatının sədri Adil Cabbarov memorial kompleksdə bərpa işləri zamanı göstərilmiş operativliyə görə Balaklava rayon dövlət administrasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, Balaklava rayonunun rəhbərliyinə təşəkkür məktubu təqdim edib.

Mitinqdə Balaklava rayon dövlət administrasiyası başçısının müavini Sergey Rezniçenko, UAK Sevastopol təşkilatının idarə heyətinin üzvü Hidayət Musayev, Krım Azərbaycanlılar İcmasının idarə heyətinin üzvü, Simferopol Jeleznodarojnı rayon şurasının deputatı Meydan Şamilov, Krım Azərbaycanlıları İcması yanında Krım Azərbaycanlı Gənclər İttifaqının üzvü Nizami Hümbətov, Azərbaycandan gəlmiş qonaqlar və başqaları çıxış ediblər.

Tədbirin təşkil edilməsində Krım Azərbaycanlıları İcması yanında Krım Azərbaycanlı Gənclər İttifaqının üzvləri fəal iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə