ABŞ və İsrail erməni aviaşirkətlərinə qadağa tətbiq etdi! ANALİTİK

ABŞ və İsrail erməni aviaşirkətlərinə qadağa tətbiq etdi! ANALİTİK

Suren Sarqsyan: “Bu, erməni aviasiyasının ölümü deməkdir”

ABŞ-ın Ermənistandakı səfirliyi erməni aviaxətlərindən rəsmi səfərlər etmək üçün istifadəni qadağan edib. SİA lragir.am-a istinadən xəbər verir ki, bu barədə səfirliyin saytında qeyd olunub.

“2020-ci ilin iyununda Avropa İttifaqı (Aİ) bütün erməni aviadaşıyıcılarını aviasiya təhlükəsizliyi (EU Air Safety List) siyahısına əlavə edib. Buna səbəb Ermənistanda sertifikatlaşdırılmış aviadaşıyıcıların təhlükəli olmasıdır. Bu qərar minimum 2022-ci ilə qədər qüvvədə qalacaq və faktiki olaraq bütün erməni aviadaşıyıcılarının Aİ ölkələrinə uçuşlarını qadağan edir. Bu qiymətləndirməni nəzərə alaraq, ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlarına erməni aviadaşıyıcılarından rəsmi səfərlər üçün istifadəni qadağan edir”, məlumatda bildirilir.

Qeyd olunur ki, bundan əlavə, qadağa növbəti təşkilatlara aiddir: Aircompany Armenia, Armenia Airways, Armenian Helicopters, Atlantis Armenian Airlines, Atlantis European Airways, Mars Avia и Skyball.

Ermənistanda qeydiyyatdan keçmiş aviaşirkətlərə məxsus təyyarələrlə İsrailə də uçuş etmək qadağan edilib

Artıq bu qərar ermənilərdə ciddi təlaş yaradıb və buna bir sıra səbəblər göstərilib. Beynəlxalq şərhçi Suren Sarqsyan 1in.am saytına açıqlamasında bildirib ki, bu qadağa yalnız ABŞ səfirliyinin əməkdaşlarına deyil, eyni zamanda, Ermənistanda fəaliyyət göstərən digər amerikalı vətəndaşlara da aiddir.

“Birləşmiş Ştatlar ilk dövlət deyil ki, bu kimi qadağanı tətbiq edir və vətəndaşlarına müraciət ünvanlayır”, deyən Sarqsyan İsrailin də Aİ-nin qərarına riayət etdiyini bildirib və xatırladıb ki, Ermənistanda qeydiyyatdan keçmiş aviaşirkətlərə məxsus təyyarələrlə İsrailə uçuş etmək qadağandır.

Erməni şərhçi: “Çox çətin, hətta kəskin şəkildə çətin olacaq”

Erməni şərhçi gələcəkdə digər ölkələrin də Aİ tərəfindən verilən qərar vasitəsi ilə sözügedən qadağanı tətbiq edəcəklərini istisna etməyib: “Bu, Aviasiya sahəsinə və turizmə vurulan ciddi zərbədir. Bənzər bəyanatlar erməni aviasiyasının ölümünün başlanğıcı anlamını verir”.

Suren Sarqsyan əlavə edib ki, ABŞ məmurları və vətəndaşları bu bəyanatları oxuyurlar və təbii ki, bu bəyanatlar Ermənistan respublikasının aviasiyasının nüfuzuna ciddi zərbə endirir.

2022-ci ildən sonra Ermənistanın qara siyahıdan çıxışından sonra yenidən öz nüfuzunu bərpa etmək mümkünlüyü məsələsinə gəlincə, Sarqsyan deyib ki, məhdudiyyətlərdən sonra bir daha monitorinq keçirmək lazımdır və məhz bundan sonra müsbət qiymət verilərsə, Ermənistan sözügedən sahədə öz nüfuzunu bərpa edə bilər.

“Lakin bu, istənilən aviaşirkət üçün çox çətin, hətta kəskin şəkildə çətin olacaq”, deyə beynəlxalq şərhçi etiraf edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə