Azərbaycan diasporu ermənilərə sarsıdıcı zərbə vurub ANALİTİK

Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını sübut edir

İyulun ortalarında Ermənistanın növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Belə ki, tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı, haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü və şahidinə çevrildi.

Baş vermiş hadisələr, azərbaycanlıların fəallığı, erməni lobbisinin mürtəce, vəhşi simasını ifşa etdi

SİA xəbər verir ki, İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addımı atmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub. Onu xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib. Belə ki, erməni baş nazir, həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bu günlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib. Adıçəkilən erməni nəşrinin yazdığına görə, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Söz yox ki, Paşinyan bu məğlubiyyətdən sonra köhnələri rədd eləyib, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək. Çünki Paşinyanın fikrincə, onlar Tovuz döyüşləri zamanı xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib, Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporlarının qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. Bu isə ermənilərin yalnız cəbhə xəttində deyil, eyni zamanda, diaspora və diplomatiyada da uduzduqlarını kifayət qədər isbatlayan reallıqdır.

Paşinyan dilxor və panik vəziyyətdədir

Artıq Ermənistan ictimaiyyəti də Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət uğurlarından ciddi şok təsirindədir və necə deyərlər, ermənilər bu dəfə ağır qurşaqaltı zərbə alıblar. Belə olmasa idi, hər halda Paşinyanın özü də dilxor və panik vəziyyətdə olmazdı. Çünki onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar. Bu isə nə Ermənistandakı erməniləri, nə də ki, Paşinyanın özünü əsla qane edə bilməzdi.

Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor Komitəsinin şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi.

Məhz bu uğursuzluq Paşinyanı əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi. Amma bu təmizləmələrin də heç bir nəticəsi olmayacaq. Çünki Ermənistan əlində olan yeganə təsir vasitəsi olan diasporunu da itirib. Daha dəqiq desək, erməni diasporu Azərbaycanın hiddəti qarşısında sadəcə, yox olma təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...