Ermənistan KTMT-dən kömək istədiyini danır

Ermənistan KTMT-dən kömək istədiyini danır

Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə əlaqədar rəsmi Yerevan guya ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, cümə günü Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan Minskdə keçirilən Hökumətlərarası Şuranın iclası çərçivəsində Ermənistanın sərhəddəki vəziyyətlə əlaqədar KTMT-dən kömək istədiyini danıb.

"KTMT nizamnaməsində, təşkilatın üzvü olan bir dövlətə hücum edildikdə, bu ölkənin kömək istəməyə haqqı olduğu müddəası var. Biz sadəcə vəziyyət haqqında tərəfdaşlarımıza məlumat verdik", deyə Şavarş Koçaryan ölkəsinin komək istədiyini danıb.

Xatırladaq ki, Ermənistan KTMT üzvüdür və bu təşkilata üz olmaqda da məqsədi elə təşkilatın nizamnaməsində qeyd olunduğu kimi, təşkilatın üzvü olan bir dövlətə hücum edildikdə, bu ölkənin kömək istəmək hüququnu təsdiqləyən müddəanın olmasıdır. Bir sözlə, Ermənistan KTMT-yə elə kömək gözləmək, kömək istəmək məqsədi ilə üzv olub və bu həmin ölkənin növbəti hiyləgərliyinin təsdiqidir. Bu işğalçı ölkənin son təxribatlarından sonra, Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryanın da etiraf etdiyi kimi, dərhal KTMT-yə məlumat verməsi də elə bu kömək istəmənin, kömək gözləmənin isbatıdır və bu da təsdiq edir ki, bu ölkə ənənəsinə uyğun olaraq öz əməllərini növbəti dəfə də danır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə