“Dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir”

“Dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir”
Azərbaycan Dillər Universitetində (ADU) "Təhsildə və məişətdə gender problemi" mövzusunda seminar keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, İngilis dilinin leksikologiyası kafedrasının təşkilatçılığı ilə baş tutan seminarda universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Elmi işlər prorektor, professor Dünyamin Yunusov, kafedra müdirləri, eləcə də müəllimlər iştirak edib. "Təhsildə və məişətdə gender" adlı təqdimatla çıxış edən ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Kifayət Gözəlova bildirib ki, gender qadının və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən anlayış kimi xarakterizə olunur.

Bu sahədə aparılan elmi tədqiqatlara toxunan K.Gözəlova bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar arasında oxşarlığın fərqlərdən daha çox olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir. Peşə təhsilinə gəldikdə isə, kişilərdə bu göstərici 69,7 %-dir. Bu məsələdə ailədə verilən tərbiyə də önəmli rol oynayır. Belə ki, ailə başçıları daha çox oğlanların ali təhsil almasına üstünlük verirlər.

Kafedra müdiri çıxışında Azərbaycanda gender problemlərinin həllinə yönəlmiş fəaliyyət planının mövcud olduğunu və bu sahədə ciddi islahatlar aparıldığından da danışıb. O, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası qanunun olduğunu da sözlərinə əlavə edib. "Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da xidmətlərini xüsusilə qeyd etmək olar".

İngilis dilinin leksikologiyası kafedrasının müəllimi Aynur Quliyeva isə "Həyatın ikinci üzündə qadınların rolu" adlı təqdimatla çıxış edib. A.Quliyeva məruzəsində qadınların cəmiyyətdəki rolu və ana obrazına diqqəti cəlb edib. O, Azərbaycanın mədəniyyət, incəsənət, tibb, təhsil və ictimai-siyasi sahələrdə öncül olan qadınlarından danışıb. Həmin kafedranın müəllimi Reyhan Rzayeva isə "Cəmiyyətdə qadınlar" mövzusuna toxunub. R.Rzayeva Azərbaycan qadının ağıllı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.

Seminarda toxunulan mövzulara münasibətini ifadə edən ADU Müəllim Azad Həmkarlar Təşkilatının sədri, dosent Misgər Məmmədov universitetdə zərif cinsin nümayəndələrinin üstünlük təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıb. Praktik fransız dili kafedrasının müdiri, professor Əsgər Zeynalov isə belə seminarların keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib. Kafedra müdiri gender problemlərinin həllində maarifləndirmə işinin vacib rol oynadığını qeyd edib.

Seminar məruzələr ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə