“Çevik siyasət nəticəsində xəstəliyi və onun təsirlərini aradan qaldıracağıq" MÖVQE-ÖZƏL

“Hazırda dünyanı ağuşuna almış ümumbəşəri bəla bütövlükdə ölkələr üçün böhran idaretməsi baxımından sınaq xarekteri daşıyır və görünən mənzərədə çoxsaylı ölkələr tibbi, iqtisadi, siyasi çöküşün və informasiya xaosunun fonunda bu sınaqdan uğursuz çıxdılar. Aparıcı dövlətlərdə müşahidə edilən tənəzzülə rəğmən, ölkəmiz gələcəyə hədəflənən strateji addımlar hesabına bu keşməkeşli mərhələdən ən az itki ilə çıxmağa nail oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, ilk andan etibarən Prezident İlham Əliyevin vəziyyətə çevik, kompleks və sistemli yanaşması risklərin idarəolunan səviyyədə qalmasını təmin edərək, cəmiyyətimizdə sabitlik mühitinin bərqərar olmasını şərtləndirdi: “Xronoloji ardıcıllıqla sadalasaq, ilk olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mart ayının 3-dən etibarən Respublika üzrə bütün təhsil müəssisələrində tədris prossesinin aprelin 20-dək dayandırılması, ölkə sərhədləri daxilində keçiriləcək kütləvi tədbirlərin təxirə salınması, o cümlədən, mart ayının ortasından başlayaraq mərhələli təcrid, ardınca xüsusi karantin rejimin tətbiqi və onun sərtləşdirilməsi, aprel ayının 5-dən isə ölkə üzrə hərəkətə məhdudiyyətlərin tətbiq olunması sözügedən pandemik xəstəliyin cilovlanmasında müstəsna əhəmiyyət kəsb edib”.

Millət vəkili söyləyib ki, dünyada və ölkəmizdə baş verən təlatümlü hadisələr mahiyyət etibarilə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən mal və xidmət dövriyyəsi minimallaşıb, habelə müəssisələrin insan resurslarına olan tələbatı ciddi ölçüdə azalıb: “Bu prossesin milli iqtisadiyyatımızın sabitliyinə, dinamik inkişafına və yaranabiləcək məşğulluq problemləri fonunda vətəndaşlarımızın sosial vəziyyətinə mümkün təsirlərini neytrallaşdırmaq üçün ölkə Prezidentinin təşəbbüsü ilə dövlətin iqtisadi blokunun böhranla mübarizə mexanizmləri işə düşərək, problemə qarşı hərtərəfli yanaşmanın formalaşdırılması üçün məqsədyönlü addımlar atılıb. Pandemiyanın mümkün faəsadlarının əhatə dairəsinə uyğun olaraq sahələr üzrə 4 işçi qrupunun yaradılması, böhranla fundamental mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir”.

Pandemiyanın Azərbaycanın makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi, o cümlədən, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması rəqəmlərlə ifadə etsək, iqtisadi stabilliyin təminatı, məşğulluqla bağlı problemlərin həlli, bütövlükdə makroiqtisadi sabitliyin saxlanılması üçün 2,5 milyard manatın (ÜDM-in 3%-i) ayrıldığını xatırladan F. Ağamalı vuğulayıb ki, bu vəsaitin təsnifatına, 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı, 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı, yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat), mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat), vergi güzəştləri, imtiyazları və tətilləri proqramı, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı, əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı kimi kompleks proqramlar aiddir.

Onun sözlərinə görə, bundan əlavə, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli vətəndaşlarımızın sosial mənafelərinin qorunması üçün müəyyən qaydalar çərçivəsində onlara yaşayış minimumlarını təmin etmək məqsədi ilə 190 manat məbləğində ödənişin olunması olduqca təqdirəlayiqdir: “Xalqımız hər zaman olduğu kimi, bu fövqəladə günlərdə də maddi aspektdən ona hər cürə dəstək olan dövlətinə özünün çoxəsrlik ülvi dəyərlərinə söykənib, əlindən gələn mənəvi dəstəyi əsirgəmir. Bunun ən bariz nümunəsini koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılmış fonda olan dəstəyin fonunda müşahidə etdik. Bundan əlavə, dövlətimiz ölkə sərhədlərindən kənardakı Azərbaycan vətəndaşlarının sağlamlığını nəzərə alaraq çoxsaylı çarter reyslər təşkil etməklə 15 mindən çox həmvətənimizi respublikaya qaytarıb. Bundan sonrakı mərhələdə xaricdən gələn vətəndaşlar karantin müddətində bəzi əcnəbi dövlətlərdəki kimi tələbə yataqxanalarında yaxud hərbi hissələrdə deyil, ən müasir klinikalarda, 5 və 4 ulduzlu otellərdə, Atletlər kəndində və yüksək səviyyəli istirahət məkanlarında yerləşdirilərək onların rahatlığı və müalicəsi tam təmin olunub”.

Belə bir mürəkkəb zaman kəsiyində, hətta Avropada ittifaqdaxili koordinasiya və əməkdaşlıq öhdəlikləri yerinə yetirilmədiyi halda, ölkə Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirildiyni xüsusi vurğulayan millət vəkili deyib ki, görüşdə mövcud durumun, ondan az itki ilə çıxmağın yolları və bu baxımdan qarşılıqlı əməkdaşlıq, post-koronavirus dönəmində münasibətlərin yeni perspektivlərinin müzakirəsi beynəlxalq əlaqələrin böhran şəraitində inkişafı baxımından dünya üçün parlaq bir nümunədir: “ Şübhəsiz ki, Dövlət Başçısının çevik və düşünülmüş siyasəti nəticəsində ölkəmizin hüdudları daxilində qısa zaman kəsiyində mövcud pandemik xəstəliyin özünü və onun yaratdığı təsirləri mütləq surətdə aradan qaldırmağa nail olacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə