Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiya keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiya keçirilib
Bu gün Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun III sessiyası keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumun "Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında iştirak edib.

Mehriban Əliyevanın və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət haqqında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.

Sessiyanı açan Mehriban Əliyeva qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulayıb ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edən Mehriban Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınılır: "Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir".

YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou bildirib ki, bu sessiya çox əhəmiyyətlidir: "Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlib. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir".

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati, ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits çıxışlarında bildiriblər ki, dünyada müxtəlif siyasi, sosial və mədəni məsələlərin çoxsaylı istinad nöqtələri vardır. Natiqlər dünyada dialoqu gücləndirmək məqsədilə qadınların təcrübə və istəklərinin müxtəlifliyinə ədalətlə yanaşmağı bu müxtəliflikdən bəhrələnməyi və dialoqun miqyasını artırmağı təklif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə