Ombudsman Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edib

Ombudsman Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Avropa Şurasının (AŞ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopulosu və onu ölkə rəsmilərinə təqdim etmək məqsədilə respublikamıza səfər etmiş AŞ Siyasi məsləhət və proqramların əlaqələndirilməsi bölməsinin rəhbəri Daniil Xoşabonu qəbul edib.


Ombudsman Aparatının Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman nümayəndəliyin rəhbərini yeni təyinatı münasibətilə təbrik etmiş, K.Yerokostopulosa gələcək fəaliyyətində uğurlar arzulayıb.


D.Xoşabo nümayəndəliyin rəhbərini Müvəkkilə təqdim etmiş, onun bioqrafiyası və diplomatik fəaliyyəti haqqında ətraflı məlumat verib.


Ombudsman qeyd edib ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürmüş və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir.


K.Yerokostopulos Azərbaycan Ombudsmanı ilə görüşün mühüm əhəmiyyət kəsb etdiyini, bu təsisatın AŞ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb.


E.Süleymanova fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulduğunu, bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini söyləyib. Gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirməyin vacibliyi qeyd olunub.


Müvəkkil Avropa Şurasının və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində Ombudsman təsisatının fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.


Nümayəndəliyin rəhbəri Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük təcrübəyə malik olduğunu, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib.


Ombudsman qonaqlara illik məruzələri, təsisatda hazırlanmış çoxsaylı hüquqi nəşrlər, Aparatdakı insan hüquqları kitabxanası barədə məlumat verib.
Qonaqlar səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə